Səfir: «NDI-nin şəffaf və uğurlu fəaliyyəti... bir daha sübuta yetiriləcək»

Richard Morningstar

-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar şimal bölgəsinə səfəri zamanı AzadlıqRadiosuna verdiyi müsahibəsini diqqətə yetiririk.

- Ölkə Baş prokurorunun ABŞ Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycan nümayəndəliyinin fəaliyyətində qanun pozuntuları olması ilə bağlı Sizə göndərdiyi məktuba münasibətiniz necədir?

- Biz Baş Prokurorluqdan məktub almışıq və məktuba cavab vermək üçün onu Milli Demokratiya İnstitutuna göndərmişik. Qeyd etmək istəyirəm ki, Milli Demokratiya İnstitutu Azərbaycanda uğurlu fəaliyyət göstərir. Bu fəaliyyətin məqsədi icmaların inkişafından və vətəndaş cəmiyyətini irəliyə daşımaqdan ibarətdir. Əminəm ki, bütün bu məsələlər aydınlaşandan sonra Milli Demokratiya İnstitutunun Azərbaycanda necə şəffaf və uğurlu fəaliyyət göstərməsi bir daha sübuta yetiriləcək.

- Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Bakı ofisinin layihə koordinatoru ilə əvəzlənməsini təklif edib. Sizcə, bu dəyişiklik Azərbaycanda prezident seçkilərinin gedişinə necə təsir göstərə bilər?

- Məsələ barədə ATƏT-lə hökumət arasında müzakirələr aparılır. Biz hesab edirik ki, ATƏT Azərbaycanda önəmli rol oynayır və bu təşkilat Azərbaycandakı fəaliyyətini davam etdirməlidir.

- Sizcə, ictimai-siyasi həyata qatılmayan gənclər «N!DA»çıların həbsindən hansı nəticələr çıxaracaqlar?

- Bunu deyə bilərəm ki, gənclər Azərbaycanın gələcəyidir. Qeyd etmək istəyirəm ki, bu gün də daxil, ötən 7 ay boyunca görüşdüyüm Azərbaycan gəncləri məndə çox dərin və xoş təəssüratlar oyadıb. Onların çox parlaq zəkası və istedadı var. Gələcəklə bağlı təsəvvür və baxışları da çox aydındır. Deyərdim ki, bütün dünya gənclərinin eyni istək və arzularını bölüşürlər. İnanıram ki, Azərbaycan gənclərinin zəka, istedad və güclü istəkləri bu ölkənin uğurlu və parlaq gələcəyini təmin edəcək.

- Azərbaycanın müxtəlif bölgələrində fəhlələr 8 saatlıq iş tələbi ilə aksiyalar keçirir. Bənzər tələblər son günlərdə şimal rayonlarında – Siyəzən və Qubada da diqqət çəkib. Bu vəziyyəti necə dəyərləndirirsiniz?

- Mən hər hansı fərdi tələblərlə bağlı spesifik açıqlama verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hökumətin vətəndaşların qanuni şikayətlərini dinləməsi və həll etməsi, eyni zamanda bu məqsədlə vətəndaşlarla effektiv dialoqa girməsi çox önəmlidir. Hökumətlə vətəndaşlar arasında ünsiyyətin başqa bir alternativi və əvəzləyicisi yoxdur.