Obama ilə Romney seçicilərlə görüşləri davam etdirirlər

Bu gün ABŞ-da prezident seçkiləri kampaniyasının sonuncu mərhələsidir. Əsas rəqiblər - ABŞ-ın indiki prezidenti Barack Obama ilə respublikaçıların namizədi Mitt Romney Ohoyo, Kolorado, Ayova, Florida, Nyu-Hampshir və Viskonsiyada seçicilərlə görüş keçirirlər. Sorğulara görə, məhz bu ştatlarda namizədlər qələbə üçün lazımı səsləri yığa bilmirlər.

Virciniyada seçicilərlə görüşən respublikaçı namizəd Mitt Romney Obamanın iqtisadi siyasətini tənqid edib. Deyib ki: “Daha 4 il 23 milyon insanın işsiz olmasını istəyirsiniz? Daha 4 il vergilərin artmasını istəyirsiniz? Daha 4 il trilyon dollarlıq büdcə kəsiri istəyirsiniz?”

Barack Obama isə Koloradoda rəqibi haqqında bunları deyib: “Orta təbəqəyə necə kömək göstəriləcəyini biz bilirik, büdcə kəsirlərinin necə azaldılacağını da biz bilirik. Sizə onu deyirəm ki, Romneyin dedikləri bunlara cavab deyil”.

ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.