İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib

-
Bakıda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia aprelin 17-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT ölkələrinin Azərbaycandakı təmsilçiləri ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

Prezident və xarici işlər naziri ilə görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Thomas Melia-nın siyasi partiya və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşü gözlənilir.

Thomas Melia sonuncu dəfə Azərbaycana 2012-ci ilin dekabrında səfər edib.

Həmin vaxt AzadlıqRadiosuna müsahibəsində amerikalı diplomat Azərbaycanda insan haqları ilə bağlı elə də nəzərəçarpacaq irəliləyiş olmadığını demişdi.

ABŞ nümayəndə heyətinin səfəri aprelin 18-də başa çatır.