Mobil reklam mesajlarından necə qurtulmalı

SMS-reklam

-
Vətəndaşlar mobil operatorların onların hüquqlarını pozduğundan şikayətlənirlər. Deyirlər gün ərzində telefonlarına o qədər reklam SMS-i gəlir ki, vacib mesajları belə vaxtında görüb oxuya bilmirlər.

ŞİRKƏT «AZERCELL» NÖMRƏLƏRİNİ NECƏ ƏLDƏ EDİR?

«Azercell» abunəçisi Elxan Rzayev deyir ki, gün ərzində ona «Azercell»in xətti ilə, amma müxtəlif dördrəqəmli nömrələrdən lotereya oyunları və sairəni reklam edən mesajlar gəlir. Halbuki, bunun üçün onun razılığı olmalı idi. Hələ bu azmış kimi, hətta yaxınlarının telefon nömrəsindən gələn mesajları açarkən də belə reklamlarla üzləşir:

«Mənə tanış olan, hörmət elədiyim adamdan mesaj gəlir. Açıram ki, həmin adamın adının altında «Toyota uda bilərsiniz», yaxud «Mercedes» filan oldu və s. reklamlar yazılıb. Sanki zorla bu məlumatları bizə yedirdirlər. Ən qorxulusu da odur ki, bunu «Azercell» yox, başqa şirkətlər edir. Belə çıxır ki, «Azercell» mənə gələn məlumatı başqa yerlərə verir. Yəni, qohumum mənə zəng edir. Metroda bu zəngi qəbul edə bilmirəm. Həmin maşınları reklam edən şirkət də bundan xəbər tutur və o nömrənin adından reklam mesajı göndərir. O şirkət mənə zəng edilməsi barədə məlumatı «Azercell»dən başqa haradan ala bilər? Bu artıq məxfi məlumatın ötürülməsidir».

«NÖMRƏNİZİN «NAR» VARİANTI VAR»

Digər «Azercell» abunəçisi Bəşir Süleymanlı isə «Nar mobile» operatorundan narazılıq edir. Deyir bəzən hətta gecələr də «Nar» operatorundan ona zəng edib «Azercell» nömrəsinin «Nar» variantını təklif edirlər. O, hesab edir ki, bu, çox ciddi hüquq pozuntusudur:

«Dəfələrlə zəng edib deyiblər ki, «nömrənizin «Nar» variantı var. Bu nömrəni satırıq. Ona görə də ilk olaraq sizə təklif edirik». Demişəm «istəmirəm, satın». Amma sonra yenə də belə zənglər olub».

Bəşir Süleymanlı deyir ki, belə halları reklam –marketinq baxımından təbii qarşılamaq olar. Amma bu, davamlı baş verdikdə insanların əsəblərini korlayır, narahatlıq yaradır.

Photo: Arxiv


XİDMƏTDƏN İMTİNA QAYDASI

«Azercell» təmsilçisi Ənvər Məmmədov bildirir ki, belə SMS-lərin qarşısını almaq çox sadədir. Abunəçi bundan imtina haqda «Azercell» müştəri xidmətlərinə müraciət edir. Onlar da həmin istiqamətdə reklam SMS-lərinin axınını dayandırırlar:

«Bizə belə müraciətlər çox olur. Biz hamısına da xidmətdən imtina qaydasını izah edirik. Ondan sonra bu cür SMS-lər gəlmir. Bunun həlli yolu budur. Bundan başqa, abunəçi bizə müraciət edib reklam xarakterli SMS-lərin telefonda yayımını «Simurq» xidməti vasitəsilə birdəfəlik bağlatdıra bilər. Bunun üçün abunəçidən sadəcə bizə zəng edib şifahi olaraq bunu istəməsi lazımdır».

Ənvər Məmmədov tanış nömrələrdən gələn reklamların səbəbini əsaslandıra bilməsə də, fərdi müraciətlər əsasında bunun da qarşısını almağın mümkün olduğunu deyir. Ünvanların kiməsə 3-cü tərəfə verilməsinə gəlincə, Ənvər Məmmədov bildirir ki, bu, mümkün deyil. Onlar bu məlumatları heç kimə vermirlər. Hətta abunəçi zəng edib özü haqqında bu məlumatları istəsə, ona da verilmir.

«Nar mobile»ın özünü Nahid kimi təqdim edən əməkdaşı isə bildirir ki, nəinki gecə vaxtı, şirkət ümumiyyətlə heç kimə zəng vurub telefon nömrəsi təklif etmir. Bunu edən adi satış mərkəzləridir.

Photo: Arxiv

Onlar «Nar»ın müştəri xidmətləri deyil. Nömrələri baha satmaq, artıq pul qazanmaq üçün bu cür addımlar atırlar. Nahid tövsiyə edir ki, belə hallarla rastlaşan vətəndaşlar bunu edən satış mərkəzi haqda tədbir görülməsi üçün şirkətə müraciət etsinlər.

KONFİDENSİAL MƏLUMATLARIN QORUNMASI

İqtisadçı-ekspert Vüqar Əliyev isə deyir ki, Azərbaycanda mobil rabitə bazarı üç operator arasında bölünüb. Rəqabət onların arasında gedir və danışıq tariflərini indikindən aşağı sala bilmirlər. Ona görə də, daha artıq pul qazanmaq üçün bu cür yollara əl atırlar. Xüsusilə avtomobil şirkətləri ya bu operatorların özü, ya da onlardan törəmə şirkətlərlə müqavilə bağlayıb belə reklam olunurlar.

Ekspert də hesab edir ki, bu, vətəndaşın hüquq pozuntusudur. Onun fikrincə, bu, elə bir problemdir ki, ondan ötrü Cinayət Məcəlləsinə ayrıca maddənin salınması da məqsədəuyğun olar.

Vüqar Əliyev deyir ki, doğrudan da mobil operatorlar tərəfindən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi halları müşahidə olunur. Səbəb odur ki, Azərbaycanda konfidensial məlumatların qorunması haqqında qanunvericilik demək olar ki, işləmir. Onun fikrincə, mobil operatorlar vəziyyətdən sui-istifadə edirlər.