Ölən əsgər yerinin dəyişdirilməsini istəyirmiş

Azerbaijan - soldier Emin Guliyev - 20Apr2013

-
4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər.

Anası Solmaz Quliyeva deyir ki, oğlu ilə 2 gün əvvəl danışıb:

«O, xidmət yerinin dəyişdirilməsini istədi, amma səbəbini açıqlamadı. Yalnız şirniyyat bişirib göndərməyimizi istədi».

Solmaz Quliyeva iddia edir ki, Emin çox iradəli və zəhmətkeş uşaq olub, özünü öldürəcək bir səbəb olmayıb:

«Oğlumu kiminsə yerinə bada veriblər. Onun gözünün birinin mənfi 1, o birinin isə mənfi 3 olmasını hərbi komissarlıq da təsdiqləyib. Lakin yenə də orduya aparıblar».

Emin Quliyev aprelin 21-də dəfn olunacaq.

Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Müdafiə Nazirliyin yaydığı məlumata görə, əsgər Emin Quliyev aprelin 20-si saat 00.35 radələrində tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb.