Akif Soltanov: «İnsanların şikayətlərinə məhəl qoyulmur»

Akif Soltanov

-


AzadlıqRadiosunun suallarını Şamaxıda dərc olunan «Şəffaflıq» qəzetinin baş redaktoru Akif Soltanov cavablandırır.

- Akif müəllim, adətən əyalətlərdə çıxan qəzetlər mövcud problemlərdən yan keçməyə üstünlük verirlər, bir çox problemlərdən yaza bilmirlər. Bəs, sizin qəzetin mövzuları daha çox haradan qaynaqlanır?

- Bu problemlərin əksəriyyəti icra hakimiyyətindən qaynaqlanır. Bütün rayonlarda olduğu kimi Şamaxı rayonunda da icra hakimiyyəti formal xarakterli işlər görür. Narazılıq həddən artıq yüksək səviyyədədir. İnsanların şikayətlərinə məhəl qoyulmur. Küçələr bərbad vəziyyətdədir. Yayda torpaqdan, qışda palçıqdan hərəkət etmək mümkün olmur. Yalnız Heydər Əliyev prospektində bir az kosmetik işlər görülüb. Bizim məlumatlarımıza görə, bunun altında 100 minlərlə manatın mənimsənilməsi durur. Çox təəssüf ki, buna yuxarılardan göz yumurlar. Azərbaycanda korrupsiyaya qarşı mübarizə görüntüsü yaradılır, ancaq indiyə kimi bir nəfər də olsun icra başçısı cəzalanmayıb. İnsanlara zülm olunur, onların haqları tapdanır, sahibkarların əlindəki varidatın 90 faizi əllərindən alınır. Bütün bunlara da Azərbaycan rəhbərliyi göz yumur. Özbaşınalıqlara səbəb də budur.

- Bəs, konkret kəndlərdə hansı problemlər mövcuddur, daha çox nələr diqqətçəkəndir?

«Şəffaflıq» qəzeti

- Yerlərdə icra nümayəndələri heç bir iş görmür. Hər dəfə icra hakimləri dəyişəndə 5-10 min manatlarını verib, öz işlərində qalırlar. İcra hakimiyyəti bələdiyyələri qeyri-rəsmi şəkildə təyin edir. Əksər kəndlərdə səhiyyə məntəqələri yoxdur, infrastrukturdan məhrum olublar. Ötən ilin sentyabr ayında Şamaxı rəsədxanasının açılışında prezident gələndə, gətirib iki ədəd bankomat qoymuşdular. Prezident açılış edib gedəndən sonra həmin bankomatları təmir adı ilə yığışdırıb apardılar. Prezidenti də aldadırlar, xalqı da aldadırlar. İndi 15-ə yaxın kəndin əhalisi 100-150 manat təqaüd almaq üçün uzun yol qət edib rayon mərkəzinə gedirlər. Prezidentlə görüşüb şikayətlərimizi deməyə də imkan vermədilər. Polislər camaatın qarşısını kəsdilər.

- Əyalət qəzetində bu kimi problemləri çılpaqlıqla yazmaq sizə problem yaratmır ki. Ümumiyyətlə təzyiqlə üzləşdiyiniz hallar olubmu indiyə qədər?

- Məni də ən çox təəccübləndirən budur ki, heç bir təzyiq yoxdur. İstəyirəm ki, bu yazılar dərc olunandan sonra məni çağırsınlar, desinlər ki, sən niyə bunları yazırsan. Elə bil heç nə baş vermir. Hətta qəzetin hər nömrəsini şəxsən aparıb icra hakimiyyətinə təqdim edirəm. İstərdim ki, mənə təzyiq göstərsinlər, mən də onlara cavab verim. Sadəcə olaraq, özlərini o qədər arxalı hiss edirlər ki, özlərinə sığışdırmırlar ki, rayonda müstəqil qəzet çıxa bilər. Buna görə də reaksiya vermirlər.

Akif Soltanov 2011-ci il oktyabrından nəşr olunan «Şəffaflıq» qəzetinin baş redaktorudur. Bu qəzet ayda 1 dəfə dərc olunur.