Türkiyə ilə İsrail münasibətləri bərpa edir

Türkiyə ilə İsrail diplomatik münasibətləri bərpa etmək razılığına gəliblər.

Buna səbəb İsrailin baş naziri Benjamin Netanyagunun 2010-cu ildə Qəzzəyə hümanitar yardım aparan 9 türk fəalın öldürülməsinə görə türkiyəli həmkarı Recep Tayyip Erdogandan üzr istəməsi olub.

Telefon söhbəti ABŞ prezidenti Barack Obamanın vasitəçiliyi ilə baş tutub.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu əsas tələblərin yerinə yetirildiyini deyir.
İsrail ölənlərin ailələrinə kompensasiya da ödəyəcək.

Türkiyə həmin insidentdən sonra, İsraildəki səfirini geri çağırmış və İsraillə hərbi əməkdaşlığı dayandırmışdı.

İsrail 9 nəfərin ölümündən təəssüf bildirsə Ankaradan rəsmi şəkildə üzr istəməmişdi və bundan imtina edirdi.

Bu iki ölkə ABŞ-ın əsas regional müttəfiqləridir.
Şərhçilər hesab edir ki, bu Suriya münaqişəsinin yayılmasının qarşısını ala bilər.