Satıcı 27-ci polis bölməsinə niyə aparılıb?

Foto: Arxiv

-
«Məni tutub Yasamal rayonu 27-ci polis bölməsinə apardılar ki, sən narkotik maddə satırsan. Polis bölməsinə çatanda isə azad olunmağım üçün pul istədilər. 3 saat bölmədə saxlayandan sonra mənim pul verməməkdə prinsipial olduğumu görüb azad etdilər».

Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə Bakı sakini Sənan Ələkbərov danışıb:

«Fevralın 13-də axşam saat 7 radələrində polis işçiləri satıcı işlədiyim mağazaya girib qollarımı burdular. Məni zorla 27-ci polis bölməsinə apardılar. Dedilər ki, səndə narkotik var, üstümü, ciblərimi yoxladılar, heç nə tapmadılar. Bölmənin rəisi şəxsən özü məni yoxladı. Sonra da dedilər ki, bura düşmüsənsə, havayı çıxa bilməzsən. Məni məcbur edirdilər ki, onlara pul gətirim. Mən isə dedim ki, özümə arxayınam, sizin dedikləriniz mənə yapışan deyil. Dedilər qanını yoxlatdıracağıq, etiraz etmədim, dedim, buyurun, mən özümə arxayınam. 3 saat saxlayandan sonra gördülər pul vermək fikrim yoxdur, dedilər çıx get».

Şikayətçi başına gələnlərin kökündə dayanan səbəblərdən də danışır:

«27-ci polis bölməsinin işçiləri satıcı işlədiyim mağazaya tez-tez gəlirlər. Hər dəfə 10-20 manat pul tələb edirlər. Mən də deyirəm ki, mağazanın sahibi var, gedin sözünüzü ona deyin. Mən özüm maaşa baxan adamam. Müdirim də mənə həmişə tapşırır ki, gəldilər qov, heç kəsə pul vermə».

POLİS RƏİSİ DEYİR Kİ...

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin rəisi Rəhman İsmayılov:

- Sənan Ələkbərovun narkotik maddə daşıyıcısı, istifadəçisi olması barədə məlumat daxil olmuşdu. Biz də gətirdik bölməyə, yoxladıq, məlumat düzgün çıxmadı, buraxdıq, getdi.

- Sənan Ələkbərov deyir ki, onu 3 saatdan çox bölmədə saxlayıblar, pul istəyiblər.

- Elə şey olmayıb. Yarım saata yaxın saxlayıb, yoxlayıb buraxmışıq. İndi siz dövlət adamına inanmayacaqsınız, bir küçə alverçisinə inanacaqsınız?

- Sənan Ələkbərov şikayət edir ki, Sizin polis əməkdaşlarınız tez-tez mağazaya gedərək ondan pul tələb edirlər.

- Başımla cavabdehəm ki, bizim işçilərimiz elə şey etməzlər. Dərəbəyilikdir bəyəm?

Sənan Ələkbərov isə polislərin hərəkətindən şikayət ərizəsi yazdığını deyir:

«Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət yazmışam. Məni zorla tutub aparmaqları mağazanın içərisindəki müşahidə kamerasına da düşüb».