Videoya görə müxalifət liderinə qarşı cinayət işi

Sergey Udaltsov

Rusiyanın Sol Cəbhə adlı müxalifət hərəkatının lideri Sergey Udaltsova və bir sıra müxalifət fəallarına qarşı cinayət işi açılıb.

İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, cinayət işi “ Etirazın anatomiyası-2” filminə əsaslanır.

NTV televiziyasında yayımlanan həmin filmdə Udaltsovun Gürcüstan rəsmiləri ilə danışıqları göstərilirdi və Moskvada etirazların təşkili müzakirə olunurdu.
Udaltsovun və onun valideynlərinin evlərində axtarış keçirilib.

Filmə görə, Udaltsov Minskdə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Targamedze ilə mənzildə danışıqlar aparıb.

İstintaq Komitəsi bildirir ki, həmin görüşdə Gürcüstanın Moldovadakı konsulu da iştirak edirdi və onlar Rusiyada prezident Putinə qarşı etirazlara pul ayırmağı müzakirə edirdi.

Udaltsov ittihamları rədd edir və filmin əldəqayırma olduğunu bildirir.

Markin isə deyir: “ Video araşdırılarkən burda filmə müdaxilə olmasının əlamətləri tapılmadı. İstintaq müəyyən etdi ki, filmdəki Udaltsovdur və səs onun səsidir.”

Udaltsovun vəkili Volkova ona qarşı ittihamları rədd edir. O deyir ki, Udaltsov zorakı etirazalrın əleyhinədir.