200 min manatı ötən futbol cərimələri...

Mətbuat icmalı

-

BÜDCƏ DƏ MƏHŞƏR AYAĞINDA?

«Bizim yol» qəzeti bu ay Azərbaycan büdcəsinin məhşər ayağına çəkildiyini yazır. Qəzetə görə, hər il olduğu kimi bu ilin sonunda da hökumət dövlət xəzinəsinə süpürgə çəkəcək.
Qəzet, büdcəyə «süpürgə çəkilməsi»nin büdcə sistemi haqqında qanuna istinadən aparıldığını yazır. Həmin qanuna görə artıq qalan vəsait növbəti ilə saxlanılmır.

«Dekabr ayında 3,4-4 milyard manatın «xərclənməsi» də bununla bağlıdır. Ekspertlər bildirir ki, hökumət artıq qalan vəsaiti formal müqavilələr bağlamaqla büdcədən çıxarır. Bəzən nəzərdə tutulan xərc istiqamətində heç bir iş görülmür. Yəni, saxta sənədlərlə külli miqdarda dövlət vəsaiti mənimsənilir. İlin 11 ayında xərcləmələr büdcənin 8-9 faizi, dekabrda isə 30 faizini təşkil edir».

10 MAŞINLIQ ÜMİD VƏ TƏZƏK İSİTİSİNƏ QIZINAN KƏND

«Yeni Müsavat» qəzeti əhalisi təzək istisinə qızınan dağ kəndindən - Qırızdan yazır. Qəzetin yazdığına görə, istilik bir yana Quba rayonunun bu dağ kəndində nəqliyyatla da bağlı ciddi problemlər var.

«Sakinlər rayona getmək üçün ümidlərini 5 «Qaz-66», 4 «UAZ» və 1 «Niva»ya bağlayıblar. Cəmi 4 kilometrlik yolu asfaltlamaqla bu kəndin statusunu dəyişmək olar».

AZƏRBAYCANDA GİZLİ EPİDEMİYA FORMASINA KEÇƏN XƏSTƏLİK

«Exo» qəzeti şəkərli diabetin Azərbaycanda gizli epidemiya forması aldığını yazır. Qəzet Azərbaycanda 163 min 280 nəfər şəkərli diabet xəstəsinin olduğunu qeyd edir.
«Bu ilin 8 ayı ərzində Bakıda 48 min 207 şəkərli xəstə aşkarlanıb.

DÜNYANIN MÜHÜM ENERJİ DƏHLİZİNDƏ MÜHÜM ROL OYNAYAN ÖLKƏ

«Yeni Azərbaycan» qəzeti Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığa böyük önəm verdiyini yazır. Qəzetə görə Azərbaycan «... Avropanın enerji təchizatında fəal rol oynamaqla yanaşı, dünyanın mühüm enerji dəhlizinə çevrilib».

200 MİN MANATI ÖTƏN FUTBOL CƏRİMƏLƏRİ

«Futbol+» qəzeti futbol oyunlarındakı cərimələrdən yazır. Qəzet, AFFA intizam komissiyasının mövsümün əvvəlindən komandalara kəsdiyi cərimələrin 200 min manatı ötdüyünü qeyd edir. Ən yüksək çərimə «Simurq»-«Xəzər Lənkəran» oyununda baş verən qayda pozuntuları ilə bağlı olub.

«Simurq»-«Xəzər Lənkəran» matçı AFFA-ya 320 manat qazandırıb.