BP şirkətinin rəhbəri Bakıdadır

Robert Dudley

-
Prezident İlham Əliyev BP şirkətinin icraçı direktorunu qəbul edib

Görüşdə Azərbaycan ilə BP şirkətinin əməkdaşlığından məmnunluq bildirilib.
Bu barədə president.az saytı məlumat yayıb.

Görüşdə Azərbaycan yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb.

Əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

BP şirkətinin rəhbəri Robert Dudley Bakıda görüşlər keçirir.

Bu barədə AzadlıqRadiosuna Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun dediyinə görə, cənab Dudley Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevlə görüşüb. Görüşdə «Azəri-Çıraq-Günəşli» yataqları bloku və «Şahdəniz» layihələri müzakirə olunub. Hər iki şirkətin gələcəkdə əməkdaşlıq məsələləri diqqətdə saxlanılıb.

Nizaməddin Quliyev bildirdi ki, görüşdə əsasən hasilatın sabitləşməsi dartışılıb. Azalan hasilatı sabitləşdirmək üçün hər iki tərəfin təklifləri əsasında hazırlanan proqramın icrasına qərar verilib.

Bir müddət öncə Prezident İlham Əliyev BP-nin hasilatı azaltdığını, Azərbaycan büdcəsinə 8 milyard dollar ziyan vurduğunu deyərək şirkəti sərt tənqid etmişdi.