Avropa Məhkəməsi Azərbaycanı 104 min avro cərimələdi

Avropa Məhkəməsi

-
Avropa İnsan Hüquqları Məhkəməsi 10 Azərbaycan vətəndaşının işi üzrə qərarını açıqlayıb.

Bu barədə AzadlıqRadiosuna həmin şəxslərdən 9-nun vəkili olmuş Əshabəli Mustafayev məlumat verib.

Çıxarılan qərarlar 2003-cü ildə prezident seçkisindən sonra - oktyabrın 16-da Bakıda keçirilən mitinqdə iştirakına görə həbs olunan şəxslərin şikayətləri ilə bağlıdır.

Söhbət Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimli və Müsavat Partiyasının üzvləri Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Elşad Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli və hərbi ekspert Yaşar Cəfərlidən gedir.

Avropa Məhkəməsi adıçəkilən şəxslərin ədalətli məhkəmə araşdırması, vəkillə təmin edilmə və başqa bir sıra hüquqlarının pozulduğunu tanıyıb.

Məhkəmə həmin 10 nəfərin işi üzrə Azərbaycan dövlətini ümumilikdə 104 min 400 avro cərimələyib.

2003-cü il 16 oktyabr hadisələrinə görə bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi daha 4 nəfərlə bağlı qərarını açıqlamışdı. Bunlar ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, sabiq Baş nazir Pənah HüseynMahirə Muradovadır.