2-ci debat: Obama revanş alır

Barack Obama və Mitt Romney arasında ikinci debat

ABŞ prezidentliyinə namizədlər - hazırkı prezident Barack Obama ilə Respublikaçıların namizədi Mitt Romney arasında maraqla gözlənilən ikinci debat keçirilib.

ABŞ prezidenti debatlarını canlı yayımlayan və həmçinin ölkə üzrə 1 nömrəli rəy sorğusunu keçirən CNN telekanalının nəticələrinə görə bu dəfə hesab Barack Obamanın xeyrinə 49%:39% oldu.

Bəri başdan demək lazımdır ki, Nyu Yorkun Hemstead nahiyəsində, Hostra Universitetində keçirilən ikinci debat birincidən bütün cəhətləri ilə fərqlənirdi.

FƏRQLİ BİR DEBAT

Əvvəla, bu debatın aparıcısı və yaxud CNN-nin təbirincə desək, moderatoru Candy Crowley son iyirmi ildə prezident debatlarını aparan ilk qadın idi. Hərçənd o, CNN-nin tanınmış müxbiri kimi Clinton-un, hər iki Bush-un və Obamanın seçki kampaniyalarını işıqlandırıb.

Mühüm fərq bundan ibarət idi ki, Candy Crowley bu debatda doğrudan da moderatorluq etməli oldu.

Bu həm də fərqli səhnə quruluşu ilə bağlı idi. Əgər birinci debatda namizədlərin hər birinin öz xitabət kürsüsü vardısa və onlar bu kürsünü tərk etmirdilərsə, ikinci debatda səhnə əsil qladiator arenası kimi düzəldilmişdi. Namizədlər ilk anlardan bir-birinə məsafəcə maksimum yaxınlaşır, bir-birinin sözünü kəsir, ittiham edirdilər.

Belə anlarda, iki ucaboy və çılğın namizədi, onlardan yarım metr dərinlikdə oturmuş aparıcı, sözün əsil mənasında və elə sözlə “ayırmalı” olurdu.
Halbuki sualları aparıcı yox, CNN tərəfindən seçilmiş “tərəddüd edən” seçicilər verirdilər.

FƏRQLİ BİR OBAMA

Prezident Barack Obama böyük hesabla uduzduğu ilk debatda nəyi etməmişdisə, bu dəfə etdi. Həmləyə keçdi, Mitt Romney-nin zəif nöqtələrinə zərbələr endirdi.
Hətta keçən dəfə, nədənsə unutmuş kimi göründüyü məqamaları da yada saldı.
Prezident Obama Mitt Romney-nin ötən may ayında keçirilən fondtoplama mərasimində gizli kamera ilə çəkilmiş ziddiyyətli bəyanatını xatırlatdı.

Həmin bəyanatda Romney Amerika əhalisinin 47 faizinin hökumətin müavinətlərindən asılı olduğunu bildirmişdi. Obama bu sözləri debat səhnəsində “başa qaxdı”. “Görün bir bu kimlər haqqında belə danışır, - dedi president, - bütün ömürləri boyu işləmiş adamlar, özlərini bu ölkəyə fəda etmiş veteranlar, hər gün fədakarcasına çalışan tələbələr və əsgərlər haqqında”…

Obama Romney-nin ilk debatda inamla səsləndirdiyi “beş bəndlik iqtisadi planını” da yerlə yeksan etdi. O dedi ki, bu ,əslində bir bənddən ibarət plandır: “Təki yuxarıdakılar başqa qaydalarla oynasınlar”.

Mitt Romney, “Obamanı seçsəniz dörd ildə baş verənlərin təkrarını görəcəksiniz” və ya “Obama böyük natiqdir, lakin onun iqtisadi siyasəti yerimir” kimi bəyanatlarla əks-həmləyə keçməyə cəhd göstərirdi.

ROMNEY ROMNEY-Ə QARŞI

Müşahidəçilərin fikrincə, ikinci debatda Barack Obama Mitt Romney-nin özü-özü ilə qarşıdurmasına nail ola bilib.

Energetikadan danışarkən Romney-ni “neft və qazın dostu” kimi qələmə verən Obama, özünün daha çox alternativ enerji növlərinə tərəfdar olduğunu elan etdi.

O bildirdi ki, məqsədi Amerikaya neft idxalını mümkün qədər azaltmaqdır.
Romney-nin kömür istehsalını dirçəltmək barədə təşəbbüsündən danışarkən Barack Obama yada saldı ki, “özünü kömür dostu adlandıran bu adam Massaçussetsdə kömür emalı zavodunu bağlatdırıb”.

“LİVİYA” QARŞIDURMASI

Debatın Liviya hadisələrinə aid hissəsi son dərəcə gərgin keçdi.
Benqazidə ABŞ səfiri də daxil olmaqla 4 amerikalının qətlə yetrilməsi məsələsinə toxunan Romney iddia etdi ki, Barack Obama bu hadisəfən yalnız iki həftə sonra onu “terror aktı” adlandırıb.

Bu, Mitt Romney-nin nokdauna düşdüyü anlardan biri idi.
Onun iddiasına cavab vermək üçün artıq yerindən sıçramağa hazırlaşan Obamadan da əvvəl moderator aydınlıq gətirdi və bildirdi ki, prezident bu hadisəni ertəsi gün terror aktı adlandırıb.

QADIN MƏSƏLƏSİ VƏ YA DAHA BİR NOKDAUN

Qadınlara eyni iş üçün kişilərdən daha az maaş verilməsi barədə sualın cavabında Mitt Romney yaxşı başladı, lakin çox pis qurtardı.

O dedi ki, Massaçussets ştatına qubernator gələndə burada əsas vəzifələri kişilər tuturdular, lakin o, bu işə daha çox qadınların cəlb olunmasını təşkil edib.

Bundan sonra Romney bildirdi ki, şirkətlər qadınların işdən sonra evə qaçıb ailələri üçün xörək bişirməli olduqlarını nəzərə almağa çalışmalıdır və onun bu bəyanatı qadınların ikinci dərəcəli və ya yardımçı rola malik olduqları anlamına gəldi.

Barack Obama isə, əksinə, “sarı simə” vurdu və dedi ki, onun özünü tənha ana böyüdüb və qadın fədakarlığının nə demək olduğunu yaxşı başa düşür.

“ELMİ” RƏY SORĞUSUNDA ROMNEY QALİB OLUB

CNN ikinci debatın ümumi rəy sorğusundan başqa bir də ekspertlərdən ibarət qrupun rəy sorğusunu keçirib.

Maraqlıdır ki, “iqtisadiyyatı kim daha yaxşı idarə edə bilərdi” və ya “kimin vergi siyasəti daha cazibədardır” kimi suallarda Mitt Romney üstünlük qazanıb.

CNN-nin az əvvəl keçirdiyi “rəylər rəyi” sorğusu çoxsaylı təşkilatların keçirdikləri rəy sorğularının əsasında formalaşır.

Burada Obama və Romney arasında hesab 48 % - 47%-dir.
Lakin burası da var ki, adi seçicilərin əksəriyyəti “rəqəmlərə” yox, rəğbət və emosiyaya üstünlük verirlər.

Bu mənada ikinci debatın qalibi heç şübhəsiz hazırdkı prezidentdir.

Namizədlər arasında 3-cü və sonuncu debat oktyabrın 22-də Floridada baş tutacaq. Sonra isə söz seçicilərindir. Bütün debatların ən əsas nəticəsi noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləridir.