Jurnalistin döyülməsi ilə bağlı araşdırmaya başlanıb

-
Müxalifətin 17 noyabr aksiyasında fiziki təzyiqlərə məruz qalan “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu ilə bağlı Daxili İşlər Nazirliyi təhqiqata başlayıb.
Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib.
Fərahim İlqaroğlu:

“Məni bu gün nazirliyə çağırıblar. Nazirliyin Daxili Təhqiqatlar İdarəsinin təhqiqatçısı Asif Qubadov məni dəvət etdi. Dedi Nazir Ramil Usubovun göstərişi ilə təhqiqata başlanılıb”.
Noyabrın 17-də Bakının mərkəzində keçirilən razılaşdırlmamış aksiyada jurnalist çəkiliş apararkən xəsarət alıb.
Onun əynində üzərinə “Press” yazılmış gödəkcə olmasına baxmayaraq bir neçə polis onun fəaliyyətinə mane olub. Ona qarın nahiyəsindən bir neçə zərbə vurulub. Bir müddət halsız vəziyyətdə yerdə qalan jurnalisti həmkarları ərazidən uzaqlaşdırıb.
Elə həmin gün qəzetin baş redaktoru daxili nazirinə müraciət edərək jurnalistin xəsarət
alması ilə bağlı məsələni araşdırmağı xahiş
edib.