Müsavat başqanının müavini Lənkəran polisinə gedir

-
Müsavat başqanının müavini Gülağa Aslanlı Lənkəranın Polis Şöbəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna Gülağa Aslanlı məlumat verib.

O, bildirib ki, çağırış bu il yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı baş verən hadisə ilə bağlıdır:

«Yanvarın 18-də Baş Prokurorluğa rəsmi müraciət etdim. Şikayətimdə göstərmişdim ki, bizə qarşı edilən sui-qəsddir. İstəyim olayın araşdırılması, cinayətkarların aşkarlanıb cəzalandırılması idi. Yanvarın 18-də etdiyim müraciətə, nəhayət, bu gün cavab almışam. Sabah buna görə Lənkərana gedirəm».

Yanvarın 13-də Lənkəranın girəcəyində «Armudu stəkan» adlı ərazidə Müsavat Partiyası rəhbərliyinə hücum olub. İsa Qəmbər Lənkərana Müsavat Partiyasının yerli rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün gedirmiş.