Məcburi köçkünlər yolu bağladılar

Sizin brauzer HTML5-i dəstəkləmir

Tbilisi prospektində etiraz aksiyası

-
Fevralın 15-də bir qrup məcburi köçkün Bakıda, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında yolu bağlayıblar.

Az sonra polis yolu açıb.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, yolu bağlayan məcburi köçkünlər üç məsələdən narazıdırlar.
Onlardan təxminən 40 nəfəri ötən il Dərnəgüldə yerləşən yanmış yataqxanada köçürülənlərdir.
Məcburi köçkünlər indi zirzəmidə yaşadıqlarını, rütubətli, ilbiz və siçanların oynaşdığı yerdə xəstəliklə mübarizə apardıqlarını söyləyiblər.
İkinci qrup şikayətçilər yeni metro stansiyasına görə evləri sökülənlərdir. Onlar AzadlıqRdaiosuna deyiblər:
“Başqa vətəndaşlara sökülən evlərə görə, təzminat verilir, ancaq bizə ev. Evlərin də heç bir şəraiti yoxdur. Bizə pul versinlər, istədiyimiz evi alaq”.
Üçüncü qrup məcburi köçkünlər isə Bakıdakı yataqxanalarda yaşayanlardır. Onlar yeni mənzillərə nə zaman köçürüləcəkləri ilə maraqlanırlar.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov deyib ki, onları indiki məqamda evlə təmin edə bilməyəcəklər. Onun sözlərinə görə, proqramda ilk növbədə Bakı Dövlət Universitetində məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. O ki qaldı, metro stansiya tikintisinə görə evi sökülənlərin tələbinə, Sənan Hüseynov deyib ki, həmin evlərin sənədi yoxdur, buna görə də köçkünlərə pul yox, mənzil verirlər.
Yanmış yataqxanadan köçürülənlərlə bağlı isə Sənan Hüseynov bunu söyləyib: “Həmin adamlar zirzəmidə yaşamırlar, həmin köçkünlər birinci mərtəbədə yerləşdirilib. Sadəcə, daha yuxarı mərtəbədə ev istəyirlər”.
Komitədə məcburi köçkünlərlə görüş başa çatıb. Qurumun rəsmiləri baş verənləri sadəcə anlaşılmazlıq adlandırıblar.