İsraillə «Həmas» arasında döyüş qızışır

İsrailin Kiryat Malaçi şəhərində Həmasın raketləri ilə öldürülən İsrail vətəndaşının cənazəsi morqa götürülür. 15 noyabr 2012

-

FƏLƏSTİNDƏ 13, İSRAİLDƏ 3 MÜLKİ SAKİN HƏLAK OLUB

İsrail və Həmas yaraqlıları arasında silahlı münaqişə yenidən qızışır. Hər şey noyabrın 14-də Həmasın silahlı qanadının rəhbəri Ahmed Al-Jaabari-nin İsrail ordusu tərəfindən öldürülməsindən sonra başlayıb.

Bunun ardınca Həmas yaraqlıları tərəfindən İsrailin cənubuna atılan onlarla raket üç İsrail vətəndaşının həlakına səbəb olub.

Həmasın raketləri Qəzaadan 25 kilometr şimalda yerləşən Kiryat Malaçi-dəki yaşayış binasına düşüb.

İsrail ordusu bəyan edib ki, onların raket əleyhinə müdafiə sistemi cümə axşamı erkən saatlarında Qəzza sektorundan atılan onlarla raketi vurub, lakin biri müdafiə səddini keçərək yaşayış binasına düşüb.

Eyni zamanda İsrail hərbiçiləri də Həmas tərəfindən nəzarət olunan Qəzza sektoruna hava hücumlarını gücləndiriblər.

İsrail polisinin nümayəndəsi Mickey Rosenfeld BBC-yə müsahibəsində hücumu belə təsvir edir:

“Raket binanın birbaşa yuxarı hissəsindən dəydi. Burda bir mənzildə ər-arvad, qonşu mənzildə isə bir qadın var idi. Təəsüf ki, onlar təhlükəsiz əraziyə keçməyə macal tapmayıblar və üçü də həlak olub”.

İsrailin əməliyyatları zamanı fələstinlilər tərəfdən də Həmas ordusunun rəhbəri Ahmed Al-Jaabari öldürülüb, Qəzza sektoru qurudan, sudan və havadan bombardıman edilib, ikisi uşaq olmaqla 13 nəfər həlak olub.

İSRAİL QURU ƏMƏLİYYATLARI İLƏ HƏDƏLƏYİR

Polisin nümayəndəsi Rosenfeld bildirib ki, Həmas cavab olaraq İsrailə raket hücumlarını gücləndirib:

“Dünən saat 4-dən İsrail Ordusunun əməliyyata başlamasından sonra Qəzzadan İsrailin düz mərkəzinə 130 raket atılıb. Bu vəziyyətlə bağlı Qəzzadan 8 kilometr çevrədə yaşayan heç kimə işə belə getməyə icazə verilməyib”.

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, İsrail “əməliyyatları genişləndirməyə hazırdır”.

Rusiyanın xarici işlər narizi Sergei Lavrov çərşənbə günü Səudiyyə Ərəbistanına səfəri zamanı vəziyyəti müzakirə edib:

“Bu gün regionda, Fələstin ərazilərində baş verənlər bizi olduqca narahat edir. Hesab edirik ki, atəş və zorakılıqlar təcili dayandırılmalıdır. Ötən aylar neqativ potensialın artdığı bir dövrdə Yaxın Şərq münaqişəsində vasitəçilik edən Dördlüyün toplaşa bilməməsindən təəsüflənirik”.

Misirin xarici işlər naziri çümə axşamı Qəzzadakı konfliktlə bağlı BMT Təhlükəsizlik Şurasını və ABŞ-ı “İsrail təcavüzünə” son qoyulması üçün “təcili işə qarışmağa” çağırıb.

Təhlükəsizlik Şurası artıq məsələnin müzakirəsi ilə bağlı çərşənbə günü axşam görüş keçirib. Qurum zorakılığı dayandırmağa çağırış etsə də, heç bir tədbir görməyib.