Haaqada azərbaycanlıların etiraz aksiyası olub

Haaqada etiraz aksiyası

-
Noyabrın 8-də Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər Hollandiyanın ikinci paytaxtı sayılan Haaqada etiraz aksiyası keçiriblər.

Bu barədə AzadlıqRadiosuna Avropada mühacir həyatı yaşayan yazar Fikrət Hüseynli məlumat verib.

Əllərində «Bütün siyasi məhbuslar azad olunsun!», «Azərbaycana azadlıq!», «Biz deyirik, Əliyev rejimi çıx get!» və s. şüarlar tutan aksiya iştirakçıları həm də korrupsiyalaşmış azərbaycanlı məmurlara sanksiyalar tətbiq olunmasını tələb ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, əsas məqsədləri Azərbaycanda olan siyasi problemləri Niderland parlamentinin diqqətinə çatdırmaq, Avropa ölkələrinin diqqətini azərbaycandakı vəziyyətə yönəltməkdir.

Mühacirlər bu cür aksiyaları Avropanın başqa şəhərlərində keçirəcəklərini bəyan ediblər.

Piketin qətnaməsi aksiyanı izləyən Niderland Parlamentinin üzvlərinə də təqdim edilib.