Isveçdə Nobel mükafatı ilə bağlı qalmaqal

2012-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Mo Yan

-

Ədəbiyyat üzrə Nobel Mükafatının çinli yazar Mo Yana verilməsi İsveçdə qalmaqala səbəb olub.

Qalmaqal mükafatın qalibini müəyyən edən İsveç Akademiyası ilə bağlıdır, daha dəqiqi Akademiyanın 18 üzvündən biri olan dilçi, çinşünas və tərcüməçi Göran Malmqvist-lə.

Mo Yanın əsərlərini İsveç dilinə çevirən və bu yolla akademiyanın başqa üzvlərini də onun yaradıcılığı ilə tanış edən, çinli yazarın uğurlarının etiraf edilməsi üçün lobbiçilik edən Malmqvist indi – yəni mükafat Mo Yana veriləndən bir neçə həftə sonra həmin tərcümələri çap üçün yerli “Tranan” nəşriyyatına təqdim edib.

Çinli yazara mükafatı alandan sonra dünyada, o cümlədən İsveçdə böyük maraq yarandığından bu nəşrlərdən Malmqvist-in pis qazanmayacağı bəllidir.

Məsələ bir sıra İsveç media orqanlarında sual doğurub: bu, mənafelərin toqquşması halı deyilmi?

İsveç Televiziyasındakı araşdırmada deyilir ki, Malmqvist-in bu hərəkəti mənafelərin toqquşması ilə bağlı Akademiyanın nizamnaməsindəki qaydaların pozulması kimi yozula bilər.

Həmin qaydalarsa çox sərtdir: əgər Akademiyanın hansısa üzvü ilə bağlı zərrə qədər də olsa şübhə varsa, o, konkret namizədlə bağlı müzakirələrdə iştirak edə bilməz, həmin vaxt Akademiyanın binasını tərk etməlidir.

Nils Goran David Malmqvist

Amma bu qaydalara rəğmən, Malmqvist-in Mo Yanla bağlı müzakirələrdə və qalibin seçilməsində fəal iştirak etdiyi təsdiqlənib.

Bunu İsveç Akademiyasına açıqlamasında Akademiyanın daimi katibi Peter Englund təsdiqləyib.

Qalmaqal böyüyəndən sonra Englund və Malmqvist ittihamları rədd ediblər. Akademiya Malmqvist-in mükafatın Mo Yana verilməsindən qanunsuz bəhrələnməsi haqda ittihamları rədd edib.

Englund Isveç Televiziyasına deyib ki, mükafatla bağlı qərar verilərkən Malmqvist-in nəşriyyatla heç bir razılaşması yox idi.

Bu, mükafatın Mo Yana verilməsindən sonra baş verib və qanunsuz sayıla bilməz.

Akademiyanı tənqid edənlərsə deyir ki, bunun elə bir fərqi yoxdur, Malmqvist bilirdi ki, mükafat Mo Yana verilsə, nəşriyyatlar tərcüməçi kimi ona “yağlı” kontraktlar təklif edəcəklər.

Malmqvist isə İsveç Televizyasının araşdırması efirə gedəndən sonra onu tənqid edən jurnalist və redaktorlara qəzəbli e-mail göndərib. O, İsveç Televiziyasının Mədəniyyət Şöbəsindəki jurnalisti “idiot” adlandırıb. Bildirib ki, mənafelərin toqquşması haqda araşdırma aparmaq cəhdi qeyri-peşəkarlıq və əyalət səviyyəsidir.

“Foreign policy” jurnalına istinadla oxuzali.az