Əlil, tənha və xəstə

Şahnisə Əliyeva

-

Astara rayon sakini Şahnisə Əliyeva 1-ci qrup əlildir. Tək-tənha, evsiz-eşiksiz qadındır. Məktəbdə oxumayıb, heç yaşını da bilmir. Birinci qrup əlil olduğu üçün işləyə bilməyib. AzadlıqRadiosuna zəng vuraraq bildirib ki, neçə il Astarada orda-burda, köhnə tikililərdə yaşayıb. Altı il əvvəl icra hakimiyyəti onu Astara rayon mərkəzi xəstəxanasının həyətindəki yardımçı binada yerləşdirib.

«ƏLİLƏM AXI, KÜÇƏLƏRDƏ NECƏ QALIM?»

«6 ildir burada əlillik pensiyamla pis-yaxşı dolanırdım. İndi xəstəxana rəhbərliyi deyir ki, burdan çıxmalısan. Çıxıb, hara gedim? Kimim-kimsəm yox, evim-eşiyim yox. Əliləm axı. Ayağım tutmur. Yenə küçələrdə necə qalım? Axı indi küçələrdə qalmağa neçə il əvvəlki canım da yoxdur».

Şahnisə Əliyeva deyir, çarəsizəm: «axı mən də insanam. Allah məni insan kimi yaradıb. Bu qışın soyuğunda küçədə necə qalım?».

«BURA XƏSTƏXANADIR, YATAQXANA DEYİL»

Astara

Astara rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Kərim Nəzərov AzadlıqRadiosuna bildirdi ki, Şahnisə Əliyevaya 6 il əvvəl xəstəxananın həyətindəki Gigiyena və Epidemiologiya Mərkəzinin keçmiş binasında müvəqqəti sığınacaq verilmişdi. İndi isə təmir başladığı üçün ordan çıxarılmalıdır:

«İndi cənab prezidentin ayırdığı vəsaitlə xəstəxana təmir edilir. O yer ona müvəqqəti verilmişdi. İndi o, başqa yerdə məskunlaşdırılmalıdır. Bura xəstəxanadır, yataqxana deyil. Bir qərar qəbul olunub, ordan köçürülməlidir».

İCRA HAKİMİYYƏTİNDƏN DEDİLƏR Kİ, BİR ŞEY FİKİRLƏŞƏCƏKLƏR

Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə AzadlıqRadiosuna dedi ki, məsələ ilə maraqlanacaq. «Bir şey fikirləşərik. Görək rayonda onun üçün harada yer müəyyən edirik».

MƏSCİDDƏ ŞƏRAİT YOXDUR

Astara rayonun axundu Hacı İlqar Həsənov isə dedi ki, Şahnisə Əliyevanın himayədarı yoxdursa, dövlət onu himayə etməlidir. «Onu qocalar evinə yerləşdirməlidir. Yəqin ki, bunu rayon icra hakimiyyəti rəhbərliyi həll edəcək».

«Bəs, məscidlərdə kimsəsiz adamlar üçün yer olurmu» sualımıza cavabında axund dedi ki, təcrübələrində belə hadisə olmayıb:

«Onu yerləşdirmək üçün gərək şərait olsun. Bu məsciddə o şərait yoxdur. Bunun üçün xüsusi bir fond, ya da otaqlar ola bilər. Ancaq rəsmən bizdə bir şey yoxdur. Otaq olsaydı, yerləşdirərdik».

Axund onu da dedi ki, bu məsələ ilə maraqlanacaq, qadına kömək etməyə çalışacaq.

Şahnisə Əliyeva isə ümidlə yerli icra orqanlarının onun küçədə qalmasının qarşısını alacağını gözləyir.