Qəbələ aeroportu beynəlxalq aviareyslərə start verir

Rusiyanın «Uralskiye Avialinii» şirkəti Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Qəbələ beynəlxalq aeroportundan «APA-ECONOMICS»ə verilən məlumata görə, Moskvadan-Qəbələyə uçuşlar noyabrın 15-dən etibarən başlayacaq: «Moskvadan Qəbələyə uçuş yerli vaxtla saat 10:45-də yerinə yetiriləcək ki, Qəbələdə təyyarə saat 13:10-da enəcək. Əks istiqamətdə isə uçuş saat 15:10 həyata keçiriləcək və Qəbələdən havaya qalxan təyyarə saat 18:10-da Moskvanın Domodedovo aeroportuna enəcək. Uçuşlar hər həftənin IV günü «Airbus-320» təyyarəsi ilə yerinə yetiriləcək».

Bir istiqamətdə aviabiletin qiyməti 140 manat, hər iki istiqamətdə isə 264 manat təşkil edir.

Sözügedən aviareys Qəbələ aeroportundan yerinə yetiriləcək ilk beynəlxalq aviareysdir.