Hacı Zeynalabdin Tağıyevin ev muzeyi yeni eksponatlarla zənginləşib

-

Milli Azərbaycan Tarixi Muzeyindəki Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub.

Xəbəri MEA Milli Azərbaycan tarixi Muzeyinin saytı yayıb.

Vitrində vaxtilə Hacı Zeynalabdinə məxsus olan Quran qabı və dini kitablar nümayiş olunur.
Quran qabı gümüşdəndir, qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib.

Şərq naxışları fonunda işlənən dəyirmi medalyonun mərkəzində 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı var.

Çəkisi 1850 qram olan qabın üzərində ərəb əlifbası ilə «Buxareyi şərif töhfə» («Buxara hökmdarının hədiyyəsi») yazısı və «1225» təqvim ili göstərilib.

Vitrində həmçinin iki ədəd islam dəyərlərini izah edən «Kəşf-ül həqaiq» («Həqiqətlərin kəşfi») kitabları qoyulub.

Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb.

Xəbərdə vurğulanır ki, araşdırmalar nəticəsində adı hallanan əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.