Abbas Atilayın yeşiklər içində sərgisi açılır

Abbas Atilay

-

Fevralın 16-da «Xəmsə» Kitab Evində («YerAltından kitablar») fotoqraf Abbas Atilayın fərdi foto sərgisi açılır. Sərgi saat 13.00-dan 21.00-dək davam edəcək.

A. Atilay bildirir ki, sərgi ənənəvi qaydada təşkil olunmayacaq. Belə ki, fotolar divardan asılan yeşiklərin içində nümayiş olunacaq.

Sərgidə Abbas Atilayın 3 il ərzində çəkdiyi maraqlı fotolara baxmaqla yanaşı, onları əldə etmək də mümkündür.

Fotoların qiyməti ölçülərinə və məzmununa görə dəyişəcək. Qiymətlər 8-25 manat arasında olacaq.

Abbas Atilay deyir ki, «underground» üslubda fərdi sərgi açmaq onun çoxdankı arzusu idi:
«Sərgini belə tezlikdə nəzərdə tutmamışdım. Sərginin bu vaxta təsadüf etməsinin başqa bir səbəbi də var: Biz fotoqraf Cahangir Yusiflə bir aylıq İraqa səfər etmək istəyirik. Səfərimizin maliyyə tərəfini təşkil etməkdə çətinlik çəkirik. Məhz sərgidən əldə etdiyimiz pulu bu istiqamətə də yönəltmək istəyirik. Bu sərgi həm də sənət insanlarına ünvanlanmış bir mesajdır. Yəni sənət adamları bu formada da sənət məhsulunu pula çevirə bilərlər. Bu sənət insanı üçün avtoritar rejimlərdə və cəmiyyətlərdə motivasiyadır».

Abbas Atilay AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşıdır.