Soyuqlar gəldi, bəs evlərə istilik niyə gəlmir?

Foto: Arxiv

-
Havalar bir neçə gündür soyuyub. Hökumət də noyabrın 15-dən qış rejiminə keçib. Bəs bu keçid paytaxt sakinlərinin ürəyincədirmi? Soyuq evlər necə isinir?

«DEMAQOQLUQ, ZƏNGLƏR HESABINA İSTİLİK VERİRLƏR, O DA...»

Bakının Qaraçuxur qəsəbəsində 48-49-cu məhəllədə, 33-cü binanın 26 saylı mənzilində yaşayan Kifayət Haqverdiyeva deyir ki, istilik sistemi yaxşı işləmir. O deyir ki, qış gələndə bu sahədə az qala mütəxəssisə çevrilir. Evdə görəcək işlərin sırasına biri də daxil olur:

- İstiliyi tam vermirlər, tez-tez sönür. Soyuyur, yenidən işə düşür. İçində hava olur. Üç ayda az qala iki həftədən bir boru partlayır və onu təmir edirlər. İşi əvvəldən pis görüblər də, açığı.

- Dörd gündür ki, istilik sistemləri işə düşüb. Fərq varmı?

- Fərq var, amma pisliyə doğru. Keçən il bundan yaxşı idi. Həmişə də necə olur – qonşular yığışır gedirik idarəyə. Yəni, demaqoqluq, zənglər hesabına verirlər. O da bir neçə gün çəkir. Normal olaraq istilik vermirlər.

- Evi isitməyə bəs edirmi, yoxsa əlavə qızdırıcılardan, sobadan və ya qazdan istifadə edirsiz?

- ...Hava şəraitinə baxır. Hava çöldə yaxşıdırsa, bəs edir. Amma hava mülayim keçmirsə, bəs etmir. Bu gün yenə evimiz soyuqdur. Batareyaların içində hava var. Vaxtaşırı havanı buraxıram, amma yenə soyuyur. Hətta havasını buraxanda belə normaya uyğun deyil.

Qış rejiminə təzə keçilsə də, istilik təchizatından narazılar az deyil. Bakının Nizami, Xətai, Suraxanı rayonlarındakı sakinlərdən də eyni şikayətlər gəlir.

Foto: Arxiv

Əhmədlidə yaşayan Elnurə Hüseynova deyir ki, bu il onlar mənzildəki istilik borularını dəyişdirib, bəzi təmir işləri aparıblar. Ümid ediblər ki, onların da mənzili isti olacaq, ancaq hələlik istilik yoxdur.

ƏLİ ƏLİRZAYEV: «DÜZƏLTMƏK OLAR. AZƏRBAYCANIN PULU DA VAR...»

Milli Məclisin İqtisadi siyasət komissiyasının sabiq sədr müavini Əli Əlirzayevin fikrincə, bu məsələni birdəfəlik yoluna qoymaqdan ötrü paytaxtda mərkəzləşdirilmiş istilik sistemi yaradılmalıdır:

- İstilik sistemi müəyyən tələblərə cavab verməlidir, həm də hökumət bu işə müəyyən vəsait ayırmalıdır. Amma vəsait ayırmaqla deyil, o, düzgün istifadə edilməlidir. Sovet dövründə tikilən binalarda istilik sistemləri var idi. Hamısı dağıldı, zirzəmilərə doldu. Mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Bütün bunlara, yeni xətt çəkmək üçünsə əlavə xərc lazımdır. Moskvada şaxtada soyuqdan əziyyət çəkən olmur. Çünki evlər tikiləndə, istilik sistemi qurulur, qazanxanalar tikilir, xüsusi idarə buna nəzarət edir. Bizdə bunlar yoxdur. Ona görə də, problemlər olacaq. Özü də uzun müddətə olacaq. Yolları necə düzəldirlərsə, elə həvəslə düzəltmək olar. Olar, çünki Azərbaycanın pulu da var. Ancaq nəsə....

«İSTİLİKSİZ QALAN BİNA OLMAYACAQ»

Foto: Arxiv


Yaşayış evlərində və binalarda, o cümlədən sosial təyinatlı obyektlərin istilik təchizatına cavabdeh olan qurum «Azəristiliktəchizat» ASC-dir. AzadlıqRadiosunun istilik problemləri ilə bağlı sualı günboyu cavabsız qaldı.

Ancaq «Azəristiliktəchizat»ın abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bu günlərdə mətbuata deyib ki, mövsümə hazırlıqla bağlı 241 layihə gerçəkləşdiriblər. Layihələr arasında 187 yaşayış binasının, 4 məktəbin və 1 uşaq bağçasının istilik sisteminin yenidən qurulması nəzərdə tutulub.

Amma Rafiq Əliyev etiraf edib ki, paytaxtdakı bəzi binaların istilik təchizatı keçmiş SSRİ dövründə qurulduğundan onlar müasir standartlara cavab vermir. Bu səbəbdən də həmin binaların istiliklə təchizatı mümkün deyil:

- Məsələn, Nəsimi rayonundakı bəzi binalarda istilik sistemi dairəvi şəkildə qurulub. Yəni, istilik xətləri binaların zirzəmilərindən keçməklə sanki bütün mənzillərin divarlarına dırmandırılıb. Ancaq bu dairəvi xətlərlə bağlı hər hansı bir iş görmək mümkün deyil. Paytaxtda bu cür acınacaqlı durumla üz-üzə qalan binaların sayı 139 ədəddir.

Rafiq Əliyev deyib ki, narahat olmağa dəyməz. Məhəllədaxili xətlərin çəkilişi, aşağı paylanma istilik sisteminin yenidən qurulması, eləcə də binadaxili istilik sistemlərinin yeniləşdirilməsi ilə bağlı yeni layihələr hazırlanıb. Bu layihələr mərhələli şəkildə həyata keçirilir və bu proses davam etdiriləcək. Onun dediyinə görə, istiliksiz qalan bina olmayacaq.