İcra Hakimiyyətlərindən sahibkarlara Novruz öhdəliyi...

Mətbuat icmalı

-

İCRA BAŞÇILARININ TƏYİNAT STANDARTLARI DƏYİŞDİRİLİR?

«Yeni Müsavat» qəzeti icra başçılarının təyinat standartlarının dəyişdirildiyini yazır. Qəzetə görə, «indiki tərkibin 90 faizi dəyişdiriləcək, yeni başçılar ziyalı örtüyündə «yerli»lərdən olacaq». Qəzet «analoqu olmayan «iqtisadi uğurlar» barədə nağılların arxivə gömüldüyünü, indi hamının problemlərdən danışdığını qeyd edir.

«Yeri gəlmişkən, son günlər telekanallarda və hakimiyyətin çətiri altında olan media resurslarında məmurlar kəskin tənqid olunurlar. Hətta hakimiyyətpərəst deputatlar belə məmurları hədəfə götürürlər».

HƏR 324 VƏTƏNDAŞA BİR DÖVLƏT MƏMURU

«Exo» qəzeti Azərbaycanda əhali sayına düşən məmurların sayından yazır. Qəzet ölkədə 28 min 500 nəfər dövlət məmurunun olduğunu qeyd edir. 2012-ci ilin əhali sayının 9 milyon 235 min nəfər olduğunu qeyd edən qəzet, əhali sayını məmurların sayına bölərək belə bir rəqəmin ortaya çıxdığını yazır. Yazıda Avropa Birliyi ölkələri və ABŞ-la da müqayisə aparılır:

«Avropa Birliyində bir dövlət məmuruna orta hesabla 13, 9 nəfər düşür. Düzdür, Avropa Birliyində bu göstərici bəzi ölkələrdə dəyişir. Almaniyada bu göstərici 18, 45, iqtisadi böhran yaşanan Yunanıstanda 28,7 nəfər, Rusiyada 89,2 nəfərdir».
Qəzetin yazdığına görə, məsələni şərh edən ekspertlər hesab edirlər ki, yaxın 5 ildə Azərbaycanda bir məmura düşən əhali sayı 25 faizə qədər azaldılmalıdır.

ƏKRƏM ƏYLİSLİ İLƏ EYNİ GÜNAHI BÖLÜŞƏNLƏR

«Yeni Azərbaycan» qəzeti «İctimai Palata» və «Ziyalılar Forumu» üzvlərinin yazıçı Əkrəm Əylislinin «Daş yuxuları» romanından əvvəlcədən xəbərdar olduqlarını yazır. Qəzet xəbərdar olduqları halda onları həmin kitabın nəşrinin qarşısını almamaqda günahlandırır.

«Bədnam «Daş yuxular»la qabaqcadan tanış olub, onun Moskva nəşriyyatlarına qədər gedib çıxmasını əngəlləməyənlər Vətən, xalq qarşısında ən azı müəllif qədər bağışlanmaz günah işlədiblər».

«Azərbaycan» qəzeti isə yazır ki, «Azərbaycan BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının yüksək səviyyəli seqmentində təmsil olunub».

İCRA HAKİMİYYƏTLƏRİNDƏN SAHİBKARLARA NOVRUZ ÖHDƏLİYİ

«Azadlıq» qəzeti «Əliyevin müşavirəsini alt-üst edən sənəd»dən yazır. Qəzet prezidentin müşavirədə icra başçılarını tənqid edib əhalini, sahibkarları incidənlərin cəzalandırılacağı barədə xəbərdarlığından sonra yenidən sahibkarlara haqq qoyulduğunu yazır.

Qəzet bunu sübut edən sənəd əldə etdiyini qeyd edir. «Bu Səbail rayonunun icra başçısının müavini Yavər Allaverdiyevin imzası ilə sahibkarlardan birinə göndərdiyi rəsmi müraciətdir».

Qəzet sahibkarın adını çəkmir. Amma sənəddə sahibkardan tələb olunan məsələlərin nədən ibarət olduğu qeyd edilir.

Məktubda «Qarşıdan gələn Novruz bayramı münasibəti ilə, rayonda yaşayan üç min beş yüzə yaxın şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə, yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə, Çernobıl əlillərinə, tənha insanlara, yataq xəstələrinə və bu qəbildən olan aztəminatlı ailələrin hər birinə 5 kq un, 3 kq şəkər tozu, 1 litr bitki yağı, 1 kq kərə yağı, 0,5 kq çay olmaqla ərzaq bağlamalarının verilməsi nəzərdə tutulmuşdur».