Konstitusiya dini azadlıq verir, qanunlar isə geri alır

ABŞ ənənəvi illik Beynəlxalq Dini Azadlıq hesabatını yayıb. 200 ölkəni və ərazini əhatə edən hesabatı Dövlət Katibi John Kerry təqdim edib. O deyib ki, dünyanın bir çox yerində dini azadlıqlar məhdudlaşıb. O, dini qrupların öz dininə əməl etməsi üçün çətin yerlər arasında Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı eləcə də Orta Asiyanın adını çəkib. Kerry həmçinin bildirib ki, avtoritar liderlər dini azadlıqları məhdudlaşdırır.

Hesabatın Azərbaycana aid bölməsində deyilir ki, Azərbaycan Konstitusiyası dini azadlığa təminat verir, bununla belə, digər qanunlar və aparılan siyasətlər praktiki olaraq dini azadlığı məhdudlaşdırır. Bu, o cümlədən bir sıra dini azlıqlara münasibətdə özünü göstərir.

Bir çox dini qruplara hökumət müdaxilə etmir ya da az müdaxilə edir. Dini təşkilatların hamısına qeydiyyatadan keçmə tələbi bəzi qrupları qeydiyyatsız qoyub, o cümlədən hökumətin qeyri-ənənəvi hesab etdiyi qrupları. Qeydiyyatsız qalma isə bu təşkilatları cərimələrə, məhkəmə qəraraları ilə qapadılmalara , polis gözüm-çıxdılarına həssas edir.

Hökumət bəzi dini ədəbiyyatın idxalını məhdudlaşdırmaqda davam edib.

Ümumiyyətlə, hökumətin dini azadlıqlara hörmət etməsi təmayülü son bir ildə əhəmiyyətli dərəcədə dəyişməyib.

Dini inanclara və ya ibadətə görə ayrı-seçkilik və ya sıxışdırmalar barədə də məlumatlar var.

Hesabatda Azərbaycanda dini demoqrafiya barədə deyilir ki, əhalinin 96 faizi müsəlmandır. Müsəlmanların isə 65 faizi şiədir, 35 faizi sünnidir.

Xristianlar əsasən Bakıda və iri şəhərlərdə yaşayır.

Bakıda təxminən 20 min yəhudi var və daha xırda yəhudi icmaları ölkənin bir sıra yerlərindədir.

Azsaylı dini qruplara lüteranlar, katoliklər, baptistlər, molokanlar, bahailər, 7-ci gün adventistləri daxildir.

Hesabatda deyilir ki, hökumət bəzi dini qrupları xarici və ya qeyri-ənənəvi hesab edir. Bunlara sələfilər, Yehova şahidləri, Hare Krişnalar daxildir.