Azərbaycan hakimiyyətinin xaricdən gələn təhlükə xəbərdarlığı... [Video]

«Xalq artıq haqqını tələb etməyə başlayıb. Bir çoxları belə bir sual verir ki, niyə əvvəl əsgər öləndə səs çıxmırdı, indi isə əsgər öləndə gənclər meydanlara tökülür? Bu gün bu hadisələrin olmasına səbəb artıq insanların səbrinin tükənməsidir»
-

Martın 18-də AzadlıqRadiosunun «İşdən sonra» verilişində «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov və müstəqil politoloq Zərdüşt Əlizadə bu barədə fikirlərini bölüşüblər.

http://www.youtube.com/embed/FBIwNkvW5Ck?rel=0

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycandakı real durum çox ciddi islahatlar tələb edir. Bu islahatların baş verməməsi isə özünü İsmayıllı, Quba hadisələrində göstərdi.

AZƏRBAYCAN HAKİMİYYƏTİ BU İLKİ SEÇKİYƏ DARMADAĞIN VƏZİYYƏTDƏ GEDİR

Ərəstun Oruclunun fikrincə, həm ölkədaxili vəziyyət, xarici siyasətdəki uğursuzluqlar, hakimiyyətdaxili vəziyyət, neft istehsalının getdikcə düşməsi və s. səbəblər bizə bunu deməyə imkan verir:

«Xalq artıq haqqını tələb etməyə başlayıb. Bir çoxları belə bir sual verir ki, niyə əvvəl əsgər öləndə səs çıxmırdı, indi isə əsgər öləndə gənclər meydanlara tökülür? Bu gün bu hadisələrin olmasına səbəb artıq insanların səbrinin tükənməsidir».

ƏGƏR PREZİDENT ÖZ KADRLARI BARƏDƏ QUDURĞAN İFADƏSİ İŞLƏDİRSƏ, XALQ...

Politoloq deyib ki, ölkə başçısı məmurlar haqqında çıxışında belə ciddi bir ittiham irəli sürübsə, onda xalqın nə çəkdiyini anlamaq o qədər də çətin olmaz:

«Prezident Administrasiyasının rəhbərinin MDİ əməkdaşının mitinqə çıxmasına münasibət bildirməsi, Administrasiya rəhbəri üçün çox kiçik məsələdir. Vətəndaşın konstitusion hüququndan istifadə etməsi belə böyük məsələ deyil».

Ərəstun Oruclu

Ərəstun Oruclu Azərbaycandakı QHT-lərə qrant ayıran təşkilatların ayırdıqları maliyyəni ictimaiyyətə açıqlamasının tərəfdarı olduğunu dilə gətirib. Politoloq qeyd edib ki, normal dövlətlərdə dövlətin daxili siyasətini, strategiyasını hazırlayan beyin mərkəzləri olmalıdır və bu beyin mərkəzləri vətəndaş cəmiyyətinə, jurnalistlərə müxalifətə qarşı çirkin, iyrənc planlar qurmaqla məşğul olmamalıdırlar, amma avtoritar dövlətlərdə bu model işləmir, çünki avtoritar liderlər neqativ olan hər hansı informasiyanı qəbul etmək istəmirlər, buna görə də beyin mərkəzləri belə cılız işlərlə məşğul olur.

Politoloq Zərdüşt Əlizadə beynəlxalq təşkilatlara qarşı aparılan təbliğatla bağlı deyib ki, Azərbaycan mətbuatına baxsaq, son 20 ildə beynəlxalq təşkilatlar haqqında dəfələrlə qaralama kampaniyasının apardıldığını görə bilərik:

«Bu fəallıq seçkiqabağı daha da artır və bu qurumların düşmən olduğunu, dağıdıcı qüvvələri dəstəklədiyini deyirlər, bu, Azərbaycan hökumətinin siyasətidir».

AZƏRBAYCAN HAKİMİYYƏTİ SÖZ, İFADƏ AZADLIĞINA QARŞI SƏLİB YÜRÜŞÜNƏ BAŞLAYIB

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadənin fikrincə, sosial şəbəkələrdə fəallığın artması hakimiyyəti qorxudub, buna görə də «Facebook inqilabı»na xarici qüvvələr tərəfindən maliyyə ayrılması iddiasını ortaya atıblar.

Rufiz Qonaqov isə deyib ki, MDİ-a qarşı olan bu iddia dövlət tərəfindən meydana atılmayıb. Sadəcə olaraq, Eynulla Fətullayevin «Facebook inqilabı» iddiasını ortaya atması dövləti də hərəkətə keçirib və dövlət təhlükəsizlik naminə ölkədə olan beynəlxalq təşkilatların yoxlanması məsələsini gündəmə gətirib:

«Seçki ili olduğu üçün bu məsələlərin ortaya atılması normaldır, qarşılıqlı ittihamlar da ola bilər, narazılıqlar, fikir ayrılığı da ola bilər, amma bunların olması Azərbaycanda demokratiyanın olmasının göstəricisidir, demokratiyanın olmadığını deyə bilmərik».

Rufiz Qonaqovun sözlərinə görə, Azərbaycanda sosial şəbəkələrin olması dövlətin mənafeyinə heç bir xələl gətirmir:

«Mən Azərbaycanda sosial şəbəkələrin olmasında bir problem görmürəm, sosial şəbəkələr yeni media sayılır, buna da müdaxilə olunmamalıdır».

Politoloq onu da deyib ki, bu gün Azərbaycan dövlətçiliyinə zərər gətirəcək hər hansı bir təhlükə görmür.

Verilişi tam olaraq buradan dinlə: