Misirin «yeni fironu»

Parlamentə və Təhrirə gedən yolu polis bağlamağa çalışır, 23 noyabr

-
Misir prezidenti fərman verib, bir gün sonra isə bu fərmana kütləvi küçə narazılıqlarının qarşısını almaq üçün Qahirədə küçələrə polis düzüb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri El Baradei bu fərmanına görə prezident Morsini “yeni firon” adlandırır.

Dövlət televiziyasının məlumatına görə, noyabrın 23-də Misirin 3 şəhərində etirazçılar hakim partiyanın ofislərinə od vurublar.

Liberal və dünyəvi qruplar “yeni firona” etiraz məqsədilə Təhrir meydanına yürüş edirlər.


Morsi tərəfdarları prezident ofisi ətrafına toplaşıb

Cümə namazından dərhal sonra keçirilən bu yürüşın başında Ərəb Liqasının keçmiş xarici işlər naziri Əmr Mussa, El Baradei və başqa tanınmış simalar durur.

Prezident Morsinin Müsəlman Qardaşlığı isə
Prezidentin qərarına dəstək nümayiş etdirmək üçün prezident sarayının yanında nümayiş keçirir.

İKİYƏ BÖLƏN FƏRMAN

Misir prezidentinin yeni fərmanında nə deyilir ki, ölkə ikiyə bölünüb və niyə Morsini fironluqda günahlandırırlar?

Fərmana görə, parlament seçkilərinə qədər “prezidentin verdiyi fərmanlar, qərarlar, imzaladığı qanunlar yekun qərarlardır və bunları dəyişmək olmaz”. “Bu qərarlardan şikayət də vermək olmaz”.

Yeni fərman “inqilabı qorumaq üçün prezidentə istənilən qərarı qəbul etmək və istənilən tədbiri görmək hüququ” verir.

Fərmana görə, keçmiş prezident Hüsni Mübarəkin vaxtında vəzifə tutanlara qarşı xitam verilmiş cinayət işləri yenidən açıla bilər.

Fərmanı televiziya ilə prezidentin sözçüsü Yasser Ali oxuyub: “Keçmiş rejimdə kim ki, vəzifə tuturdu və kim ki, nümayişçilərin ölümündə ittiham olunurdu, onlara qarşı cınayət işləri yenidən açılacaq. Bu, inqilabı qorumaq qanunu ilə edilir”.

HƏTTA BMT NARAZIDIR

Morsinin bu fərmanına hətta BMT dərhal və çox kəskin tənqidi reaksiya verib.

“Biz qorxuruq ki, bu gündən başlayaraq yaxın bir neçə gündə Misirdə vəziyyət çox zorakı ola bilər”.

Bunu BMT-nin İnsan Haqları Komissarı Navi Pillayın sözçüsü Rupert Colville noybarın 23-də Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

Rupert Colville


O deyib ki, Misir prezidentinin yeni fərmanı həm insan haqları, həm də qanunun aliliyi baxımından çox böyük pozuntulara gətirə bilər.

Onun sözlərinə görə, Misir prezidentinin yeni fərmanına Pillayın geniş reaksiyası şənbə gününə qədər veriləcək.

Misirin hüquqşünaslar sindikatının rəhbəri Sameh Ashour deyib ki, prezidentin fərmanı “qanunçuluq əleyhinə çevrilişdir.”

O bütün misirliləri Təhrir meydanına çağırıb.

Misir qəzetləri noyabrın 23-də “Morsi ötəri diktatordur” kimi başlıqlarla çıxıb.

FƏRMANDAKI İZAHLAR

Prezidentin fərmanında mübahisəli məqamlara izah da verilir.
Deyilir ki, prezidentin belə qərarlarının məqsədi “dövlət qurumlarında təmizlik” aparmaqdır.

Müsəlman Qardaşlığının siyasi qanadı olan Ədalət və
Azadlıq Partiyasının rəsmisi Gehat Haddad deyir ki,

“Daxili İşlər Nazirliyində bir xeyli adam var ki, küçə nümayişçilərinin ölümünə görə məsuliyyət daşıyırlar. Ancaq onları cəzalandırmaq üçün qanunda bir cığır belə tapa bilmirik”.

Onun fikrincə, Morsinin fərmanı inqilabı öz yolu ilə aparmaq üçündür.

PROKURORUN GECƏ-GÜNDÜZ İŞLƏMƏSİ NƏ DEMƏKDİR?

Morsinin fərmanında baş prokuror da işdən çıxarılır,
Morsi onu hələ keçən aydan işdən çıxarmaq istəyirdi. Prezident baş prokurorun köhnə rejim nümayəndələrini məsuliyyətə cəlb edə bilməməsindən narazı idi.

İndi onun yerinə Talat İbrahim Abdallah təyin olunur.

Gecə yarı televiziyaya çıxan yeni baş prokuror Talat Abdallah söz verib ki, “inqilabın məqsədlərinə çatmaq üçün gecə-gündüz çalışacaq”.