ABŞ polisi Marily Monroe-nin kommunistlərlə əlaqəsində şübhələnirmiş


ABŞ-ın Federal Təhqiqatlar Bürosu – FBİ dünyaca məşhur Marlyn Monroe ilə bağlı yeni sənədləri açıqlayıb. Bu sənədlərə görə FBİ 1962-ci ildə vəfat edən aktrisanın ölümündən bir neçə il əvvəl onun kommunistlərlə əlaqəsini araşdırırmış.

Sənədlərdə qeyd edildiyinə görə məşhur aktrisanın dostları və həkimi onun solçu Frederick Vanderbilt Field-lə yaxınlığından şübhələnirlərmiş. Solçu baxışlarına görə zəngin ailəsi Frederick Vanderbilt-i övladlıqdan məhrum etmişdi.

Amma Monroe-nin baxışlarında solçulara simpatiya olsa da onun Kommunist Partiyası ilə hər hansı əlaqələri aşkar edilməyib.

Yeni sənədlərdə Monreo-nun hansı şəraitdə ölməsi haqqında da məlumat yoxdur. Rəsmi məlumata görə o, ehtimal ki, intihar etmişdi. Ölümün əsas səbəbi kimi də dozadan artıq qəbul edilən narkotik maddə göstərilirdi.

Yeni sənədləri FBİ Associated Press agentliyinə verib. İnformasiya Azadlığı Aktının tələbləri əsasında FBİ-a müraciət edən agentlik yeni sənədləri almağa nail olub.