-
«Rusiyadan hərbi texnikanı dünya qiymətlərinə uyğun qiymətə alırdıqsa, Qəbələ RLS-in də icarə haqqı dünya qiymətlərinə uyğun olmalı idi».
Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində deyib. Məlumatı APA yayıb.
Ölkə başçısı 300 hektarlıq ərazidə yerləşən Qəbələ radiolokasiya stansiyasına görə icarə haqqının cəmi 7 milyon dollar olmasını reallıqdan uzaq hesab edib. Azərbaycanın Qəbələ RLS-in icarə haqqının artırılması ilə bağlı mövqeyini belə əsaslandırıb:
“Birincisi, bu, ötən 10 il üçün hansısa formada kompensasiya rolu oynaya bilərdi. Çünki Azərbaycan ötən 10 il ərzində heç vaxt icarə qiymətlərinə yenidən baxılması məsələsini qaldırmayıb, baxmayaraq ki, hamı, o cümlədən Rusiya da anlayırdı ki, bu rəqəm, yumşaq şəkildə desək, simvolikdir. İcarə haqqının artırılması niyyəti həm də ona əsaslanırdı ki, son 5-6 il ərzində Azərbaycanla Rusiyanın hərbi-texniki sahədə əməkdaşlığında böyük tərəqqiyə nail olunub, alınan məhsulların dəyəri milyardlarla dollarla ölçülür. Biz Rusiya hərbi texnikasını dünya qiymətlərinə uyğun qiymətə alırıq. Hesab edirik ki, əgər biz hərbi texnikanı dünya qiymətlərinə alırıqsa, bütün ödənişləri dünya qiymətləri ilə ediriksə, onda icarə haqqı da dünya qiymətlərinə uyğun və ya buna yaxın olmalıdır”.
İlham Əliyev Qəbələ RLS-in Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib:
“Qəbələ RLS öz-özlüyündə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir, bu hərbi obyektdən alınan informasiya bizə zərrə qədər lazım deyil. Çünki bizim sadəcə Qəbələ radiolokasiya stansiyasının əldə etdiyi informasiyaya qarşı istifadə etməyə vasitələrimiz yoxdur. Buna görə də məsələ həm dostluq münasibətləri, həm də kommersiya münasibətləri əsasında nizamlanmalıdır. Biz Rusiya tərəfinə əməkdaşlığı yeni qiymətlər əsasında beş və ya on il müddətinə davam etdirməyi təklif etdik, lakin bu təklif qəbul olunmadı. Rusiyada artıq həm fiziki, həm mənəvi baxımdan köhnəlmiş Qəbələ radiolokasiya stansiyasından daha müasir stansiya mövcuddur. Qısası, məsələnin mahiyyəti belədir. Və bu məsələ media tərəfi nəzərə almasaq, ikitərəfli münasibətlərdə heç bir narahatlığa səbəb olmayıb və olmur”.
Prezident İlham Əliyev Azərbaycanı bu addımı atmağa amerikalıların məcbur etdiyi barədə iddianı təkzib edib:
“Bu, zərrə qədər belə deyil. Bizi heç kim məcbur edə bilməz. Sizin dediyiniz qüvvələrin regionda həyata keçirmək istədiyi təşəbbüslərin son inkişaf tarixi göstərdi ki, biz heç kimə tabe olmuruq. Xüsusilə bizi strateji müttəfiqimizə qarşı hansısa addım atmağa məcbur etmək ümumiyyətlə mümkün deyil”.