-
"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən
İltifat Köçəri
Müharibə yeniyetməsi
Bu yerlərdə gecənin zülmətini çoxdandır ki, nə ay işığı, nə də sayrışan ulduzların parıltısı deyil, aya, ulduzlara acıq verirmiş kimi, atəşfəşanlığa bənzər,amma daha parlaq, daha haylı-küylü və əlbəttə ki, daha qorxunc görüntü yaradan mərmilər aydınladırdı. Bu mərmilər zifiri qaranlıqda öncə ulduz boyda görünür, sonra uğuldayır, uğuldadıqca böyüyür və nəhayət hansısa bir məkanı öz alovuna qərq edib guruldayırdı. Hər dəfə bu gurultudan sonra, alovun dişlədiyi bu yer Allaha tüpürürmüş kimi, üzü göylərə toz-duman püskürürdü. Və əlbəttə ki, sükut... Bu sükut nə ölümün, nə də Allah qorxusunun sükutu deyildi. Bu sükut növbəti parıltının guruldayaraq növbəti dişləyinə hazırlığı, nəfəs dərişi idi bu yerlərin.
Tez-tez kimi isə dəfn edirdik. Mərmilərin açdığı çuxurlar neçə-neçə insan udurdu.Biz dirilərə isə dan yeri ağaran kimi, cəsədləri bu çuxurlardan çıxarıb, başqa bir çuxur qazıb basdırmaq qalırdı. Hər iki halda Allahın dediyi olurdu–çuxur insan udmalıydı – udurdu da. Hansı çuxur olmasının nə fərqi?
Son iki ildə bu cür yaşayırdıq. Başımıza nəyin düşəcəyini, növbəti gecə kimlərin çuxura girəcəyini gözləyə-gözləyə, qulaqlarımızı, gecə düşən kimi yana - yana üstümüzə şığıyan alovlu mərmilərin uğultusuna şəkləyə - şəkləyə. Heç kim ev – eşiyini qoyub getmək istəmirdi, bəlkə də özünə sığışdırmırdı. Altı yüzə yaxın evdən ibarət olan bu kəndin hər tərəfindən ağılar ucalırdı. Anaların, bacıların, qız – gəlinlərin ağısı, kədərini ha gizlətməyə çalışsa da axırda hönkürən ata fəryadına qarışırdı. Yadıma düşəndə indinin özündə də tüküm ürpərir. Cavan bir gəlin körpəsinin parçalanmış cəsədini bağrına basıb, itmiş ayağını axtara axtara oxuyurdu. Oxuyurdumu, zarıyırdımı... ilahi!
Bəzən bir neçə gün sakitçilik olurdu. Bax onda, çuxur qazmaqdan yorulmuş bu camaat dincəlirdi. Dincəldikcə də, bir az öncə üsyan etdiyi Allaha şükürlər edir, bu dincliyin sonsuz olmasını diləyirdi. Bəzən də bu dincliyi bizdən heç də uzaq olmayan cəbhədən, öncə xəbəri, sonra cəsədi gətirilən şəhidlərimiz pozurdu. Kənd bir andaca başına daş düşmüş bu ata-ananın ünvanına axışır, hərə bir işin qulpundan yapışırdı. Kənddə on səkkiz yaşından yuxarı kişi qalmamışdı, əlbəttə ki, yaşlılar və bəzi şəxslərdən başqa. Ancaq belə halda kəndimizə bir düzünə əsgər gələr, cəsədi, camaatın artıq çoxdan qazdığı qəbrə qoyub, bir-iki ovuc torpaq atar, ürəklərini soyutmaq üçün bir daraq gülləni havaya buraxıb, çıxıb gedərdilər. Bax elə bu andaca qadınların fəryadı kəndi titrədərdi.
Hər nədənsə bu kənddə, əsgər ölümü daha ağrılı olurdu. Gecənin bir aləmində top və nə bilim daha hansı mərmilərinsə çuxurlara doldurduğu yaşlıların, qadınların və uşaqların ölümündən daha ağrılı. Bu əsgər də elə bu insanlar uğrunda ölmürdümü?! Mən bu ağrı fərqini heç vaxt anlamadım. Elə indinin özündə də.
Biz, yavaş-yavaş da olsa, nədən uzaqlaşdığımızı və nəyə yaxınlaşdlğımızı anlamağa başlayırdıq. Nə düz-əməlli ordumuz vardı, nə də silah-sursatımız. Daha əvvəlki inamımız da qalmamışdı. Bizim şəhərimiz təslim olmaz dedirdib, qürrələndirən inamımız. Qala zənn etdiyimiz şəhərdən də bir şey qalmamışdı. Hər gün bir az daha zəifləyir, bir az daha xarabaya çevrilirdi. Şəhəri demək olar ki, fasiləsiz vururdular. Başına od ələnən bu şəhər daha nə qədər dözəcəkdi ki?!
Bu hadisələrin başlanmasından düz səkkiz il öncə, 1980-ci ildə çoxuşaqlı bir ailənin sonuncu, səkkizinci övladı olaraq doğulmuşam. Düzü, mənim dünyaya gəlişim o qədər də istənilən olmayıb. Sonralar lətifəyə çevrilib danışılan bu hadisələrdə əlbəttə ki, həqiqət payı yüksəkdir. Anam uşaq böyütməkdən bezmiş olacaqdı ki, hələ bətnindəykən məni öldürmək üçün dərmanlar içir. Amma di gəl ki, təbiətin hansısa möcüzəsi nəticəsində mən bu bətnə elə möhkəm yapışıram ki, bir də zamanım tamam olanda, günəşli bir yaz günündə, toppuş bir körpə olaraq özümü xilas edirəm. Qələbəmi qeyd edirmiş kimi elə yüksəkdən qışqırırmışam ki, məni tutan qadın gülərək yanıma bir – iki sillə də çəkib.
Çox sonralar, bu dərmanların heç də zədəsiz ötüşmədiyi bəlli oldu – təkböyrək doğulmuşdum. Anam isə bu günahının cəzasını düz altı il sonra, 1986 – cı ildə çəkdi. Yazıq anam, bütün bədəni yara tökmüşdü. Paytaxtda ona “xroniki toksiki dermatit” diaqnozu qoyulmuşdu. Aylarla xəstə yatdı. O günləri qaranlıq da olsa xatırlayıram. Hər nədənsə həmin gün işıqlar sönmüşdü. Bayırda, külək ulartıya bənzər qəribə səslər çıxarır, aramsız yağan yağışı pəncərələrə çırparaq bu qaranlıq gecəni daha da vahiməli edirdi. Nənəmin hardansa tapıb çıxartdığı çıraq, zalın ancaq bir hissəsini, özü də güclə işıqlandırırdı. Hamımız burdaydıq - ikinci mərtəbənin böyük zalında. Anamı xəstəxanaya yola salmaq üçün böyükdən kiçiyə düzülmüşdük. Daha doğrusu, nənəm gecənin bir aləmində anamı yola salaq deyə bizi yuxudan oyadıb, buz kimi soyuq bu zalda yan-yana düzmüşdü. Tir-tir titrəyirdim. Anam bir-bir uşaqları öpüb bağrına basırdı. Nənəm isə ürək-dirək verir, sağ-salamat qayıdacağını deyib uşaqları sakitləşdirirdi. Bircə mən ağlamırdım. Anamın əşyaları olan çemodanı əlində tutan nənəm yalığının ucu ilə gözünü silirdi. Babam isə zalın o biri başında, qapıya yaxın yerdə dayanmışdı, üzü kədərliydi və susurdu. Anam mənə çatanda əyildi. Yanaqlarımı dartışdırıb gülümsəməyə çalışdı. Gözlərinin içi qan kimi qırmızıydı. Əllərimdən tutmuşdu, üzünü yaxınlaşdırıb yanağıma dayadı.
- Gələcəm, yaxşı?... – qulağıma pıçıldanan bu sözlər elə deyilmişdi ki, qollarımı boynuna dolayıb hönkürdüm. Anam da ağlayırdı, boynuma süzülən göz yaşları titrəyən bədənimi isidirdi. Anam üz-gözümdən öpür, məni sakitləşdirməyə çalışırdı. Birdən məni ehmalca kənarlaşdırıb bacılarıma və nənəmə baxdı. “Buna yaxşı baxın” – deyib yenidən hönkürdü.
Aylar sonra, anam sağalıb qayıtdı. Yaxşı ki, də qayıtdı. Yoxsa... İndi bütün bunları niyə xatırladığımı heç özüm də bilmirəm. Əslində isə sizə beş il ərzində yavaş-yavaş cəhənnəmə çevrilən bu cənnətdə nələr yaşadığımızı anladacaqdım.
I
Qulağıma uğultulu, qəribə səslər gəlirdi. Gözlərim alacalanır, gözlərimin önündə işıqlar yanıb-sönür, əcaib fiqurlar oynaşırdı. Yuxu gördüyümü zənn edirdim. Yarıyuxulu gözlərimi açmaq istəyirdim ki, elə bir gurultu qopdu ki, otaq titrəyib bir andaca işıqlandı. Diksinib ayıldım. Pəncərənin şüşələri hələ də cingildəyirdi.
Yenə də atırdılar. Gözlərimi ovuşdurub divardakı saatın əqrəblərini seçməyə çalışdım. Deyəsən dördə az qalırdı. Ürəyim bir az tez vururdu. Diksinib ayılmışdım, yəqin ki, ondandı. Yoxsa ki, bu hay-həşirə çoxdan alışmışdım.
Qalxıb pəncərəyə yaxınlaşırdım ki, qapı taybatay açıldı. Anam gecə köynəyində, bir az da həyəcanlı idi.
- Qalxmısan? Tez geyin, aşağı düşək. – anamın səsində güclə seziləcək bir qorxu vardı. Sanki, mənə nəsə olacağından qorxmuşdu.
- Qorxmadın ki? – təsəlliverici, mərhəmətli səsindəki qorxu itmişdi elə bil.
Gülümsundüm. Başımın hərəkəti ilə “yox” deyib, geyinməyə başladım.
Anam, deyəsən böyüdüyümü qəbul eləmək istəmirdi. Bəlkə də, inanmırdı. Nədən qorxacaqdım ki? Bu gün –sabah on üç yaşım olacaqdı. Bir də ki, gör neçə ildir bu gurultunun, bu parıltının, bu ölümün altında yaşayırdıq. Çoxdan alışmışdım. Bəlkə də anam məni, hələ də, doğulanda, günahına görə üzr istəyirmiş kimi, bərk-bərk bağrına basıb qoxladığı, itirməkdən qorxduğu körpəsi kimi görürdü, nə bilim...
Yarıqaranlıq zaldan keçib pillələri endik. Anam tələsirdi, guya ki, birinci mərtəbədə bizə bir şey olmayacaqdı. Əslində ilə, ölüm bizi tapmaq istəsəydi, harda olsa tapacaqdı, lap yerin dibinə girsəydik belə.
Birinci mərtəbənin zalı daha da qaranlıqdı. Mətbəxin işığı, azacıq aralı olan qapıdan zolaq kimi bu qaranlığın içinə süzülürdü. Babam balaca mətbəx stolunun arxasında oturmuşdu. Həmişə səliqə ilə daranmış olan uzun, bəyaz saçları bir az pırtlaşıqdı. Nəsə oxuyurdu, önündə balaca, qalın üzlü bir kitab vardı. Bəlkə də sadəcə vərəqləyirdi, bilmirəm...
Qapının ağzında dayandığımı görüb, əliylə yer göstərdi. Keçib oturdum.
Biz çox az hallarda belə üz-üzə əyləşmişdik. Bilmirəm, bu bəlkə də ilkdi, xatırlamıram. Onun olduğu yerdə sıxılırdım, həyəcanlanır, düşündüyüm şeyi qavraya bilmirdim. Onunla danışanda dilim dolaşır, söyləmək istədiyim cümləni sona çatdıra bilmirdim.Ən yaxşı halda isə cümləni sona çatdırsam da, özümün də anlamadığım əcaib bir şey alınırdı. Bu səbəbdən həmişə birbaşa təmasdan qaçırdım, bəlkə də babam özü bu şəraiti yaradırdı ki, sıxılmayım.
İndi isə mətbəx stolunun arxasında, üz-üzə oturmuşduq. Ürəyim elə çırpınırdı ki, elə bil indicə yerindən çıxacaqdı. Görən məni danlamayacadı ki? Dünən Rəhmanı yaxşıca əzişdirmişdim axı. Əclaf! Uşaqların içində sataşmasaydı vallah, bəlkə də bir-iki silləylə kifayətlənərdim, daha vurub ağzını-gözünü partlatmazdım. Kitablarıma lağ eləyirdi əclaf. İt oğlu itin dişinin yeri sağ əlimin üstündə, hələ də zoqquldayırdı. Görünməsin deyə, əlimi stolun altında gilzətmişdim.
Bu böyük mətbəxə çökən sükutu, soba yerləşən, mətbəxin o biri bölməsində, anamın eşələdiyi qab-qacağın taqqıltısı pozurdu. Görəsən gecənin bu aləmində nə iş görürdü anam? – ağlıma belə, mənasız fikirlər gəlirdi. Həyəcanımı yenmək üçün, beynimi məşğul etməyə bir şey axtarırdım. Amma nə? Arada bir isə gah uzaqdan, gah da yaxından gələn partlyış səsləri eşidilirdi. Deyəsən, bizimkilər də cavab atəşi açırdılar.
Əslində, babamdan bu qədər çəkinməyimin xüsusi bir səbəbi yox idi. Bircə dəfə də olsun, mənə nəinki əlini, heç səsini də qaldırmamışdı.Sadəcə mənə yox, qardaş – bacılarıma da. Heç anamla mübahisə elədiyini də eşitməmişdim. Onun zəhminin, bizim üzərimizdə bu qədər ağır olmasında, kəndimizin, qonşu kəndlərin və bütövlükdə rayonun onu sayıb-seçməsinin də rolu vardı . Yəqin ki, vardı. Bircə dəfə də olsun eşitməmişdim ki, kimsə babamı adıyla çagırsın və ya filankəs müəllim desin. Hamı sadəcə müəllim deyirdi. Halbu ki, kəndimizdə müəllim çox idi. Müəllim deyəndə isə, hamı söhbətin kimdən getdiyini bilirdi. Bəzən küçədə, yekə-yekə kişilərin, babamı görəndə papağını götürdüyünü, yaxasını düymələyib kənara çəkildiyini görürdüm. Səbəbini anlamırdım. Amma belə şeyləri görəndə, babamdan daha çox çəkinirdim nədənsə. Hərdən, qardaş – bacılarıma babamın gözündən üzaq, zəhmindən asudə olduqları üçün paxıllığım tuturdu. Hərdən də, onlar üçün elə darıxırdım ki...
İki il öncə, məktəbə ilk dəfə qrad mərmisi düşüb, ibtidai sinif müəlliməm olmuş Sevda müəllimə də daxil olmaqla beş – altı nəfəri öldürüb, bir neçəsini də şikəst eləyəndən sonra, məktəbin özü də şikəst kimi bir şey oldu. Daha, onun iri, qara darvazasını açan olmadı. Səssizliyə gömülüb, təpəsinə yağan, bu alovlu mərmilərdən yavaş – yavaş çökdü. Bu hadisədən bir müddət sonra, babam, uşaqları paytaxta, qadaşlarımın yanına oxumağa göndərdi. Babamın, iyirmibir il direktoru olduğu müddətdə, tikdirib böyütdüyü, inkişaf elətdirdiyi bu məktəbin çökməsi ilə, kəndimizdə təhsil də çökmüşdü. Bizim ailədə isə, təhsil öncə gəlirdi, hər şeydən öncə.
- Xanım, onsuz da yatası deyilik, çay qoy içək – Babamın səsi, hər zamankından bir az daha yumuşaq, bir az daha mehriban gəlmişdi mənə. Amma yenə də səksənmişdim. Yerimdə qurcalandım. Əlimdəki yaranı ovuşdururdum. Babamın bu hallarını elə sevirdim ki, gözümdə bir az daha ucalır, bir az daha müqəddəsləşirdi.
- İçirsən? – balaca, qalın üzlü kitabı qatlayıb, kənara itələdi.
- Hə - elə qəfləti cavab vermişdim ki, gülümsündü.
- Bir şey oxuyursan, yoxsa? – bayaqkı həlim, mehriban səsi bir az ciddiləşmişdi.
Axşam oxuyub, bitirdiyim “Dirilmə” əsərini xatırlayıb
- Oxuyuram – sakitcə dedim.
Bu qısaca söhbətimizi anamın gəlişi kəsdi. Çayları düzüb, oturdu. Mürəbbə qabının qapağını açıb, kənara qoydu. Hərəmiz öz içimizdəki tənhalığa gömülüb, susurduq. Önümüzdəki armudu stəkanlardakı çayalar isə, bizi bu tənhalıqdan çəkib çıxarmaq istəyirmiş kimi, ele hey buğlanırdı.
- Görəsən, uşaqlar neynir? – anamın kövrək, doluxsunmuş səsi eşidildi.
- Bilmirəm... danışmamışam – babam kədərli – kədərli cavab verdi.
- Yazıqlar... evdən-eşikdən uzaq... Anam sözünü bitirmədən susdu. Çoxdandır görmədiyi balalarını qucaqlayırmış kimi, önündəki stəkanı ovuclarında sıxıb, doluxsundu.
Hərdən, anama yazığım gəlirdi. Gizlində ağladığını görürdüm bəzən. Hərdən də fürsət düşəndə, məni bağrına basıb, eləcə dururdu. Yeddi balasının qoxusunu da, elə bil məndən alırdı. Bəlkə də, məni həyan, təsəlli olum deyə yanlarında saxlamışdılar. Yoxsa, məni də yəqin ki, çoxdan paytaxta oxumağa göndərərdilər. Bu on otaqlı, iki mərtəbəli nəhəng evdən, səkkiz uşaqdan heç olmasa birinin səsi gəlməliydi axı. Mənim isə səsim, öz içimdə eşidilirdi, bəzən də dostlarımla olanda.
Bu nəhəng evin altında, əslində hər üçümüz tənhaydıq. Babamın həmişə işi olurdu. Gah rayon mərkəzində hansısa iclaslarda, gah orduya yardımla bağlı hansısa işlərdə. Evdə olanda isə, ikinci mərtəbədəki iş otağından çox nadir hallarda çıxardı. Hərdən, iş otağının aralı qalan qapısından, babamın düşüncəli, kədərli üzünü görürdüm. Onda, mənə elə gəlirdi ki, onun ürəyi bu tənhalıqda, elə indicə partlayacaq. Qaçıb, onu qucaqlamaq, öpmək istəyirdim. Amma ayaqlarım yerimirdi. Görəsən yüyürüb, səni sevirəm deyib, qollarımı boynuna dolasam neyləyərdi? Acıqlanmazdı ki?
Anam isə, həmişə özünə bir iş tapıb, başını qatmağa çalışırdı. Lazım oldu – olmadı otaqları təmizləyir, gah çörək bişirir, gah da toyuq cücəyə dən səpirdi, amma yenə də darıxırdı. Bunu, onun hər tıqqıltıda darvazaya zillənən gözlərindən oxuyurdum.
Mənim isə başqa bir aləmim vardı – kitablar. Heyf deyil, özünü hansısa bir əsərin qəhrəmanının yerinə qoyub, macəradan-macəraya, çətinliklərdən keçib xoş günlərə, daha nə bilim haralara uçursan. Elə bizim həyatımız da macəraydı. Bircə fərqi vardı, bizim macəralardakı ölüm, həqiqi idi. Daha, ayılıb, bu əsərdir deyə bilməzdin.
- Yuxun gəlirsə get bizim otağımızda yat – anamın buz kimi soyuq əli kürəyimi üşütdü.
- Yox, yatmıram.
Nə qədər beləcə oturduğumuzu deyə bilmərəm. Pəncərələrdən görünən zülmət ağarıb, ağacların yarpaqları toran da olsa seçiləndı, əsnəyirdim. Atəş səsləri də səngiməyə başlamışdı. Allah bilir neçə ev, neçə ailə viran qalmışdı. Kim bilir... bəlkə bir gün o mərmilərdən biri də elə bizim evə düşəcəkdi.
- Get, get yat – babamın yorğun səsi sükutu pozdu.
Qalxdım.
- Yuxarı gedirsən? – anam soruşdu.
- Hə.
- Axı...
- Dəymə, qoy getsin – babamın yorğun səsi bu dəfə anamın sözünü kəsdi.
Qapını ehmalca çəkib, çıxdım. Bayaqkı qaranlıq zalı, pəncərələrdən süzülən südrəngi ağ işıq aydınladırdı. Zaldan keçib, həyətə çıxdım. Hava əməlli – başlı işıqlaşmışdı. Üfiq yenicə qızarmağa başlayırdı. Bu gün gərək, imkan olsa, Rüstəmə də baş çəkəydim. Çoxdandır getmirdim.Görəsən necədir? Daş pillələri, ayağımı sürüyə - sürüyə qalxdım. Otağımın qapısı açıq qalmışdı. Sübhün ayazını canına çəkmiş, buz kimi yatağıma elə paltardaca uzanıb yatdım.
II
Gözlərimi açıb sübhün ayazından qurumuş bədənimin qırışığını açmaq üçün gərnəşəndə, saat on ikiyə qalırdı. Bədənimin hər yeri ağrıyırdı.Əynimi dəyişməyə tənbəllik edib paltarlı yatanda həmişə belə oyanırdım. Gün işığı pərdədən yetim pəncərəmdən süzülüb yatağımın ayaq tərəfinə qədər uzanırdı. Qalxıb oturdum. Toplan yatağımın yanındakı ayaqaltının üstündə büzüşüb yatmışdı. Başını ayaqları arasında elə gizlətmişdi ki, elə bil top idi. Görəsən bu pişik axşamkı hay-həşirdə hardaydı. Bəlkə də elə indiki yerindəymiş. Mən görməmişdim.
Pəncərədən baxdım, küçədə elə bir hərəkətlilik yox idi. Axşamkı bombardımandan salamat çıxmışdıq deyəsən. Bir hadisə baş vermiş olsaydı, indi bu küçədə adam əlindən tərpənmək olmazdı.
Qurumuş bədənimi tərpədə-tərpədə keçib yatağımda oturdum. Elə bil yüz ilin yorğunuydum.Mədəm də bir tərəfdən sancır,dünən günortadan bəri heç nə yemədiyimi xatırladırdı.Üzbəüz divardakı güzgüdə, saçları qarışmış,ovurdları batmış,sifətindən zəhrimar yağan qarayanız əksim boylanırdı.Hətta mənə elə gəldi ki,onsuzda qarabuğdayı olan dərim bir az daha qaralıb.Halbu ki,xəstə də deyildim.Gözlərimin şişkinliyi isə yorğunluqdan olacaqdı.
Zaldan ayaq səsləri eşidildi.Cəld qalxıb saçımı daradım,paltarımın qırışını açmaq üçün üst-başımı çırpıb səliqəyə saldım.
Tənbəl hələ yatıb? – Rafiqin cingildəyən, şən səsini tanıdım, anamın güclə eşidilən gülüşünü də.
Qapı tappaturupla açılanda, artıq qapının önündə hazır dayanmışdım.
Rafiqin həmişəki, gülər üzü qarşımdaydı. Zalın o biri başında, ikinci mətəbənin giriş qapısının önündə isə önlük bağlamış anam dayanmışdı.
- Çox ləngiməyin, gəlin aşağıda yemək yeyin! – qapının ardından, görünməyimi gözləyirmiş kimi tezcə dilləndi.
-Yaxşı – deyib ,Rafiq içəri keçən kimi qapını örtdüm. Keçib yatağın ayaq tərəfində oturdu.
- Bu vaxt da adam yatar ə?
- Yatmamışdım.
- Saat bilirsən neçədir? - əliylə divardakı saatı göstərdi.
- Yatmamışdım. – bu saata qədər yatmaq, eyib bir şeymiş kimi inadla təkrarladım.
- Nəysə, gəl otur görüm! – yatağı əliylə yüngülcə döyəcləyib, amiranə şəkildə yer göstərdi.
Oturdum.
Bunu gözləyirmiş kimi, tezcə bardaş qurub, yataqda yerini rahatladı. Elə bil nə isə vacib bir şey danışacaqdı.
- Həə... Tap görüm, kimi görmüşəm? – verəcəyi xəbərdən muştuluq uman adam kimi əlini ovuşdurdu. Bu, Rafiqin köhnə adətiydi, danışanda əllərini ovuşdurur, sanki bununla da sözünün təsirini artırmağa çalışırdı.
- Kimi? – maraq dolu nəzərlərimi Rafiqin məndən də beş-betər arıq, uzun sifətinə zillədim. Bic-bic gülümsəyirdi.
- Hə, tap görüm! – onsuz da ciyiltili olan səsi, bir az daha yüksəkdən ciyildədi.
- Rafiq... Sən Allah bəsdir, sənin tapmacana halım yoxdur – üzümü yana çevirdim.
- Əhh... Leylini.
- Harda? – qeyri – iradi Rafiqə tərəf çöndüm.
- Nə oldu? Bəs indicə halın yox idi – güldü.
- Rafiq... Bəsdir! – səsimi qaldırdım.
- Bura gələndə gördüm, deyəsən nənəsigilə gedirdi, iyirmidörtlərə. Əlində də kitab vardı, belə, - barmaqlarını yaxınlaşdırdı – nazik bir kitabdı. Sən vermisən?
- Nə? Mən niyə ona kitab verməliyəm ki, kitab paylayanam? Bir də ki, onu harda gördüm ki, kitab da verəm! – Birnəfəsə, tələsik, sanki kimdənsə acıq çıxırmışam kimi, hirslə dedim.
- Yaxşı, yaxşı, qızışma! Niyə əsəbləşirsən? Kəndin kitabxanası keçən il yanmadı? Sizdən başqa da heç kimin evində kitabxana yoxdur. Ona görə...
- Yox, mən verməmişəm! – sözünü kəsdim.
- Nə bilim, dedim bəlkə görüşmüsünüz – qımışdı.
Cavab vermədim. Rafiq Leyliyə olan münasibətimi necəsə hiss eləmişdi, fürsət düşəndə mənə sataşırdı. Xeyli susduqdan sonra, sohbəti dəyişmək üçün dedim:
- Gedək çörək yeyək, acından ölürəm.
Mətbəxin bir küncündə, yerdən salınmış süfrənin üzərində, bəlkə də iyirmiyə yaxın təndir şörəyi buğlanırdı. Mətbəxi elə bir xoş qoxu bürümüşdü ki, adam istər – istəməz iştaha gəlirdi. Axşam ətrafında oturduğumuz stolun üzərində isə, səhər yeməyi üçün lazım olacaq hər şey düzülmüşdü.
Anamın, bu qədər çörəyi kim üçün bişirdiyi məlum deyildi. Kim yeyəcəkdi axı bu qədər çörəyi? Uzağı iki – üç günə, quruyub daşa dönəcəkdilər. Amma, anam vərdiş eləmişdi. Hər dəfə, qardaş – bacılarımın da evdə olduğu vaxtlardakı kimi, eyni sayda – iyirmi – iyirmiiki çörək bişirirdi. Sonra isə, quruyub zay olmasın deyə qonşulara paylayar, paylamağa adam tapmayanda isə çörəklər qalıb quruyar, anam isə onları ovub, toyuq – cücəyə tökərdi.
Rafiqin qamarlayıb, əli yanmasın deyə atıb – tutduğu çörəkdən kəsib, arasına pendir doldurub, iştahla yedik. Mən, çayımı içib qurtaranda, Rafiq hələ də qucağında tutduğu çörəyin, yanıb, qurumuş kənarlarını həvəslə dişinə çəkirdi.
- Ana! – həmişəki kimi mətbəxin o biri hissəsində qab – qacaq cingildədən anamı səslədim.
Mətbəxin iki hissəsini ayıran qapı yerindən asılmış pərdəni aralayıb baxdı.
- Biz bağa gedirik.
Rafiq təəccüblə üzümə baxdı. Ona heç nə deməmişdim.
- Əsgərlərə çörək aparacağıq – fikrimi tamamladım.
Anam elə bil sevindi. Əllərini önlüyünə silə - silə pərdənin ardından çıxdı. Çəkməcələri eşələyib, parçadan tikilmiş, iri bir torba çıxarıb, çörəkləri yığmağa başladı. Bu torba çox iriydi, bəlkə də bizim yarımız boyda olardı. Bu böyük çörəklərdən yeddincisini güclə yerləşdirib qalxdı.
- Yazıqlara nə verirlər axı, aparın yesinlər, savabdı.
Hərəmiz, bu iri torbanın bir qulpundan yapışıb, yola düzəldik. Rafiq, hələ də tələsik ağzına doldurduğu sonuncu tikəsini çeynəyirdi.
III
Şəhrili məhəlləsini keçib, təzə məhəlləyə çatanda, yük yeri silahlı əsgərlərlə dolu hərbi yük maşını, yanımızdan sürətlə keçib, meşəyə doğru şütüdü. Günəşin qurutduğu bu torpaq yoldaan elə bir toz – duman qalxdı ki, bir – birimizi güclə görürdük. Bir dəqiqəlik kənara çəkilib, dayandıq. Havalanan toz yavaş – yavaş seyrəlir, təzə məhəllənin adda – budda yerləşən evləri görünməyə başlayırdı. Bir az öndə, balaca bir meydançada, azyaşlı yeddi – səkkiz uşaq, havası çıxıb büzüşmüş iri bir topu qovurdular. Onlardan bir az öndə isə, keçən gün əzişdirdiyim Rəhman, üç nəfər başqa taytuşumuzla söhbətləşirdi. Buranın, Rəhmangilin məhəlləsi olduğunu ancaq indi xatırlamışdım. Geriyə dönə bilməzdim, Allah bilir nə fikirləşərdilər. Ancaq o da vardı ki, onlar indi dörd nəfər idilər. Əgər istəsəydilər, bizi yaxşıca döyərdilər.
Rafiqlə baxışdıq, boş olan sağ əlimi sıxıb düyünlədim. Rəhman mənə elə acıqlı – acıqlı baxırdı ki, elə bil məni indicə öldürəcəkdi. Yanlarına çatanda baxışdıq. Sol gözünün altında, yumruğumun yeri hələ də qaralırdı. Üst dodağında isə iri bir qərtmək vardı. Nəsə , bircə kəlmə də olsa söz deməyini gözləyirdim ki, sol əlimdəki torbanın qulpunu buraxıb, üzərinə atılım. Amma yox... heç nə demədi. Deyəsən, döyülmək ağıllandırmışdı onu. Bəlkə də, alçaq elə bilirmiş ki, bütün günü kitab oxuyuram deyə, əlim yoxdur. Yanlarından keçib, dərin nəfəs aldım. Bayaqdan sıxıb, saxladığım əlim ağrıyırdı. Keçən günkü davada , Rafiq özünü, bizi ayırırmış kimi göstərsə də, fürsətdən istifadə Rəhmana bir – ikisini çəkmişdi. Xətasız ötüşdüyümüzə sevinə - sevinə meşənin yolunu tutduq.
Meşəyə yaxınlaşdıqca, evlər seyrəlir, yarımçıq tikililər görünürdü. Bəzi tikililər isə, zəif də olsa tüstülənirdi. Yəqin ki, dünən axşam vurmuşdular.
Rafiq, boşda qalan sol əlini oynada – oynada, hərarətlə nəsə danışırdı. Amma indi ona qulaq asacaq halda deyildim, fikrim Leylinin yanındaydı. Kitablara marağı olduğuna inansaq, demək ki, bu bəhanəylə necəsə onunla münasibətimi istiləşdirə bilərdim. Daha, qarşılaşanda utandığımızdan qızarmış sifətlərimizi gizlətməyə yer axtarmazdıq. Heç olmasa, bircə kəlmə də olsa söz kəsərdik. Bu bircə kəlmə, inanın ki, mənim üçün möcüzə kimi bir şey olardı. Onun qəşəng, ala gözlərinin içinə, bircə saniyə dayanmadan baxa bilsəydim. Off...Hardaydı məndə o cəsarət. Bir də ki, o gözəl, həlim səsiylə məni bircə dəfə çağırsaydı, mənimlə danışsaydı, nə olardı görəsən?! Ehh...
- Səninlə deyiləm?! – Rafiq, bir qulpundan yapışdığı torbanı dartışdıranda ayıldım.
- Nə?
- Zəhrimar! Bayaqdan nə deyirəm sənə? Yatmısan? – ona qulaq asmamağım deyəsən xətrinə dəymişdi.
- Nə deyirdin? Könlünü almaq üçün gülə - gülə soruşdum.
- Ta heç nə!- addımlarını sürətləndirdi.
Etiraf edim ki, hərdən Rafiqin cinlənib özündən çıxması xoşuma gəlirdi. Amma indi, bilərəkdən hirsləndirməmişdim onu.
Meşəyə çatmışdıq. Qocaman, hündür palıd ağaclarının sıx yerləşmiş budaqlarının arasından, parlaq yaz günəşi güclə, özü də arabir görünürdü. Ensiz, dar bir cığırla gedirdik. Gün düşməyən bu sıx meşəlik soyuq idi, Düzü, bir az da vahiməliydi.Fasilələrlə atılan avtomat güllələrinin səsindən və bir də meşənin uğultusundan başqa heç nə eşidilmirdi. Nə bir quş səsi, nə də başqa bir şey, heç nə. Dinməzcə gedirdik. Ayaqlarımız altında qalan qurumuş yarpaqlar xışıldayırdı.
- Ay uşaq, burda neynirsiz? – qərərgah artıq görünməyə başlayırdı ki, arxadan kimsə qışqırdı.
Səksənsək də biruzə vermədik. Ağacların arasından, şalvarının qabağını düymələyə - düymələyə, əsgər formasında, yekəpər, orta yaşlı bir kişi çıxdı. Qapqara lopa bığı, enli sifətinin az qala yarısını örtmüşdü. Başında papaq vardı, çiynindən isə, qundağı qatlanmış koloşnikov sallanırdı.
- Rüstəmin yanına gəlmişik – həyəcanımın başından basa – basa dedim.
- Rüstəm kimdir ə? – bizə yaxınlaşa – yaxınlaşa saymazyana soruşdu.
- Əsgərdir... burda - əlimi qərargaha tərəf uzatdım.
Diqqətlə bizi süzdü. Nəhayət ki, şalvarının qabağını bağlaya bilmişdi. Bizə çatıb dayandı.
- Hansı Rüstəmdir e o? Familyası nədir? – bu yekəpər, ya burnunda danışırdı, ya da üzünün yarısını tutmuş lopa bığı ona mane olurdu.
- Bilmirəm, - familyasını soruşmaq heç ağlıma da gəlməmişdi – belə, orta boylu, sarışın oğlandı, Bakılı.
- Bakılı? – yekəpər, enli sifətini turşudub, düşüncəli bir görkəm aldı və nəhayət axtardıgını tapdığına sevinən adam kimi gülümsündü, lopa bığları dartılıb uzandı.
- Gəlin görüm! - əlimizdəki torbaya diqqətlə baxıb, qabağa düşüb, qərərgaha tərəf getməyə başladı.
Rafiqlə baxışıb gülümsündük. Yekəpər uzaqlaşırdı. Əlimizdəki torbanı yellədə - yellədə ardınca getdik.
Qərərgahın girəcəyində, ağacların arasında gizlədilmiş tankın yanında beş ya da altı əsgər oturmuşdu. Yanıb qurtarmaqda olan siqareti, bir-birinə ötürə - ötürə iştahla sümürüb susurdular. Yekəpər yaxınlaşıb nəsə soruşdu. Əliylə, ardınca gəlməyimizi işarə eləyib, içəri keçdi. Getdik. Bura, dörd tərəfini sıx yerləşmiş ağacların əhatələdiyi boş bir əraziydi. Ordunun qərərgahı burda yerləşirdi. Tankları ağacların arasında gizlətmişdilər, boş ərazinin kənarları boyu, ağaclara yaxın yerdə isə, dairəvi şəkildə çadırlar qurulmuşdu. Əsgərlərdən solda, üzərinə çadır salınmış nəsə vardı. Yanından keçəndə diqqətlə baxdım, çadırın bir küncündən əsgər çəkməsi görünürdü. Yəqin ki, dünənki döyüşdə ölən əsgərlərin cəsədləri idi. Əgər yanılmırdımsa, çadırın altındakı həqiqətən də cəsəd idisə, burda dörd, bəlkə də beş cəsəd olmalıydı, çadır çox enliydi. Qabaqda solda, qurumuş bir palıd ağacının yanında, balaca, sısqa bir əsgər, sönüb tüstülənən ocağı üfürüb qalamağa çalışırdı. Burdakı heç kəsi tanımırdım. Əvvəllər bura, Rüstəmin yanına gələndə, demək olar ki, əsgərlərin çoxu ilə tanış olmuşdum. Yaxından tanımadıqlarımı da, heç olmasa üzdən tanıyırdım. Bura gəlmədiyim on iki – on üç gün ancaq olardı. Onda, nə bu lopabığ, nə bu sısqa əsgər, nə də tankın yanındakı əsgərlər yox idi. Yəqin ki, yeni gəlmişdilər.
Yekəpər, çadırlardan birinin önündə dayanıb, başını içəri soxdu. Nəsə soruşurdu. Geri çəkiləndə isə, içəridən, otuzbeş – qırx yaşlarında, hündür bir kişi çıxıb, Rüstəmin dünən gecə kəşfiyyata getdiyini, hələ də qayıtmadığını, bir sözümüz varsa çatdıra biləcəklərini söylədi. Nə sözümüz olacaqdı ki?! Çörəkləri verib qayıtdıq.
Meşədən çıxana qədər qaçdıq. Rafiq məndən də sürətlə qaçırdı. Yəqin ki, ürəyində məni söyürdü. Düzü bu dəfəki gəlişimiz heç mənim də ürəyimdən olmamışdı. Əvvəllər Rüstəmin yanına gələndə, bizi belə soyuq qarşılamazdılar. Gətirdiyimiz yeməkləri əsgərlər elə iştahla yeyərdilər ki, biz də həvəslə onlara qoşular, birlikdə yemək yeyər, onların döyüş söhbətlərinə qulaq asar, deyib – gülərdik. Hərdən bizə güllə də bağışlayardılar. İndi isə elə davranmışdılar ki, bir də çətin ki, bura gələydim. Amma Rüstəmdən yaman narahat idim. Əgər dedikləri kimi, həqiqətən də kəşfiyyata getmişdisə, bu saata qədər gərək ki, çoxdan qayıdaydı. Gün günorta olmuşdu. Bircə başına bir iş gəlməsin.
Birdən, çadırın altından görünən çəkməni xatırladım. Bəlkə... Soruşmadığıma peşman olmuşdum, gərək çadırın altında nə olduğunu öyrənəydim. Bir də ki, əgər Rüstəm ölmüşdüsə, mənə niyə deməyəydilər ki? Mən ki, onun qohumu deyildim. “Yox, ona heç nə olmayıb, yəqin ki, hardasa ləngiyib” – özümə təsəlli verirdim.
Meşəni çıxanda dayandıq. Rafiq əllərini dizlərinə dayayıb tövşüyürdü. Yanına çatanda qolumdan yapışıb dikəldi. Güclə nəfəs alırdıq.
- Bizə deyən lazımdır ki, nə itiniz azıb orda! – Rafiqin səsi elə gülməli çıxdı ki, gülüşdük. Amma tezcə də susduq. Bizdən yüz əlli – ikiyüz metr qabaqda tabut aparırdılar. Amma çox da hay – küylü bir cənazəyə bənzəmirdi. Yəqin ki, yaşlı adamdı. Qabaqda gedən əmmaməli molla Quran oxuyur, onun ardınca isə, tabutu götürən dörd nəfər yaşlı adam asta – asta yeriyirdilər. Onlardan arxada isə on – oniki adam səssizcə, sanki hörmət xatirinə ayaqlarını sürüyürdülər. Cənazəni keçib gedə bilməzdik, hörmətsizlik sayılırdı. Onun keçib getməsini gözləsəydik də, çox gec olacaqdı. Cənazənin yolu uzaqdı. Şəhrili məhəlləsindən keçib, əsas yolla ta məktəbin yanına qədər gedib, Qarqarın sahilindəki qəbristanlığa dönəcəkdi. Ara yollardan keçib, hərəmiz öz evimizə getdik.
IV
Həyətdə heç kim görünmürdü. Heç kim deyəndə ki, babam onsuz da bu vaxtlar heç vaxt evdə olmurdu. Anam da yəqin ki özünə bir iş çıxarıb başını qatırdı. Elə bir səssizlik çökmüşdü ki, elə bil bu evdə, bu həyətdə illərdir kimsə yaşamırdı. İkinci mərtəbənin aralı qalmış qapısı yüngülcə əsən mehdən cırıldayırdı. İçimə nəsə bir ağırlıq çökdü, özümü o qədər tənha hiss elədim ki, ürəyim sıxıldı. Toplanın isə kefi yerindəydi, yenicə tutduğu sərçəni tut ağacının kölgəsinə çəkib acgözlüklə gəmirirdi.
Anamı tapmaq üçün evə keçdim. Onsuz da darıxan anamın qayıtdığımı bilib, rahatlanmasını istəyirdim. Bu kimsəsiz, nəhəng evi dolduran səsim, yad və vahiməli bir səs kimi gəldi qulaqlarıma. Qardaş – bacılarım burda olanda isə, bu böyük evi gülüş, musiqi, mübahisə səsləri bürüyərdi. Hərdən, xətrimə də dəyərdilər. Aralarında kifayət qədər yaş fərqi olan səkkiz uşağın bir – biri ilə yola getməsi heç də asan deyildi. Yadımdadır, bir dəfə, hər kəsdən gizlətdiyim gündəliyimi tapıb, nahar süfrəsində, ucadan oxumuşdular. Əlbəttə ki, hamı gülürdü. Yerin dibinə girmişdim. Əlimə keçən ilk əşyanı qapıb, gündəliyi oxuyan dördüncü qardaşımı, gücüm tükənənə qədər qovmuşdum. Tuta bilməyəndə isə oturub, hönkür-hönkür ağlamışdım. O gündən sonra, birdə gündəlik yazmadım.
İndi o günləri qaytarmaq üçün hər şeydən keçərdim, keçiləsi nəyim vardısa. Bircə, ailəlikcə sevinib, kədərləndiyimiz o gözəl günlərimiz geri qayıdaydı.
Zalın ortasındakı uzun yemək stolu hər zamankı yerindəydi. Stulların tərs çevrilib,stolun üzərinə düzülməsindən bilmək olurdu ki,anam yenə də təmizlik işi görüb.
Sağda birinci otaq anamgilin yataq otağı idi. Bu balaca otaqda hərəsi bir küncə qoyulmuş iki ədəd bir nəfərlik yataq var idi, baş tərəfdə, pəncərəyə yaxın yerdə isə balaca yazı masası. Sol divarda böyükdən kiçiyə hamımızın çərçivələnmiş ayrıca rəsmi asılmışdı.
Bu otağın yanında, havalansın deyə qapısı və heç olmasa pəncərəsinin bir gözü daima açıq saxlanılan böyük kitabxanamız yerləşirdi. Bura bizim məbədimizdi. Biz, həyatı digər kənd uşaqları kimi həyatın özündən deyil, bu kitablardan öyrənmişdik. Hündürlüyü tavana qədər çatan, otaq boyu sıx yerləşmiş rəflərin arasından bir adam ancaq keçərdi. Və bu rəflər əlbəttə ki, ağzına qədər dolu idi. Burada babamın uzun illər ərzində topladığı kitab və jurnallar var idi. Müəyyən bir hissəsini elmi, böyük əksəriyyətini isə bədii ədəbiyyatın təşkil etdiyi bu kitabxana bizim evin ürəyiydi. Kimi və hansı əsəri desən tapmaq olurdu. Məni ilk növbədə bu kitabxananın böyüklüyü, möhtəşəmliyi sehrləmişdi. Bu rəflərin arasında gəzib, kitabları vərəqlədikcə necə böyük bir dünyaya sahib olduğuma sevinib, bu kitablara təkrar-təkrar vurulurdum. Burda yüz iyirmi mindən artıq kitab vardı. Bu rəqəmi ilk dəfə babamdan eşidəndə heyrətləmişdim. Yeri gəlmişkən, baba deməyim sizi çaşdırmasın. Biz atamıza baba deyirdik. Bunun səbəbi və tarıxcəsi isə sadəydi. Ailənin ilk övladı olan böyük qardaşım dil açanda, o dövr üçün dəbdə olan, yəqin ki, hansısa qonşu uşağının ağzından götürdüyü “papa” sözünü təkrarlamağa çalışmış, amma uşaq dilinin sürçməsi nəticəsində bu”papa” necəsə çevrilib baba olmuşdu. Və ondan sonra gələn bütün uşaqlar və əlbəttə ki, mən də eşitdiyimizi təkrarlamışdıq.
Kitabxanadan solda yan-yana yerləşən üç otaqdan birincisi bacılarımın otağıydı, ikinci otaqda isə oğlan uşaqları, yəni biz qalırdıq. Mətbəxlə üzbəüz yerləşən sonuncu otaqda isə adətən ehtiyat ərzaq və sair saxlanırdı. Buranı nədənsə arxa otaq adlandırırdıq. İkinci mərtəbənin də quruluşu eynən beləydi, bircə böyük şüşəbəndinin olması ilə fərqlənirdi. İndi boş qalan bu otaqlara baxdıqca hiss olunmadan bu hala necə düşdüyümüzü anlamağa çalışırdım.
Düzü, bu erməni söz-söhbəti başlayanda, səkkiz yaşı tamam olmamış bütün uşaqlar kimi mən də heç nə anlamırdım. Ancaq onu bilirdim ki, indi bizim avtobusları daşlayan, kəndlərə basqınlar edən bu adamlar, bizim indi yaşadığımız evi tikən adamlardır. Ona görə də, məndə belə bir fikir formalaşmışdı ki, sən demə bu adamlar əslində çox pis adamlarmış və bunun üçün də onları tutub cəzalandırmaq, ən azından yaxşıca kötəkləmək lazımdır. Amma zaman keçdikcə, hadisələr daha geniş miqyas aldıqca və əlbəttə ki, mən böyüdükcə, bütün bu hadisələrin əslində nə anlam kəsb etdiyini, yaşımın və düşüncəmin imkan verdiyi səviyyədə anlamağa başlayırdım. Babam o ərəfələrdə hər gün şəhərə gedirdi, hər dəfə də qanı qaralmış, əsəbi qayıdırdı. Və bir gün yenə şəhərdən qayıdıb anama danışırdı ki, iki oğlanı öldürdülər. Bu hadisədən sonra elə bil ilk dəfə qorxdum. Bir az sonra isə kəndimizə çaxnaşma düşdü. Hamı əlinə keçən yabanı, baltanı hətta çomağı götürüb kəndin şəhər tərəfən olan girəcəyinə cumurdu. Bir müddət sonra isə burda post deyilən bir yer düzəldib növbə çəkirdilər. Bir dəfə dostum Rafiqi də götürüb, axşamın qaranlığında ora getmişdim. Burda yekə-yekə kişilər çay içir, nərd oynayır, söhbətləşirdilər. Bizi görəndə o ki, var gülmüşdülər. Elə utanmışdım ki, bir də o tərəflərə üzümü də tutmadım. O günlərdən bir də, bir telefon zəngi qalmışdı yaddaşımda. Axşam yeməyinə oturmuşduq. Babam qalxıb dəstəyi götürdü. Kiminləsə uzun-uzadı danışdı. Qayıdıb oturanda anama , zəng edənin Xudu müəllim olduğunu, Xındırıstanda olduğunu, imkan olsa bizə də gələcəyini dedi. Amma Xudu müəllim gəlmədi. Yadıma gəlir, elə həmin ilin axırlarıydı. Babam yığışıb, təcili Bakıya getdi. Bir neçə gündən sonra qayıdanda anama deyirdi ki, “Bu hadisələrə dözə bilmədi, heyf Xudu müəllimdən,heyf!” Xudu müəllim ölmüşdü. Çox sonralar bildim ki, Xudu müəllim dünya şöhrətli alim olub. Babam hələ əllinci illərdə tələbə olarkən bir müddət onun evində qalıb. Yaxın dost imişlər.
Darıxırdım. Bayaqdan gəzdiyim bu kimsəsiz ev də məni bir tərəfdən sıxırdı, susamışdım. Mətbəxin azacıq aralı olan qapısını itələyib açdım. İçəri atdığım ilk addımdaca gözümə stolun üzərindəki Mopassanın hekayələr kitabı sataşdı. Götürüb vərəqlədim. Bu kitabı keçən il oxumuşdum. “Eybəcərlər anası” məni elə sehrləmişdi ki, dəfələrlə oxumuşdum. Amma, indi bu kitabı bura kim qoya bilərdi ki? Anammı? İnanmıram, anamın “Elm və həyat” jurnalından və bir də bəzi sovet yazıçılarından başqa nə isə oxuduğunu görməmişdim. Bəs onda kim? Səhər yeməyini yeyəndə bu kitab burda deyildi. Babam da evə gəlmədiyinə görə yəqin ki, yenə də anam. Başqa kim olacaqdı ki?
Kitabı örtüb yerinə qoydum. İçimdəki bu sıxıntını atmaq üçün harasa getməli, başımı necəsə qatmalı idim. Həyətə çıxdım, baxçaya, həyətin təndirxana yerləşən uzaq küncünə də baxdım. Anam yox idi. Yəqin ki, qonşuya keçmişdi. Darvazanı çəkib çıxdım.
Hələ axşama xeyli vardı. Günəşin hərarəti bir az azalmışdısa da, hiss edilirdi. Sağlı-sollu evlərin yerləşdiyi məhəlləmizin tozlu, torpaq yolundan keçib əsas-asfalt yola çıxdım. Bu yol kəndin əsas yoluydu. Burdan bir az önə gedib, sola döndünmü “ İyirmi dördlər” ə, nənəmgilin məhəlləsinə çıxırdın. Sağda isə ağsaqqalların yığışıb dərdləşdiyi, “ yolaq” dedikləri balaca bir meydança vardı. Sağa dönən balaca,dar döngə isə kəndin klubuna aparırdı. Əvvəllər burada adətən hind kinoları göstərərdilər, arabir isə şəhərin teatrı gələrdi. İndi isə xeyli vaxtdan bəri bu klub ordunun ehtiyat silah anbarına çevrilmişdi.
Həyat olduğu kimi davam edirdi. Hər zamankı kimi, bir neçə yaşlı kişi bu meydançadakı qurumuş ağac kötüklərinin üzərinə bərkidilmiş ensiz, uzun taxtanın üzərində oturub, hərarətlə nəsə danışırdılar. Maşınlar isə yol boyu o yana, bu yana şütüyürdülər. Harasa tələsən bir neçə qadın da gözümə dəydi. Hərə öz işində idi. Uzaqdan da olsa atəş səsləri eşidilirdi. Elə bil bu atəş səslərinin bu camaata,bu kəndə heç bir dəxli yox idi. Elə bil bu atəş səsləri hər gecə başımıza yağan alov toplarının xəbərçisi deyildi. Bəlkə də bu gecə mərmilərdən hansısa biri bu qocaların, bəlkə də əlindəki torbanı götürməyə çətinlik çəksə də, harasa tələsən bax,o qadının evinə düşəcəkdi... Ya da şütüyən maşınlardakı insanlardan hansısa birinin evinə düşəcəkdi bəlkə də,bəlkə də bizim... Amma bütün bunların heç kəsə dəxli yox idi, öyrəşmişdik.
Fikrim elə dağınıqdı ki,bir də ayıldım ki, nənəmgilin mavi rəngli darvazasının önündəyəm. Həmişə nədənsə sıxılanda ya da evdə xətrimə kimsə dəyəndə bura gəlirdim. Bəlkə də ona görə ki, nənəm mənə daha yumşaq,daha mehriban davranırdı. Burda özümü daha sərbəst, daha rahat hiss edirdim. Bəzən anamdan icazə alıb, günlərlə burada qalırdım. Belə günlərdə, nənəm özümlə gətirdiyim bir yığın kitaba acıqlı-acıqlı baxar, “gözünü tökmə ay bala,nə tapmısan bu kağız-kuğuzda” – deyib, heyfslənərdi.
Darvazanın adamboyu qapısını açıb, içəri keçdim. Darvazadan sağda bir otaqlı kürsülü evin pəncərəsiz yan divarı yerləşirdi. Solda isə hasar boyu düzülmüş, yenicə suvarılmış qızılgül kolları nəlbəki boyda güllər açmışdı. Həyət isə hər zamankı kimi süpürülmüş və sulanmışdı. Öz yerində olmayan bircə dənə də osun əşya tapa bilməzdin.
Nənəm yerə çöküb, önündəki böyük ləyəndə nə isə yuyurdu, üzü bağçaya tərəf olduğundan məni görmürdü. Bəzən onun bu yaşında belə qıvraq, belə yorulmaz olması məni təəccübləndirirdi. Məni görən kimi dikəldi.
- Bıy, nə yaxşı gəlmisən ay bala.
Əllərini ətəyinə silib məni qucaqladı.
- Heç aya nənə, elə - belə gəlmişəm – nənəm üz – gözümdən öpəndən sonra dedim.
- Yaxşı eləmisən başına dönüm, yaxşı eləmisən. Odur e, keç otur orda. – evin önündəki, ətrafında ikicə stul olan balaca yemək stolunu göstərdi. – Acsanmı?
- Yox ay nənə, ac deyiləm.
- Az danış ə, otur orda! – gülə - gülə səsini qaldırdı. – Nənə yeməyi şirin olur başına dönüm. Mən də burda bayquş kimi tək oturmaqdan darıxıram. Tək olanda adamın boğazından loxma da keçmir ay bala. Otur bir tikə çörək yeyək.
Razılaşıb oturdum.
- Niyə gəlib bizdə qalmırsan ki? – Babamın da, anamın da dəfələrlə verdiyi sualı təkrarladım.
- Yox, başına dönüm, bəs bu həyət – bacaya, toyuq – cücəyə kim baxsın? Vallah bircə gün əlini çəksən xarabaya dönər.
Daha heç nə demədim. Nənəm ləyəni də götürüb harasa getdi.
Nənəm həmişə beləydi, bir dəfə də olsun gəlib bizdə qalmazdı. Bəlkə anam xəstə olaydı, ya da nəsə bunun kimi vacib bir şey olaydı, onda hə, bəlkə bircə gecə bizdə qalardı. Səhər açılan kimi isə yenə də öz evinə tələsirdi. Mehrini bu həyətə, bu balaca evə elə salmışdı ki, ayrıla bilmirdi. Nənəm bu evə gəlin gəlmişdi. Dədəm qırxbirinci ildə müharibəyə gedəndə anam onsəkkiz yaşlı nənəmin bətnindəymiş. Dədəm o gedən getmişdi, nə bir qara kağızı, nə də başqa bir xəbəri gəlmişdi. O zamandan uzun illər keçmişdi, amma hərdən mənə elə gəlirdi ki, nənəm hələ də darıxır, yollara baxırdı. Hərdən zarafatla, - ay nənə, o vaxt onsəkkiz yaşın vardı, niyə ərə getmədin? – deyib cinləndirirdim onu.
- Az danış ə! – deyib ağzımdan vurardı. Sonra da kədərli – kədərli, təmkinlə deyərdi: - Bircə balam vardı, onu da başqasının evində böyütməyəcəkdim ki, özümə nə olmuşdu.
Dədəmdən qalan, otağın baş tərəfində divardan asılmış rəsmiydi, bir də əlbəttə ki anam. Və bir də, bəzən burda qalanda, gecələr nənəmin şirin – şirin, içini çəkə - çəkə danışdığı xatirələri.
- Hə başına dönüm, ye! – bağçadan dərib gətirdiyi boşqab dolusu meyvəni stolun üzərinə qoydu. – yemək də hazırdı, indi gətirirəm - ətəyini çəkə - çəkə evə keçdi.
Nənəm yeganə insandı ki, onun bişirdiyi xörəkləri, anamın bişirdiklərindən daha iştahla yeyirdim. Bunu nənəm də bilirdi. Ona görə hər fürsətdə, məni doyunca yedizdirirdi. Nənəm bozbaş dolu boşqabı qabağıma qoyanda, hiss elədim ki, həqiqətən də acmışam. Özünə də balaca bir qabda yemək çəkib oturdu. Elə iştahla yeyirdim ki...
- Qardaşlarından xəbər yoxdur? – gözlərini harasa dikib soruşdu. Yaylığının altından ağappaq saçları çıxırdı, üzü solğun görünürdü, üzündəki kədərli qırışlar bir az daha artmışdı elə bil.
- Yox. – sakitcə cavab verdim.
Nənəm, qardaşlarımı həmişə çəkinə - çəkinə soruşurdu. Pis xəbərlərini eşidəcəyindən qorxurdu elə bil. Hələ, iyirmi yanvar hadisələrinin səhəri günü kəndə gələn ikinci qardaşımın əynindəki qanlı paltarı görəndə yazıq arvad özündən getmişdi. Ayılandan sonra da qardaşım ona çətinliklə başa sala bildi ki, qan onun qanı deyil, meyidləri daşıyanda paltarı bulaşıb. Bu hadisədən bir il sonra qardaşlarımdan iki ən böyüyü orduya qoşulmaq üçün kəndə gələndə, and –aman eləmişdi ki, getməsinlər, anam isə səssizcə ağlamışdı. Babam bədənini şax tutub, fərəhlə “gedin” –demişdi. O gündən sonra nənəm həmişə qorxurdu.
Çay da içəndən sonra ağırlaşdım, yuxum gəlirdi. Ağacın kölgəsində, yerdən salınmış yun döşəyin üzərinə uzandım.
V
Nənəmin sığalını üzümdə hiss edəndə ayıldlm.
- Dur başına dönüm, şər qarışanda yatmazalar, dur!
Dikəlib oturdum. Hava qaralmağa başlayırdı. Yəqin ki, anam narahatdı. Qalxıb üst – başımı düzəltdim. Saçlarımı düzəltməyə çalışan nənəmin yanaqlarından öpüb, sağollaşdım.
Mərhəmət dolu bu qoca qadını öz tənhalığı ilə baş – başa buraxıb, özümün anamla, hərdən üzünü gördüyüm babamla, Leyli və bir də kitablarla dolu tənhalığıma doğru gedirdim. Kəndin üzərinə çökən toranlığın verdiyi hüzün məni sıxırdı. Arabir önümdən, üzlərini aydın seçə bilmədiyim insanlar keçirdi. Yolaqda isə həmişəki kimi, yaşlı kişilər ucadan nə isə danışırdılar. Fasilələrlə eşidilən güllə səslərinin fonunda hardansa uzaqlardan partlayış səsləri gəlirdi. Bu da ev. Həyəti işıqlandıran elektrik lampası yandırılmışdı. Bu işıqda ağacaların kölgəsi elə vahiməli görünürdü ki... Bu böyük evin saysız pəncərələrindən təkcə birindən işıq gəlirdi, o da birinci mərtəbədəki mətbəxin pəncərəsi idi.
Anam nəfəsimi boynunun ardında hiss edəndə səksəndi. Əyilib nə oxuduğuna baxmaq istəmişdim, nəsə oxuyurdu. Əlini ürəyinə tutub dərindən nəfəs aldı.
- Niyə belə səssiz gəlirsən? Hardaydın?!
- Nənəmgildə - heç nə olmayıbmış kimi sakitcə cavab verib, keçib oturdum.
Mopassanın kitabı yenə də burdaydı.
- Yemək yeyəcəksən? – anam əlindəki jurnalı örtüb soruşdu.
- Yox, yemişəm.
Kitabı özümə tərəf çəkib soruşdum:
- Ana, bu kitabı sən oxuyurdun?
- Yox əşi, Fatmanın nəvəsinin adı nədir... səndən bir sinif aşağıda oxuyurdu e... Leyli.
Gözlərimi bərəldim anama baxırdım. Necə yəni Leyli?
- Leyli? – səsimin həyəcanlı çıxdığını deyəsən anam da hiss etmişdi
- Hə, hə, o qız götürmüşdü, nədir ki?
- Heç nə.
Həyəcanımı hiss elətdirməmək üçün sakit səslə soruşdum:
- Nə vaxt götürmüşdü?
- Üç – dörd gün olar. Bunu qaytarıb indi də başqasını götürdü. Nənəsiylə gəlmişdi, yazıq elə utanırdı ki... Gördüm utanır, dedim utanma qızım, nə vaxt istəyrsən gəl götür.
- Hə, noolar – həyəcandan istiləşmiş üzümü gizlətməyə çalışırdım. Ürəyim elə döyünürdü ki...Elə sevinirdim ki...
- Yerini bilirsən də, apar qoy yerinə - anam bayaqdan əlimdə tutduğum kitabı göstərdi.
- Yaxşı – kitabı da götürüb çıxdım.
İndi bu kitabı rəfdəki yerinə qoya bilərdimmi? Əllərim kitabı əzizləyirmiş kimi sığallayırdı. Birbaşa yuxarı, öz otağıma qalxdım. İndi bu kimsəsiz dörddivar da mənə əziz, sevimli görünürdü. Xəyalımdan nələr keçdiyini anlada bilmərəm. Hər dəfə kitaba toxunanda titrəyirdim. Onun “Gonbul”- u oxuyub necə sarsıldığını, “Eybəcərlər anası”- nı oxuyanda necə dəhşətə gəldiyini xəyalımda canlandırır, dəfələrlə oxuduğum bu kitabı elə hey vərəqləyirdim. İndi Leyli mənə daha yaxın, daha əzizdi. Bircə, hansı kitabı götürdüyünü bilsəydim, təxmini də olsa nə zaman qaytaracağını təsəvvür edərdim. Amma yox! Hansı kitabı götürdüyünü bilə bilməzdim, anam da yəqin ki, baxmamışdı.
Otaqda gəzişə - gəzişə xəyalımda onunla necə qarşılaşacağımı canlandırırdım. İlahi... bu ola bilərdimi? Bu, indiki anda bəlkə də mənim arzuladığım yeganə şey idi.
O qədər xəyala qapılmışdım ki, harasa lap yaxınlara yağış kimi yağan mərmilərin səsi belə məni qorxutmurdu. Onların gecənin qaranlığında necə uçduğuna baxırdım, xəyalımda isə Leyliydi. Bu düşüncələr dan yeri ağarana qədər məni özüylə sürüklədi. Dan yeri ağaranda isə hələ də əlimdə olan Mopassanın kitabını baş ucumdakı çəkməcənin üzərinə qoyub yatağa girdim.
VI
Saat on birə az qalmış, yatağımın yanında dayanıb acıqlı – acıqlı miyoldayan Toplanın səsinə oyanmışdım. Özümü yaxşı hiss edirdim. Axşamkı hadisəni xatırladıqca elə bil mənə güc gəlirdi. Sanki, hər şeyin gözəl bir sonluqla bitəcəyinə bütün səmimiyyətimlə inanırdım. Çəkməcənin üzərindəki kitaba baxıb gülümsündüm. İndi toplanın zəhlətökən miyoltusu da vecimə deyildi. Bu yazıq da yəqin ki ac idi, ona görə belə miyoldayırdı. Yoxsa əslində çox sakit, mehriban pişikdi, əlbəttə ki mənə qarşı. Tanımadığı adam olanda isə mırıldayır, cırmaqlamaq üçün fürsət axtarırdı. İpək kimi yumşaq, tüklü başını sığallayıb öpdüm. Gör illər necə tez keçir, Toplanı iki il öncə tapanda balaca, bapbalaca bir şeydi.
Həyətdəki tut ağacının altında oturub kitab oxuyurdum. Qulağıma hardansa ciyiltili səs gəlirdi, elə bil hardasa uşaq ağlayırdı. Amma bu evin ən kiçiyi mən olduğuma və mən də ağlamadığıma görə demək ki, bu başqa birisiydi. Tərs kimi külək də bu ciyiltini gah o yana, gah bu yana qovur, hardan gəldiyini tutmağıma mane olurdu. Bütün diqqətimi bu səsə vermişdim. Qalxıb səsin hardan gəldiyini dəqiqləşdirməyə və ardınca getməyə başladım. Evdən uzaqlaşdıqca səs daha da yaxınlaşır, aydınlaşırdı. Darvazanın yanına çatanda səs daha da aydınlaşdı. Yox, bu insan səsi deyildi. Amma ətrafda da heç nə görünmürdü. Həyətin lap girəcəyində qoca, yarısı qurumuş iri gövdəsində böyük bir koğuşu olan tut ağacı vardı. Onun budaqlarına da baxdım, heç nə yox idi. Yaxınlaşıb köğuşa boylandım, qaranlıqda heç nə görünməsə də səsin burdan gəldiyinə əmin idim. Kibritin alovu koğuşun zülmətini işıqlandıran kimi, dibdə balaca bir pişik balası göründü. Başını kibritin işığına tutub ciyildəyirdi. Əlimi uzadıb götürdüm. Ovcumda tutmuşdum, balaca, tüklü ayaqlarını güclə ataraq addımlamağa çalışırdı. Bir həftəlik ancaq olardı. Zəncir kimi boynuna dolanan qara zolaq quyruğuna qədər uzanırdı. Ayağının biri də qaraydı, qalan bütün bədəni isə ağappaq idi. Adını isə sadəcə ona görə Toplan qoydum ki, bu ad xoşuma gəlirdi, vəssalam.
İndi isə görün necə böyümüşdü, hətta qarnını doyurmaq üçün məni oyatmağa da gücü çatırdı.
Yan – yörəmdə hoppanıb düşən toplanı oynada – oynada aşağı düşdüm.
Anam zaldakı uzun yemək stolunun arxasında oturub, nə isə yazırdı.
- Oyandın? – bir anlıq əlini saxlayıb soruşdu.
- Hə, ana. – anamın yanaqlarını dartışdırıb bərk – bərk öpdüm.
- Nə olub? Kefin yerindıdir deyəsən. – gülümsündü
- Heç nə, nə yazırsan? – fikrini özümdən yayındırmaq üçün maraqlandım.
- Uşaqlara məktub yazıram. Nəsə sözün varsa, yazım.
- Yox. Hamısına salam yaz. – indi öz aləmimdəydim, kiməsə nəsə deyəcək halda deyildim.
Anamın məktub yazması nədənsə mənasız görünmüşdü mənə. Qəflətən ağlıma gələn sualı verdim:
- Məktubu neynirsən, niyə zəng eləmirsən ki?
- Zəhrimar işləyir ki!
Doğrudan da telefon artıq xeyli vaxtdır işləmirdi, xətlər kəsilmişdi. Unutmuşdum.
Mətbəxə keçib, axşamdan qalan dolmadan beş – altısını nəlbəkidə toplanın qabağına qoyub qayıdanda, anam artıq məktubu zərfə qoyub, ağzını yapışdırırdı.
- Murad, bunu poçta apar, qutuya salma ha, sifarişlə göndər, yaxşı? – üzərinə pul qoyduğu zərfi mənə uzatdı. Zərf yaman qalındı, yəqin ki, pul göndərirdi.
- Ac deyilsən? Yemək ye, sonra gedərsən də.
- Yox ana, ac deyiləm. – yemək heç yadıma da düşmürdü.
Mehriban – mehriban mənə baxan anama gülümsünüb, məktubu da götürüb çıxdım. Həyətə çıxanda anamın səsi eşidilirdi:
- Çox avaralanma, tez qayıt!
Kənd həmişəki kimi öz işində - gücündıydi. Gülüşə - gülüşə o yana bu yana qaçışan uşaqlar, darvazaların önündə dayanıb söhbətləşən qadınlar, yolaqda yığışıb çənə vuran qocalar, bir sözlə hər şey öz yerindəydi. Arabir görünən əsgərlər, kluba dönən yolda dayanan hərbi maşınlar bir də eşidilən güllə səsləri olmasaydı, heç deməzdin ki, bu kənddən azca aralıda ağır döyüşlər gedir. Elə bil hər gecə başına qrad mərmiləri yağan, tez – tez sakinlərini basdıran kənd bu kənd deyildi.
Nənəmgilin məhəlləsinin önündən keçib, dükana çatanda Maliki gördüm. Malik sinif yoldaşım idi. Yaxın olmasaq da hər halda neçə il bir sinifdə oxumuşduq. Ta ki, məktəbə qrad mərmisi düşənə qədər. Adəti üzrə yumru, çilli sifətində necəsə uzun görünən burnunu çəkə - çəkə hara getdiyimi soruşdu. Əynindəki köynəyini gonbul bədəninə elə bil güclə pərçimləmişdilər. Şalvarının balağı isə həmişəki kimi bir az uzundu. Sol gözünün üstünə tökülən qara, düz saçları ağ, yumru sifətində yad bir şey kimi görünürdü. Bu həmin Malikdi ki, üç il öncə biz nümayiş keçirəndə anası, onu ətli dalına döyə - döyə sürüyüb aparmışdı. Kənd uşaqlarının yığışıb “Qarabağ bizimdir” şüarıyla keçirdiyi bu nümayişdə, anamın mənim üçün müxtəlif yararsız parçalardan tikdiyi ay-ulduzlu üçrəngli bayrağı güclə yelləyirdim. Bütün bu təfərrüatların yaddaşımda necə qalması bəzən məni həqiqətən də təəccübləndirir.
İşim olduğunu deyib, başımdan elədim. İndi, nə onunla danışacaq vaxtım, nə də həvəsim vardı. Məni öz aləmimdən ayırdığı üçün ürəyimdə ona acıqlanmışdım da.
Poçta az qalmış, sağ tərəfdə geniş bir ərazi uzanırdı. Yamyaşil otlarla örtülü bu düzənliyin ortasında, hündürlüyü iyirmi – iyirmibeş metr olan torpaq bir təpə ucalırdı. Üzərində bitən balaca ağaclar ona qəribə bir görkəm verirdi. Bu ərazidə kənd sakinləri adətən mal – qara, qoyun – quzu otarırdı. Xüsusən də “Böyük bağ”a getmək təhlükəli olmağa başlayandan bəri.
Qardaş – bacılarım paytaxta gedəndən sonra elə bir boşluğa düşmüşdüm ki, canımı qoymağa yer tapa bilmirdim. Həmişə səsli – küylü olan evimizin birdən – birə belə kimsəsiz, darıxdırıcı bir yerə çevrilməsi məni sıxırdı.Bir müddət bu darıxmaq məni lap əldən salmışdı. Sonra bütün fikrimi kitablara verdim. Düzdür, daha öncə də oxuyurdum, indi isə otağımdan sadəcə yemək və tualetə getmək üçün çıxırdım. Uşaqlar paytaxta köçəndən sonra min bir xahişlə, yalvarışla indiki otağıma köçməyə anamı razı sala bilmişdim. Anam elə hey onların yanında, birinci mərtəbədə qalmağımı istəyirdi. Yuxarıdakı otağıma köçəndə, kitabxanadakı boş, balaca bir kitab təfini də sürüyə - sürüyə özümlə gətirmişdim. Sevdiyim bütün kitabları seçib, rəfi tıxa – basa doldurmuşdum. Bir də anamdan pəncərəmə pərdə vurmamasını istəmişdim. Nədənsə bu mənə artıq görünürdü. Pəncərədən görünən küçəni, parlayan günəşi, gecənin zülmətində uçuşan mərmilərin parıltısını niyə gizlətməliydim ki? Təsəvvür edin, bəzən elə olurdu ki, gündə iki, üç kitab oxuyurdum.Dan yeri ağarana qədər oxuyur, dan yeri ağaranda isə yarımçıq qalmış kitabı, anamın mənimçün tikdiyi heybəmə qoyub bura, bu təpəyə gəlirdim. Ağaclardan tuta – tuta təpənin düz başına kimi dırmaşırdım. Buradan bütün ətraf, xüsusilə də üfiq çox gözəl görünürdü.Əslində bu təpənin heç bir adı yox idi. Hamı sadəcə “təpə” deyirdi, vəssalam.Ancaq mən özlüyümdə bu təpəyə “Günəş təpəsi” adını vermişdim və mənə elə gəlirdi ki, bu ad bu təpəyə çox yaraşır. Təpənin zirvəsinə çıxıb, özümə yer seçib əyləşirdim. Bu vaxtlar adətən ətrafda heç kəs olmazdı və mən hələ də səngiməyən atəş sədaları altında yenicə qızarmağa başlayan üfiqə zillənərdim. Bu qızartı get – gedə böyüyər, təsvir etməyə indinin özündə də çətinlik çəkdiyim, sarılığı getdikcə artan heyrətamiz bir rəng alar və nəhayət, günəş ilk şüalarını, mənə, bu şüaları gördüklərinə çox sevinirmişlər kimi görünən, sıx meşəliklərin üzərinə salardı. Bu anı seyr etməkdən duyduğum zövq, məndə qəribə bir sevinc hissi yaradardı. Günəşin doğuşu ilə atəş səsləri də səngiyər və nahayət kəsilərdi. Bu anı bu qədər sevməyimin bir səbəbi də, bəlkə də bu idi. Günəş çıxdıqdan sonra da eləcə oturub, gətirdiyim kitabı oxuyardım.
Poçtun yeganə işçisi olan Mədət kişi təsadüfən yerindəydi. Balaca, ensiz stolun arxasında oturub siqaret tüstülədirdi. Bu isti havada əyninə nə üçünsə rəngi soluxmuş boz bir pencək keçirmişdi. Dən düşmüş balaca bığı, tüklənmiş sifətində güclə seçilirdi. Məni görəndə dikəldi. Yəqin ki, çoxdandır heç kimin baş çəkmədiyi bu xaraba poçtda məni görməyinə sevinmişdi.
- Həə... kişi bala, xeyirdirmi?
Məktubu da, pulu da verib, evə tələsdim. Birdən Leyli gələrdi axı.
VII
Yolda, “Günəş təpəsi”ndən bir az öndə Gülgəzi gördüm. Qabağına qatdığı iyirmiyə yaxın quzunu, əlindəki nazik, uzun zoğal çubuğu ilə qova – qova otlağa tərəf gedirdi. Nə üçünsə gecikmişdi. Bu vaxtlar adətən quzuları otlaqdan gətirirdilər. Əynindəki ağ yerli, qırmzı güllü donunun ətəyini yelləyə - yelləyə nəsə mızıldayırdı. Məni görən kimi:
- Murad... Hardan gəlirsən? – mehriban – mehriban soruşdu. Nədənsə yamanca sevinirdi.
- Poçtdan.
- Bir işin yoxdursa mənimlə gedək də, noolar. Burda, təpənin yanında quzuları otaracam.
Bir işim yox idi. Evdə oturub Leylini gözləməkdən başqa nə işim olacaqdı ki? Elə şirin – şirin xahiş eləmişdi ki, əlacsız razılaşdım.
Gülgəz gözəl qız idi. Uzun, qapqara saçları belinə qədər çatırdı. Orta boylu olsa da, hər halda məndən hündürdü. Məndən beş ya da altı yaş böyük idi. Sol yanağındakı xalı da, gözlərinin rəngi kimi qaraydı. Güləndə, gözəl, çəhrayı dodaqları ağappaq üzünə elə yaraşırdı ki...
Hələ o vaxtlar, mən bura - “Günəş təpəsi”nə kitab oxumağa gələndən dostlaşmışdıq. Düzü bu qızdan elə xoşum gəlirdi ki, əvvəllər elə bilirdim ki, onu sevirəm. Amma məndən böyük olduğunu da anlayırdım. Elə şirin – şirin, dilini basa – basa danışmağı vardı ki...
Quzuları otlağa buraxıb, göyçəməndə yan –yana oturduq. Gülgəz önə uzatdığı ayaqlarını yelləyir, əlindəki çubuqla başmaqlarından çıxan barmaqlarının ucuna ehmalca döyürdü. İndi nə oxuduğumu soruşdu, mən də son vaxtlar oxuduğum bir – iki kitabın adını çəkdim, bir iki hadisəni də danışdım. Bu qız bəlkə də onsəkkiz – ondoqquz illik həyatında bircə dənə də olsun bədii kitab oxumamışdı. Amma yamanca maraqlanırdı. Yadıma gəlir ki, bir dəfə ona “İdiot”-dakı Marinin həyatını oxuyanda, ağlamışdı. Yanaqlarına süzülən yaşları silə - silə - “mən Mışkinin yerinə olsaydım, o qızın əllərini yox e, ayaqlarını öpərdim.” – demişdi. Sonralar bir – iki romandan da parçalar oxumuşdum ona. Amma Mari yenə də onun sevimlisi olaraq qalmışdı. Deyirdi ki: Mari təsvir olunmuş ən gözəl insan obrazıdır. Bu, təsvir, obraz sözlərini də mənim dilimdən götürmüşdü.
Üzünü yana çevirib əlini qoynuna saldı. Boynundan asılmış balaca parça kisədən nazik bir qızıl üzüyü çıxarıb nazlana-nazlana
- Baax – deyəndə təəcübləndim.
- Bu nədir? – üzüyə baxa – baxa soruşdum.
- Nişan üzüyüm, sənə də qismət olsun. – sevinə-sevinə dedi.
- Nəə?...
- İnanmırsan? Dünən nişanlanmışam.
- Kiminlə? – maraq məni götürmüşdü.
Gülgəz ovcunda tutduğu üzüyü əzizləyə - əzizləyə dedi:
- Əhmədlə... Guya ki bilmirdin? Kənddə hamı bilirdi ki, biz...
Utandı, sözünü bitirmədən güldü.
- Dünən günorta nişanlanmışıq. Ancaq öz ailəmiz idi, bir – iki nəfər də qonşudan adam vardı. Bir də onlar tərəf. Axşam özü də gəlmişdi. Mənə tapança bağışladı. Amma heç kimə demə ha! Heç evdəkilər də bilmir, gizlətmişəm.
- Əsl tapança?
- Hə, əsl tapança, öldürdüyü ermənidən götürüb, mənə elə dedi.
-
VIII
Üç gün idi ki, evdən çıxmırdım. Amma Leyli hələ də gəlməmişdi. Hər tıqqıltıda qapıya qaçırdım. Gələn isə ya Rafiq olurdu ya da qonşu arvadlardan hansısa. Təsəvvür edin, birinci sinifdən bu yana dostum olan Rafiqin üzünü görmək belə, məni bezdirmişdi. Gəlib saatlarla otururdu. Gah kənddəki yeni hadisələrdən, kiminsə ölməsindən, gah da eşitdiyi cəbhə xəbərlərindən həvəslə üyüdüb tökürdü. Mən isə susub dinləyirdim. Rafiq diribaş uşaqdı, mənim kimi utancaq, hər şeydən çəkinən deyildi, başını hara gəldi soxurdu. Bir də ilanı dəliyindən çıxaran şirin dili vardı, qılıqlıydı. Mənim kimi qaradinməz deyildi. Arıq, çəlimsiz bədənində uzun, yöndəmsiz görünən qollarını oynada – oynada danışdıqca, alnına tökülən düz, sarımtıl saçları tərpənirdi. Bir əliylə həmişə, azacıq önə çıxan sümüklü çənəsini ovurdu. Bəzən onun hər şeyə olan bu hədsiz marağına təəccüb edirdim.
Danışıb yorulanda otururdu. Niyə heç yana çıxmadığımı soruşurdu. Kənddə gəzməyi təklif edəndə isə hər dəfə bir bəhanəylə ötüşdürürdüm. Düzü, nədənsə, Leyli gələndə Rafiqin bizdə olmasını istəmirdim. Bəlkə də Rafiqin haqlı olduğunu bilməsini istəmirdim. Axı, Leyliyə hiss etdiklərimi ondan gizləyirdim. Üçüncü günün sonunda Rafiq axır ki, bezdi.
- Elə arvad kimi evdə oturacaqsan? – acıqlı – acıqlı soruşub, cavabını belə gözləmədən, qapını çəkib çıxdı.
Düzü bir az sevindim. Rafiqin ən azından sabah gəlməyəcəyinə əmin idim. Düzdür bir az incimişdi, amma onun könlünü sonra ala bilərdim. Bircə Leyli gəlsəydi.
Bu gecəni də sonuncu üç gecə kimi pəncərədən görünən zülmətdə yana – yana uçuşan, harasa ölüm sovqatı aparan mərmilərə baxa – baxa, Leylini düşünərək keçirdim.
Səhər isə, son vaxtlar adət etdiyim kimi saat on biri keçəndə oyandım. Əgər Leyli bu gün də gəlməsəydi, mütləq məhəllələrinə gedəcəkdim. Əvvəllər də bu barədə düşünmüşdüm., amma utanırdım. Bu dəfə isə qərarlıydım, gedəcəkdim. Anamın ütüləyib asdığı ən yaxşı paltarımı şkafdan çıxarıb geyinib, darandım. Aşağı düşüb, günorta yeməyindən özü də ehtiyatla yedim ki, paltarım batmasın. Anam mənə diqqətlə baxıb, mənalı – mənalı gülürdü. Yeməkdən bir az da yanımda dayanıb, gözünü ağzıma dikən toplana verib çıxdım. Elə darvazanı açmıışdım ki, bir sürü qoyun – quzunun mələşə - mələşə, toz – torpağı göyə sovura – sovura keçdiyini görüb qapını örtdüm. Bir dəqiqə sonra qapını açanda, toz çəkilir, sürü isə yavaş - yavaş uzaqlaşır, əlində çomaq olan yaşlı, arıq uzun bir kişi balaca, lap balaca bir quzunu itələyə - itələyə tələsdirirdi.
- Yeri görüm ay yetim, yeri görüm!
- Nə olub ay dayı, xəstədir? - quzuya yazığım gəldiyi üçün soruşdum.
- Yox a bala, yetimdir. Üç günlükdür, anası da dünən öldü. O biri çərdəymişlər də ki,- əlini uzaqlaşmaqda olan sürüyə tərəf uzatdı - yaxın qoymadı. Yazıq acından ölür, yəqin bir – iki günə tələf olacaq. – kişi elə sakit, elə laqeyid danışırdı ki, elə bil hansısa bir cansız əşyadan danışır.
- Süd vermək olmaz? – növbəti sualım deyəsən kişini əsəblədirmişdi. Səsi bir az qalınlaşdı.
- Eh, ona halım nə gəzir. İstəyirsən verim sənə, kəsib yeyərsən.
- Doğrudan? – sevincək irəli atıldım.
- Hə, onsuz da acından öləcək, götür, verirəm sənə.
Çöküb quzunu qucaqladım.
- Dayı, babama deyərsiz pulunu verər – gözlərimi qucağımdakı bu balaca, şirin şeydən çəkmədən dedim.
- Ə yaxşı! Müəllimdən pul götürərəm heç, halal xoşun olsun.
Adını belə bilmədiyim bu kişiyə minnətdarlıq edib həyətə qayıtdım. İnana bilmirdim, indi mənim də quzum vardı. Tay – tuşlarım mal –qaranı, qoyun – quzunu qabaqlarına qatıb örüşə aparanda həmişə onlara həsəd aparırdım. Bizim həyətdə toyuq –cücədən və bir də Toplandan başqa ev heyvanı olmamışdı.
Sevinə - sevinə təndir qalamağa hazırlaşan anamın yanına qaçdım. Bərk –bərk qucaqladığım quzunu görəndə anam təəccübləndi.
- Bu nədir?
Vəziyyəti həvəslə izah eləyib, saxlamaq istədiyimi demişdim ki...
- Olmaz! Səndən ona baxan olmaz, yazıqdır, ölüb eləyər. Günahdır. Apar qaytar yiyəsinə.
Necə olurdu ki, bu balaca quzunu kəsib yemək günah olmurdu, amma saxlayıb yaşatmaq günah olurdu – anlamırdım.
- Anaa, xahiş edirəm, noolar, qoy məndə qalsın, noolar – xeyli vaxt anamın ürəyini yumşaltmaq üçün beləcə zarıdım.
Deyəsən mənə yazığı gəlmişdi, bəlkə də quzuya. Razılaşdı.
- Yaxşı, yaxşı. Onda get ona süd ver. Arxa otaqda, bidonda var.
Quzunu ehmalca yerə qoyub evə qaçdım. Mətbəxdən tapdığım boş bir limonad şüşəsini südlə doldurub qayıtdım.Çirklənməkdən qoruduğum paltarım bərbad gündəydi. Amma indi bu heç vecimə də deyildi. Amma bir şey də vardı, quzu bu südü necə yeyəcəkdi. Pişik deyildi ki yalasın. Quzunun ağzına tokməyə çalışdığım südün çoxu kənara sıçrayır, üst - başımı batırırdı. Əlacsız qaldığımı görən anam isə gülürdü.
- Elə də şey olar. – anam nəhayət ki, dözməyib dilləndi – Sənin əmziyin sandıqda olmalıdır, saxlamışdım. Gözlə, gedib gətirim.
Quzunun ağzı tamam bulaşmışdı. Əlimlə silib təmizlədim. Sarılı-qırmızılı rəngi vardı. Elə gözəl, elə şirindi ki.
Anamın gətirdiyi əmziyi şüşənin başına keçirib quzunun ağzına dürtdüm. Marçhamarçla əmməyə başladı.
Başım quzuya elə qarışmışdı ki, axşama yaxın anam qolumdan çəkə - çəkə yeməyə güclə apardı. Həyətin künc – bucağından tapdığm taxta qırıntılarından əməlli – başlı bir ev düzəltmişdim. Toyuq hininə səpələnmiş quru otlardan yığıb evin yerliyinə döşəmişdim ki, soyuq olmasın.Quzu doyduqdan sonra evinin içində uzanıb elə yatmışdı ki, gəl görəsən. Anam məni çəkə - çəkə evə aparana qədər hər beş – on dəqiqədən bir quzunu yedizdirməyə çalışırdım. O isə əlbəttə ki, yemirdi, doymuşdu.
IX
Günəş yavaş – yavaş batırdı . Kənd, artmaqda olan silah səsləri altıda batmaqda olan günəş kimi öz içinə çəkilir, sanki gecə başına yağacaq qrad mərmilərini qarşılamağa hazırlaşırdı. Anamın bişirdiyi yarpaq dolmasından doyunca yemişdim. Düzü axır vaxtlar nə zaman belə iştahla yediyimi xatırlamırdım. Leyli yəqin ki, bu gün də gəlməyəcəkdi. Quzu isə məni yamanca əldən salmışdı. Küçəyə çıxdım. Axşamın toranlığında məhəlləmizdən keçən bu tozlu küçə başqa cür görünürdü. Yan – yörəmdən ötüb, evlərinə tələsən insanlar nəsə çarəsiz, ölümə məhkum varlıqlar kimi görünürdü mənə. Artıq çoxdandır ki silah anbarına çevrilmiş kluba dönən yolda iki böyük hərbi yük maşını dayanmışdı. Düzdür, yanında kimsə görünmürdü amma azca aralıda, yolaqda yığışmış kişilər yəqin ki, elə bu maşınlar haqqında nəsə qızğın mübahisə edirdiər. Elə döngəyə çatmışdım ki, toranlıqda güclə seçilən nənəmi gördüm. Bizə tərəf gedirdi. Belini azca önə əyib önünə baxırdı, məni görmədi.
Yolaqda qocalardan bir az aralıda dayandım. Gedəsi yerim yox idi. Amma Rafiqi görsəydim pis olmazdı. Axırıncı dəfə bizdən çıxanda yaman acıqlıydı. Evlərinə getsəydim də yəqin ki, evdə olmazdı bu vaxtlar.
Ağac budağından sallanan elektrik lampası yolağın qocalar oturan balaca bir hissəsini dairəvi şəkildə aydınladırdı. Mən isə onlardan bir az aralı, işıq düşməyən yerdə dayanmışdım.
Birdən gözlərimə qaranlıq çökdü. Kimsə iri, qabarlı əlləri ilə gözlərimi tutub susurdu.
- Burda nə gəzirsən, balaca? – tanış, mehriban səs soruşdu.
Mənə bircə Rüstəm balaca deyirdi. Amma...
Əllərini kənarlaşdırıb çöndüm. Bu həqiqətən də Rüstəm idi.Qucaqlaşdıq. Qabarlı əllərini saçlarımda gəzdirib gülürdü. Qaranlıqda mavi gözləri işıldayırdı. Bir az arıqlamışdı.
- Necəsən? – paytaxt ləhcəsiylə soruşdu.
- Yaxşıyam, sənin yanına gəlmişdim, hardaydın?
- Hə, dedilər, çörəyə görə də çox sağ ol dostum. – yanağımı çimdiklədi.
Susub gülümsündüm.
-Bura silah götürməyə gəlmişik, - başıyla klubu göstərdi – vəziyyət yaxşı deyil, sonuncu silahları da götürdük. Dah heç nə yoxdur – təmkinlə, aram – aram dedi.
- Mənə verdiyin güllələri gətirim? – bağçada, gilənar ağacının altında basdırdığım güllələri xatırlayıb sadəlöhvcəsinə soruşdum.
Gülüb saçlarımı qarışdırdı.
- Yox dostum, qoy səndə qalsın - dedi.
Maşınların yanındakı əsgərlər onu çağıranda
- Yaxşı dostum, mən gedim – dedi – Qismət olsa görüşərik.Özünə yaxşı bax, hələlik.
- Hələlik.
Qucaqlaşıb ayrıldlq.
Rüstəm uzaqlaşan maşından mənə əl eləyəndə düşünürdüm ki, yaxşı ki, belə bir dostum var. Düşündükcə də gözlərimin önündə onunla təsadüfi, qəribə tanışlığımız canlanırdı.
Hələ onda qardaş bacılarım paytaxta yenicə getmişdi. Darıxırdım. Başımı götürüb, hara getdiyimi bilmədən, eləcə gedirdim. Heybəmə Qrossmanın Dostoyevskinin həyatından bəhs edən qalın kitabını qoyub evdən çıxmışdım. Bir də ayılmışdım ki, meşədəyəm. Qəribə bir səssizlik vardı burda. Bu səssizliyi gah yaxından, gah da uzaqdan eşidilən atəş səsləri pozurdu. Ayağımın altındakı yarpaqlar xışıldayır, qəribə səslər çıxarırdı. Meşənin xeyli içərilərinə getmişdim. Birdən ayağımın altında yumuşaq nə isə hiss etdim. Yerə baxdım, yarpaqlar astaca tərpəndi, xışıldamağa başladı. Yerimdəcə donmuşdum. Qəflətən yerdən iki əl uzanıb məni kənara itələdi. Qaçmaq istəsəm də, yıxıldığım yerdən tərpənə bilmirdim. Qorxudan əsirdim. Bərəlmiş gözlərimi yerə zilləmişdim. Yer yarıldı, öncə baş sonra isə bütov bir bədən dikəlib oturdu. Nə olduğunu anlamadan tir – tir titrəyirdim. Üz –gözünün xəzəlini təmizləyib, şişmiş gözlərini mənə zillədi. Bu, iyirmibeş – iyirmialtı yaşlarında bir əsgər idi.
- Qarnımı niyə ayaqlayırsan? – acıqlı – acıqlı soruşdu.
- Məən... mən... səni görmədim. – qorxudan dilim topuq vururdu, kəkələyirdim.
Qorxduğumu görüb qalxıb yanıma gəldi. Məni qaldırıb üst – başımı çırpıb təmizlədi.
O gündə sonra dostlaşmışdıq. Niyə xəzəlin altına girdiyini isə nə qədər soruşdumsa da demədi.
Evə qayıdanda, birinci mərtəbənin zalından nənəmin həyəcanlı səsi gəlirdi. Divara qısılıb dayandım. Qapının arasından baxdım. Babam oturmuşdu, anam isə onun yanında ayaqüstə dayanmışdı. Nənəm, önündə oturduğu babamı uşaq kimi danlayırdı. Gah acıqlanır, gah da yalvararaq onu kənddən çıxmaq üçün yola gətirməyə çalışırdı. Hərdən anam da nənəmin sözünə qüvvət verir, çəkinə - çəkinə də olsa nə isə deyirdi. Babam susurdu. Başını önünə əyib əllərini ovuşdururdu. Babamı ilk dəfəydi ki, belə çarəsiz, uşaq kimi danlanan görürdüm. Halbu ki, babam mənim üçün əlçatmaz bir zirvəydi. İndi isə onun çarəsizliyi və bir də əsəbindən qaralmış sifəti məni üzürdü.
- Kənddə adam qalmayıb başına dönüm, gözləyirsən ki, ermənilərin əlinə keçək? Nəyi gözləyirsən?
Daha dinləyə bilmədim, ürəyim sıxılırdı, səssizcə yuxarı, öz otağıma qalxdım.
X
Səhəri gün Leyli gəldi. Günortaya yaxın idi. Nənəsinin böyrünə qısılıb utana – utana həyətə girəndə qucağımda oturtduğum quzu əmzikli şüşə butulkanı sümürürdü. Elə qalxdım ki, yazıq quzu az qala düşüb əziləcəkdi. Utandığımdan Leyliyə tərəf baxa da bilmirdim. Anam yəqin ki, toyuqlar üçün apardığı buğda ilə dolu camı yerə qoyub qonaqların qabağına yeridi.
- Xoş gəlmisiniz.
- Xoş günün olsun ay bacı. Bu uşaq məni çərlədib e. Dünən axşamdan baş – beynimi aparıb ki, gedək müəllimgildən kitab götürək.
- Yaxşı eləyir, nə olacaq – anam, utandığından başını aşağı salmış Leylinin saçını tumarladı.
- Deyirəm özün get, deyir utanıram. A bala, burda utanası nə var ki? Səni asan yoxdu, kəsən yoxdu.
- Yox ay qızım, niyə utanırsan? Sənə o gün dedim axı, nə vaxt istəsən gəl kitab götür. Nənəni niyə yorursan?
- Ta demə.
İki qadının danladığı yazıq qız bilmirdi ki başını hara soxsun.Bir tərəfdən də quzu mələyir, ağzını bayaqdan əlimdə tutduğum şüşəyə uzadırdı. Fikiləşdim ki, bunların söhbəti uzun çəkəcək. Çöməlib oturdum, quzunu yedizdirməyə başladım.
- Fatma bacı, sən allah keçin içəri.
-Yox bacı, başına dönüm, qoy görək bu uşaq nə istəyir, gedəcəm. Hələ günortaya yemək də bişirməmişəm.
Anam:- Murad, gör Leyli hansı kitabı istəyir. – deyəndə dikəldim. Yazıq quzunun yeməyi yenə yarımçıq qaldı.
- Get qızım, get hansı kitabı istəyirsən Murad versin. Bütün günü kitabların içində eşələnir. Bir – bir hamısının yerini bilir.
Gülməyim gəlirdi, amma özümü saxlayırdım. Elə bil Leylinin danlanması xoşuma gəlmişdi.
- Ay qız, yeri də! – Fatma xala hələ də yerindən tərpənməyən Leylini yüngülcə itələyib dedi: - işim – gücüm var.
Leyli yavaş – yavaş yeriməyə başladı. Sinəsinə sıxdığı kitabı bərk –bərk qucaqlayıb düz üzərimə gəlirdi. Bayaqdan sakit idim, hətta gülümsəyirdim də. Amma Leyli yaxınlaşdıqca həyəcanlanmağa başlamışdım. Onun hər addımında həyəcanım daha da artırdı. Mənə çatanda gözlərini yerə dikdi, deyəsən ağzını uzadıb mələyən quzuya baxırdı. Ya da utanırdı.
- Salam – nazik, utancaq, şirin səsini nəhayət ki, eşitmişdim.
- Salam – səsimi yoğunlaşdırıb cavab verdim. Nədənsə özümü çəkirdim, laqeyid görünməyə çalışırdım.
Bayaqdan köksünə sıxıb saxladığı kitabı uzadıb
- Bu kitab sizindir –baxışlarını bir anlıq qaldırıb dedi.
Kitabı götürdüm, Vladimir Korolenkonun seçilmiş əsərləri idi. Bu qız bu kitabı hardan tapıb çıxarmışdısa... Sevdiyim müəlliflərdən olmasa da Korolenkonu oxumuşdum, nədənsə onun əsərləri mənə yaxın deyildi, darıxdırırdı məni. Mənimki Dostoyevskiydi, Cek Londondu, Çexovdu, Tolstoydu, Konan Doyldu, Allan Poeydi, Emil Zolyaydı, Jül Verndi və daha neçə -neçə müəlliflərdi. Mən bu müəllifləri sevirdim, onların əsərləri məni həyəcanlandırır, düşündürür, kədərlənib sevindirirdi.
- Təzə almısınız? – quzunu göstərib soruşdu. Deyəsən həyəcanı azalmışdı.
- Hə?...yox, yox... – qəfləti sualı məni çaşdırmışdı.
- Murad, butulkanı gətir, quzunu mən yedizdirərəm, siz gedin – anamın çağırışı məni özümü bir az daha çəkib, gülməli vəziyyətə düşməkdən qurtarmışdı.
Butulkanı aparıb anama verdim. Quzu da əlbəttə ki, gedib düz anamın yanında dayandı. Evə tərəf qayıdanda Leyli artıq evin önündə dayanmışdı.
Zaldan keçib kitabxanaya girdik. İşığı yandırıb soruşdum:
- Hansı kitabı istıyirsən?
- Bilmirəm – sakitcə cavab verdi.
Əlbəttə, əvvəllər mən də kimi oxuyacağımı bilmirdim.Amma sonralar xüsusi, sevimli kitablarım oldu.
- Nə haqqında olsun? – laqeyid –laqeyid soruşdum. Amma sualımın çox mənasız və yersiz olduğunu anlayıb tez də susdum.
- Nə bilim... Sən hansı kitabları oxuyursan? – indi özünü daha sərbəst aparırdı elə bil.
- Mənim kitablarım yuxarıdadır, istəyirsən qalxaq ora da bax.
- Yaxşı.
Qapının ağzında dayanıb, öncə onun çıxmasını gözlədim. Gülümsündü. Pillələri qalxdıqca önümdə addımlayan bu qızın gözəlliyinə, məsumluğuna heyrət edirdim. Addımladıqca, kürəyinə tökülən şabalıdı dalğalı saçları yellənir, ayaqlarına ilişən uzun ağ donunun ətəyini çəkirdi. Bu qız mənim gözümdə mələkdi, bəlkə də ondan da artıq bir şeydi.
Onu ilk dəfə keçən il görmüşdüm, daha doğrusu diqqətimi onda çəkmişdi. Boynu krujevalı, ətəyi dizlərinə çatan mavi rəngli don geyinmişdi. Nənəsigilin həyətlərinin önündə dayanıb, mənə baxıb gülürdü. Nədənsə bu gülüş bütün bədənimi titrətmişdi. O gündən sonra səbəbini belə bilmədən həmişə onu düşünürdüm.
Otağa girəndə utandım. Hər yerə dağılmış kitablar, dağınıq yataq, hər tayı bir tərəfə atılmış corablar, bir sözlə, bir sözlə otaq bərbad gündəydi.
- Bura sənin otağındır? – içəri girən kimi soruşdu.
- Hə. – utana –utana dedim.
-Yaman pintisən. – yerdəki kitabları yığmağa başladı.
İstədim ki, “pinti özünsən” deyib cavabını verim, özümü toplayıb gülümsündüm.
O gündən sonra Leyli tez – tez gəlirdi, özü də tək. Bəzən söhbət eləməyə fürsət də düşürdü. Kitablardan, könüllülər dəstəsində döyüşən atasından, qonşulardan, bəzən də özündən danışırdı. Tövsiyyə etdiyim kitabları oxuyub fikrini deyirdi. Bir dəfə qaytardığı kitabın arasından, üzərinə “L” hərfi tikilmiş, ətirli bir dəsmal tapdım. Özümü qoymuşdu, unutmuşdumu, bilmədim. Amma həmişə cibimdə gəzdirirdim. Daha utanmırdıq, demək olar ki, dostlaşmışdıq. Hətta sonuncu dəfə sağollaşanda mənə əlini uzatmışdı. Və Leyli indi mənim üçün əlçatmaz bir xəyaldan, görməyəndə darıxdığım, həmişə yanımda olmasını istədiyim yaxın bir insana çevrilmişdi.
XI
Son günlər kəndə qəribə bir səssizlik çökmüşdü. Əvəzində isə, qonşu Mərzili kəndi uğrunda gedən ağır döyüşlərin aramsız, zəhlətökən səsi və əlbəttə ki, vahiməsi kəndi bürümüşdü. Arabir qırıcı təyyarələrin ani olaraq ötüb keçən uğultulu səsi eşidilirdi. İndi kəndə daha çox qrad mərmisi düşürdü. Kəndin üstünə şığıyan bu mərmilərin çoxu, yaxşı ki, xeyli vaxdan bəri boşalmış təzə məhəlləyə düşürdü. Əvvəllər ancaq daha çox insan ölsün deyə gecələr atırdılarsa, son günlər gündüzlər də qrad mərmilərinin iyrənc uğultusu eşidilirdi. Vacib işi olmayan heç kimsə evindən bayıra çıxmamağa çalışırdı.
Həmin günlərdən birində, səhərə yaxın, pəncərədən otağıma qışqırışan, nə dedikləri anlaşılmayan insan səsləri doldu. Qalxıb, artıq darvazanın önündə dayanmış babamla anamın yanına gedəndə, əşyalarla və insanlarla dolu irili-xırdalı maşın karvanı kənddən çıxırdı. Mərzili alınmışdı. Bizim kəndin bəzi sakinləri də onlara qoşulmuşdu. Amma hələ heç hava qaralmamış səssizcə, bəlkə də utana-utana geriyə, evlərinə qayıtdılar.
Həmin gündən iki ya üç gün keçmişdi. Həyətdə oturub, kitab oxuyurdum. Mən oyananda anam evdə yox idi. Başım kitaba elə qarışmışdı ki, Rafiqi, əlimdəki kitabı dartıb alanda gördüm. Atılıb –düşür, bir yerdə dura bilmirdi, yaman həyəcanlıydı. Nəhayət ki, yanımda oturub, tələsik
- Sənə işim düşüb –dedi.
- Nə işin? - əlindən aldığım kitabı açmaq istıyirdim ki, soruşdu
- Rus dilini bilirsən də?
- Rus dilini?
- Hə, rus dilini, bilirsən də?
- Belə də, neynirsən ki?
- Bilirsən, ya yox? – acıqlı – acıqlı təkrarladı.
- Bilirəm.
Rus dilini mənə hələ beş-altı yaşım olanda böyük qardaşım öyrətmişdi. Sibirdə hərbi xidmətdə olanda, ona rus dilində məktub da yazmışdım. Orta səviyyədə bilirdim.
Rafiq ciblərini eşələyib bir cibindən ağ vərəq, bir cibindən də qələm çıxartdı.
Köynəyinin döş cibindən isə səliqə ilə qatlanmış bir vərəq çıxarıb, ehtiyatla açdı.
- Məktub yazacağıq!
- Kimə?
- Sənə nə? – gülümsündü – mən nə desəm sən onu rus dilində yaz, yaxşı? Düz yaz ha!
- Yaxşı –deyib razılaşdım. Vərəqi kitabın üzərinə qoyub, əlimdə qələm gözləməyə başladım. Əlində tutduğu vərəqi oxumağa başladı.
- Larisa, mənim adım Rafiqdir, onüç yaşım var.
- Larisa kimdir? – dözə bilməyib soruşdum.
Güldü. Cavab vermədən oxumağa davam elədi. Deyəsən anlamışdım. Amma... Larisa niyə? Bizim kənddə Larisa yoxdur axı.
Sonralar, Larisagilin Mərzili alınandan sonra bizim kəndə köçdüklərini, anasının rus, atasının azərbaycanlı olduğunu, Rafiqgilin qonşularında qaldıqlarını və əlbəttə ki, Rafiqin ona dəli kimi vurulduğunu elə Rafiqin özündən öyrəndim.
Elə qəribə, gülməli şeylər yazmışdı ki, gülməyim gəlirdi. Amma susurdum, yavaş-yavaş oxumasını istəyib tərcümə eləyirdim.
Məktubu bitirəndə uğundum. Yumruqla çiynimdən vurub acıqlandı.
- Bu da mənim dostum!
- Sən mənə Leyliyə görə sataşanda yaxşıydı?
- Ə, Leyli demişkən – üzü ciddiləşdi – Leylinin atası ölüb.
- Nəə? – inanmırdım elə bil.
- Hə, bir az olar gətirdilər – təəssüflənirmiş kimi başını yellədi.
Rafiq məktubu da götürüb getdi. Qalxıb Leyligilə getmək istəsəm də bacarmadım. İndi yəqin ki, ağlayırdı. İndi onun üzünə baxa bilməzdim, nə deyəcəkdim axı? Yəqin, qapqara gözləri birdə heç vaxt gülməyəcəkdi. Yəqin daha bizə də gəlməz, ehh...
Anam həyətə girəndə hələ də Leylini düşünürdüm. Gözləri qızarmışdı. Yaylığını açıb içini çəkdi.
- Yasdan gəlirsən? – bəlkə bir şey danışar deyə soruşdum.
- Yas deyil e, anbardar Ramizin oğlu itib.
- Mübariz?
- Hə.
- Necə yəni, itib?
- İtib də, itgin düşüb. Anası yazıq elə ağlayır, elə ağlayır adamın ürəyi parçalanır.
Allah uzaq eləsin, ölüm ondan yaxşıdı. Heç olmasa bilirsən ki, basdırmısan, burdadır.
– dodağının altında nəsə pıçıldayıb susdu. Bəlkə də qardaşlarıma dua edirdi, nə bilim..
Mübarizin orduya getdiyi üç-dörd ay ancaq olardı. Sol biləyimdəki “ana” sözü yazılmış döyməni hər dəfə görəndə onu xatırlayacadım. O döymüşdü.
XII
Mübarizin itməsindən bir həftədən çox keçmiş olardı. Rafiqin yaşına yaraşmayan ciyiltili səsini eşidəndə həyətdə quzunu yedizdiridim. Səsinin bütün gücü ilə çığırırdı. Quzu əmzikdən süzülən südü elə iştahla sümürürdü ki, ayırmağa qıymadım.
- Gəl Rafiq, burdayam – dedim
- Gəlmirəm, sən gəl!
Əlacsız, quzunu yerə qoyub, darvazaya tərəf getdim. Quzu da yanıma düşüb hoppana-hoppana gəlirdi.
Rafiq məni görən kimi tələsik dedi:
- Əhməd ölüb, hamı ora gedir, gedirsən?
-Əhməd kimdir?
- Əhməd də, Sənəm xalanın oğlu.
Elə bil içimdə nə isə qırıldı. Gözlərimin önünə Gülgəzin, parıltısı mələk kimi gözəl üzünə yayılan bir cüt qara gözləri gəldi.
Bütün gücümüzlə qaçırdıq. Arada geridə qalan Rafiq mənə çatsın deyə dayanırdım, sonra yenə birlikdə qaçırdıq. Nəfəsimizin gücü tükənəndə, Əhmədgilin taybatay açılmış qırmızı darvazasına çatdıq. Burda bəlkə də əlli adam vardı. Birmərtəbəli balaca kürsülü evin qabağındakı həyətin ortasında, balaca bir xalçanın üzərində Əhməd uzanmışdı. Əynində qolsuz əsgər köynəyi, palçığa bulaşmış şalvar, ayağında isə əsgər çəkməsi vardı. Gözləri yumulu idi, rəngi isə solğundu. Sənəm xala cəsədi gah bağrına basıb üz-gözünü yalayır, gah da yerə uzadıb saçını sığallayır, sinəsindəki balaca dəliyi göstərib: -“Dur başına dönüm, barmaq boyda yaradan da adam ölər, dur, yekə kişisən, camaat var, ayıbdı dur, qurban olum dur!” – deyib hamını ağladırdı. Cəsədi hər dəfə bağrına basıb qaldıranda, kürəyində görünən əl boyda yaranı isə görmürdü Sənəm xala. Cəsddən solda, alma ağacının altında əsgər formasında üç adam dayanmışdı. Əhmədin ölümündə onlar günahkarmış kimi, başlarını aşağı salıb, səssizcə siqaret tüstülədirdilər Getdikcə adam çoxalırdı. Qadınlrdan bəziləri Sənəm xalanın qollarından yapışıb onu sakitləşdirməyə çalışırdılar. Sənəm xala isə canını onların əlindən qurtarıb cəsədi bağrına basır, ağappaq ağarmış yanaqlarını öpürdü.Bir azdan sonra camaat daha da çoxaldı.Ağız deyəni qulaq eşitmirdi. Ağlaşma səsi danışıq, danışıq səsləri qışqırıq səslərinə qarşmışdı. Sənəm xala da deyəsən oğlunun öldüyünü anlamışdı, ağı deyirdi. Kəndin ağsaqqalları əsgərlərdən bir azca aralıda dayanıb susurdülar. Babam da burdaydı, deyəsən əlində qovluq ya da buna bənzər nə isə vardı. Bir anlıq göz-gözə gəldik, tezcə də baxışlarımı çəkib yerə zillədim.
Rafiqin sol qolumu sıxan əli titrəyirdi,deyəsən qorxurdu. Üzünə baxdım, gözlərini qaçırtdı. Başını yaxınlaşdırıb, qulağıma nəsə pıçıldadı. Səs-küydənmi, səsinin titrəməsindənmi, nə dediyini anlamadım.
Birdən bu hay-həşirdə nə isə qəribə bir şey oldu. Kütlə azacıq tərpənişdi və hamı susdu. Ağı deyən qadınlrın səsi də nazilib qırıldı. Hamı darvazaya tərəf baxırdı, nə olduğunu anlamırdım. Rafiq qolumu dartışdırırdı. Çöndüm. Darvazanın ağzındakı kütlə aralanır, sanki kiməsə yol açırdı. Kütlənin arasından kölgə kimi nəsə keçdi və o – Gülgəz göründü. Hamı susmuşdu, Bircə, Gülgəzin ayaq səsləri taqqıldayırdı. Sakit, aram addımlarla irəliləyirdi, ağlamırdı. Gözlərində qızartı da yoxdu, sadəcə böyüyüb eybəcərləşmişdi. Üzündə hansısa bir naməlum ifadə donub qalmışdı. Bütün gözlər ona zillənmişdi. Gülgəzin hər addımından hamı nəsə gözləyirdi, sanki nəsə olcaqdı. O isə heç nəyə fikir vermədən addımlayır, cəsədə tərəf gedirdi. Əlində al qırmızı parçaya bükülü nə isə vardı. Elə bir səssizlik çökmüşdü ki, əliylə qolumu möhkəmcə sıxan Rafiqin nəfəs alışını belə eşidirdim. Cəsədə iki-üç addım qalmış dayandı. İndi Sənəm xala belə öz dərdini unudub ona zillənmişdi. Bir addım da atıb cəsədin baş ucunda dayandı. Bir anlıq sol əlini qaldırıb baxdı və cəld bir hərəkətlə bükülünü açıb, çıxardığı tapançanı gicgahına dayadı.
-Hi – hamı elə bil səksənib içini çəkdi.
- Qı-zım! – kiminsə yavarışlı boğuq səsi eşidildi və
- TAK – deyə bir səs kütləni çaxnaşmaya saldı.
Rafiq məni çəkə-çəkə kütlənin içindən çıxartdı. Yol boyu bircə kəlmə belə danışmadan evə qayıtdıq.
XIII
Mərzilinin işğalından xeyli keçmişdi. Bizim kəndin bəlkə də yarısı boşalmışdı. Kənd, içərisində səssiz-səmirsiz adamların dolaşdığı xarabaya bənzəyirdi. Yanıq qoxusu xeyli vaxdı ki, havadan çəkilmirdi. İndi kəndə daha çox mərmi düşürdü. Altı yüz evdən bəlkə də ikiyüzü vurulmuşdu. Küçədə qarşıma çıxan səssiz, kədərli adamları görəndə, mənə elə gəlirdi ki, hərə öz içinə qapanıb bu cəhənnəmdən ruhən də olsa uzaqlaşmaq istəyir. Bir-birylə qarşılaşan insanlar çox vaxt heç salamlaşmırdılar da. Sanki kəndin bu vəziyyətə düşməyində hərə özünü günahkar bilir, başlarını aşağı salıb, bir-birlərinin yanından səssizcə, utana-utana ötürdülər. Bu elə bir kədərli mənzərəydi ki, ifadə etmək çox çətindir. Gülgəzin ölümü, Leylinin təsəvvür etdiyim kədərli üzü gözlərimin önündən getmirdi. Hər axşam, batmaqda olan günəşə baxıb, yaxınlaşmaqda olan ölümə nifrət edirdim. Anam artıq ikinci mərtəbədə qalmağıma icazə vermirdi. Hər axşam anamın, birinci mərtəbənin zalında, yerdən saldığı yatağa girəndə artıq ümidimi çoxdan üzdüyüm Allaha yalvarırdım, yalvarırdım ki, yuxuya gedim. Amma yox, O məni eşitmirdi. Gözlərim dan yeri ağarana qədər pəncərələrdəki, tez-tez hansısa məkana düşüb guruldayan mərmilərin ağartdığı zülmətə zillənirdi. Gözlərim yumulanda isə tezcə də diksinib dəhşət içində ayılır, soyuq tər basmış titrəyən bədənimi qucaqlayıb ağlayırdım. Anam eşitməsin deyə yorğanı başıma çəkir, səssizcə hıçqırırdım. Bu əlacsızlığıma və bir də hər şeyin səbəbkarı olan Allaha söyürdüm. Axı, O istəsəydi hər şeyə son qoya bilərdi! Axı bu məsum insanları belə ağır cəzalandırmaq kimə gərəkdi ki?! Allahamı? Axı bircə dilək nəydi ki, Onunçün? Bəlkə də heç o anda Allah yox idi. Y a da bizim Allahımız deyildi.
Hər partlayışda, ürəyim bir az daha tez vururdu, bir az daha çox titrəyirdi bədənim. Səmada ulaya-ulaya yaxınlaşan hər mərmidə bədənini yığıb, yatağına qısılıb titrəməyin necə bir hiss olduğunu bilsəydiniz... Hər mərmidə ölümü gözləməyin nə demək olduğunu...
Gecə boyu babamın boğmağa çalışdığı xırıltılı öskürək səsi gəlirdi. Bəzən də səhərə qədər babamın otağından əsəbi addım səsləri eşidilirdi. Məndən azca aralı, yerdən salınmış yatağında qurcalanan anam hərdən qalxıb babama baş çəkirdi. Nə isə pıçıldaşırdılar. Niyə pıçıldaşırdılarsa? Bəlkə də məni oyatmaqdan qorxurdular. O məni ki, səhərə qədər qəhərin düyünləndiyi boğazımı arıtlamağa belə çəkinib, güclə, boğula-boğula nəfəs alırdım.
Yenə səhər açılırdı. Pəncərələrdəki zülmət yavaş-yavaş ağarır, mərmilərin parıltısı daha zəif seçilirdi. Adətən bu vaxtlar, kəndin üzərinə yağış kimi yağan mərmilər səngiyər, yavaş-yavaş da olsa kəsilərdi. Bu gün isə əksinə, daha çox atırdılar. Bu yağışın kəsməyəcəyini anlamışdım deyəsən, gözlərim öz-özünə yumulurdu. Elə gözlərimi yenicə yummuşdum ki, hardasa çox yaxınlarda partlayan mərmidən ev titrədi. Yatağımda mil kimi dikəldim. Anam da qalxıb oturmuşdu. Babam əyninə keçirdiyi köynəyini düymələyə-düymələyə tələsik otaqdan çıxdı. Bir anlıq baxışdıq və cəld həyətə çıxdı.
- Murad – anam yatağıma yaxınlaşıb yanımda oturdu. Çiyinlərimdən ehmalca basıb yatağa uzatdı.- Heç nə yoxdur, yat. Vallah heç nə yoxdur, qorxma. – səsindəki titrəyişi gizlətməyə çalışırdı. Üstümdəki yorğanı düzəldib babamın ardınca getdi.
Gözlərim ağrıyırdı. Qulaqlarımda qəribə bir küy vardı. Hardansa uzaqlardan gələn danışıq səsləri eşidilirdi. Yatağımda çevrilib yorğanı başıma çəkdim.
Oyananda günəş artıq çoxdan pəncərələrdən süzülüb, qanadlarını zalda oynadırdı. Partlayış səsləri səngimişdisə də, arabir, uzaqdan da olsa eşidilirdi. Anam otaqdan otağa keçir nə isə tələsik iş görürdü. Qalxıb oturmaq, geyinib həyətə çıxmaq istəyirdim. Amma hələ də yerimin içində uzanmışdım. Fikrimdən nələr keçdiyini heç özüm də bilmirdim. Qulaqlarımdakı küy keçmişdisə də, gözlərimə vuran ağrı gicgahlarımda hələ də döyünürdü. Anam oyandığımı görüb gülümsündü.
- Yatırsansa yat, hələ tezdir – tezcə də otağa keçdi.
Saat səkkizi götərirdi. Bu gün ayın onikisi idi, iyunun on ikisi doxsanüçüncü il. Yadıma nəyisə salmağa çalışırdım. Elə bil bu günü xatırlamaq üçün öncədən özümə söz vermişdim. Amma xatırlaya bilmirdim. Hər nə idisə elə bil lap indicə yadıma düşəcəkdi. Amma nə? Axtarmaqdan bezdiyim bu naməlum şeydən yorulub, gicgahlarımı ovurdum ki, birdən yadıma düşdü. Rüstəmin ad günü. Bu gün Rüstəmin ad günü idi. Bir dəfə təsadüfən pasportunu görmüşdüm. Bir də pasportun arasında artıq illərdir Rüstəmin yolunu gözləyən nişanlısı Əslinin balaca, gülümsəyən şəklini. Rüstəm bu şəkli adətən papağının günlüyündə gəzdirirdi.
Bu hadisəni xatırladığıma sevinə - sevinə qalxıb geyindim. Gözlərimdəki yorğunluğu götürmək ən əsası da yaxşıca ayılmaq üçün, həyətdəki buz kimi artezian suyunda yuyunmaq istəyirdim. Həyətə çıxanda anam evin önündəki şüşə qırıqlarını süpürürdü. Məni görən kimi dayandı.
- Görürsən də? Bir az önə gedib yuxarı boylandım, ikinci mərtəbənin şüşəbəndində bircə dənə də olsun şüşə qalmamışdı, ciliklənib tökülmüşdü. Demək yatmazdan qabaq eşitdiyim cingiltili səs bu imiş. Sual dolu nəzərlərimi anama zillədim.
- Qamboy kişigilin tövləsinə düşüb. Allah saxayıb, onları da bizi də. Bir az o yana, bir az bu yana düşsəydi... Yazıq heyvanların hamısı qırııb. – şüşə qırıqlarını süpürə - süpürə əsəbi səslə dedi. Birdən dayandı, dikəlib mənə baxdı.
- Niyə süpürürəm e? Erməniyə qulluqçuyam? - əlindəki süpürgəni şüşə qırıntılarının
üzərinə atdı.
- Murad,... gəl otur! – qolumdan çəkib tut ağacının altındakı taxta oturacaqda oturtdu.
- Bala, burdan getməliyik! Səhər babana da dedim, məni eşidir ki. Geyinib yenə də harasa getdi, o gedəndir. Bax indi, elə indicə ermənilər gəlsə hara gedəcəyik, kimə sığınacağıq? Kənddə adam qalmayıb, bu da tutub ki, çıxmıram. Burda qalıb əsir düşək? – anam elə əsəbi, elə həyəcanlıydı ki, onu heç vaxt belə görməmişdim. Bir az susub dedi:
- Mənə bax! Get gör baban hardadır? Yolağa bax, bir də klub tərəfə. Tapsan, denən anam deyir ki, evə gəlsin. Ordan da nənənə dəy, denən gəlsin bizə, bir yerdə olaq. Bilmək olmaz nə olacaq. Mən də xəmir yoğurmşam, görək nə olur.
Darvazanın yanına çatmışdım ki, çağırdı. Qayıtdım.
- Murad, baban evə gələndə sən də nəsə de.
- Nə deyim? – qarşısında oturanda belə zəhmindən titrədiyim babama nə deyə bilərdim ki?
- Nə bilim.. nəsə de də, de ki burdan gedək., de ki, qorxuram. Nə bilim..
Babamı nə yolaqda, nə də klubun yan yörəsində tapmadım, yox idi. Nənəmə də anamın tapşırığını qaçaraq çatdırıb meşəyə tərəf götürüldüm. Nə olur olsun Rüstəmə baş çəkməliydim.
Məhəlləmizdən keçən yol meşəyə daha yaxındı Amma o yolla gedə bilməzdim, anam görsəydi buraxmazdı. Yolumu uzatmış olsam da, ara yollardan keçib, nəhayət ki, meşənin yoluna çıxdım. Bura səssizlikdi, camaat çoxdan çıxmışdı. Axşam vurulan evlərin bəziləri hələ də alovlanırdı. Küçədə yiyəsiz qalmış üç – dörd it sülənirdi, yəqin ki, ac idilər. Darvazaların çoxundan iri kilidlər asılmışdı. Kənddən uzaqlaşdıqca həyəcanım artırdı, qorxurdum. Bu elə bir hiss deyildi ki, anladılması mümkün olsun. Üstümüzə gələn düşmənə - ölümə doğrü gedirdim. Meşəyə yaxınlaşdıqca atəş səsləri daha da güclənirdi. İndi sadəcə koloşnikovların deyil, iri çaplı silahların da səsi eşidilirdi. Arabir hardasa lap yaxınlarda partlayış səsləri gəlirdi. Meşəyə çatmışdım, amma deyəsən bu ölüm vadisinə girməyə qorxurdum. Ürəyimin döyüntüsünü bütün bədənimdə, ən çox da gicgahlarımda hiss edirdim. Amma nə olur olsun gedəcəkdim, qərarım qətiydi.
Hündür, sıx palıdlığa baxanda adamı vahimə basırdı. Budaqları ilə bir-birini qucaqlamış bu ağaclar sanki düşmənin önünü kəsmək üçün sipər olmuşdular. Bəzi ağacların budaqları isə qırılıb sallanırdı. Bunları yəqin ki, pulemyot güllələri biçmişdi.
Gözlərimi bu mənzərədən çəkib, var gücümlə qaçmağa başladım. Kol-kos qollarımı sivirir, üz gözümü cırırdı. Zərrə qədər də olsa ağrı hiss etmirdim. Qaçırdım. Birdən qulağımın dibindən ani bir vıyıltı ilə nəsə keçdi. Əyildim. Əlimi cıran kol-kosdan yapışa-yapışa bir az irəlilədim. Yerə uzanmaq istəyirdim ki, ayaqlarımın arasından nəsə sürünüb keçdi. Çəld ayağa qalxdım.Ətrafda heç nə görünmürdü. Tanış vıyıltını eşidən kimi özümü üzüüstə yerə atdım. Sol əlim qanamışdı, nəyinsə cırdığı uzunsov yaradan qan sızırdı. Başımın üstündən keçən güllələrin sancıldıgı budaqlar xışıldayırdı. Bir az da önə gedə bilsəydim balaca bir acıq sahə vardı. Ordan bəlkə də nə isə görə bilərdim. Amma güllələr səngimirdi. Sürünməyə başladım. Bir az getmişdim ki, üzüm yumuşaq, tozlu bir şeyə toxundu. Bu , köhnəlib qurumuş tozlu meşə göbələyiydi. İyrənc bir şeydi, bu zibildən üfunət iyi gəlirdi. İyrənə-iyrənə, üz-gözümü xəzələ sürtə-sürtə bir az da süründüm. Balaca talanın başlanğıcı ilə aramda beş-altı metr ancaq olardı. Dikəlib oturdum, ürəyim ağzımdan çıxırdı. Bir az nəfəsimi dərdim. Başımın üstündəki ağaclar xışıldayır, budaqları qırılırdı. Birdən nə isə guruldadı, havada süzən uğultu get-gedə yaxınlaşırdı. Bu qrad mərmisiydi. Harasa sığınmaq lazımdı. Özümü, tələsik yanımdakı palıd ağacının iri gövdəsindəki koğuşa dürtüb, qulaqlarımı tıxadım. Dəşətli bir gurultu qopdu. Qulaqlarım elə cingildıyirdi ki, heç nə eşitmirdim. Başımı koğuşdan çıxarıb baxdım. Mərminin düşdüyü talada toz-dumandan heç nə görünmürdü. Koğuşdan çıxıb ağacın dibinə çöküb gözlədim. Toz seyrəldikcə mərminin açdığı geniş çuxur qaralırdı. Harasa yaxınlara düşən növbəti mərmilər isə yeri titrədirdi. Bütün gücümlə qaçıb, özümü, məndən əlli-altmış metr aralıdakı çuxura atdım. Qulaqlarımdakı cingilti zəifləyir, partlayan mərmilərin səsini daha aydın eşidirdim. Çuxur o qədər dərin və geniş idi ki, necə çıxacağımı düşünməyə başlamışdım. Gözlərimi yumdum. Mərmilər bir-birinin ardınca partlayır, hardasa yeni-yeni çuxurlar açırdı. Amma ən azından ikinci bir mərminin bu çuxura düşməyəcəyinə əmin idim. İyirmiikinci mərmidən sonra qrad susdu. Çuxurun nəm torpağı yanımı, kürəyimi üşüdürdü.
Çuxurun divarındakı parçalanmış ağac köklərindən tuta-tuta çıxdım. Özümü ağacların sıx olan yerinə verib qərərgaha tərəf qaçdım. Nəfəsim təngiyir, burnumdan süzülən ilıq mayeni dodaqlarımda hiss edirdim. Daha bir şey qalmamışdı. Öndə görünən balaca təpəni də keçdimmi qərərgahı görəcəkdim. Təpəyə isə yüz metrdən də az qalırdı. Birdən təpənin üstündə bir əsgər göründü. Cəld gizləndim. Sürüşüb aşağı düşdü. Sonra daha bir əsgər, daha sonra isə iki əsgər də eynən sürüşüb təpənin dalında gizləndilər. Ürəyimi yemişdim, bunlar erməni əsgərləri olsaydı, onda vay mənim halıma. Nəfəs belə almadan bərəlmiş gözlərimi onlara zilləmişdim. Onlardan solda daha bir neçə əsgər göründü. Onlar sanki, gizlənməyə yer axtarır, arabir dönüb geriyə-meşənin dərinliklərinə atəş açırdılar. Onda bildim ki, bunlar bizimkilərdir. Gizləndiyim yerdən çıxıb, qışqıra-qışqıra onlara tərəf qaçmağa başladım.
- Rüs-təəm, Rüstəəm.
Təpənin dalındakı əsgərlərin dördü də çöndü. İçlərindən biri əyilə-əyilə mənə tərəf gəməyə başladı. Rüstəm idi. Əliylə mənə işarə elədi, dayanıb yerə çökdüm. Aramızda əlli-altmış metr ancaq olardı. Bu an qrad yenidən guruldadı. Nə olduğunu anlamadan bir andaca təpəni göyə sovurdu. Rüstəmə tərəf qaçdım. Amma tozdan heç nə görünmürdü. Qorxudan titrəyirdim. Amma indi mənimçün fərqi yox idi. Rüstəmi tapmışkən geri qayıda bilməzdim. Partlayışdan əvvəl Rüstəmin harda olduğunu təxmini də olsa bilirdim. Seyrələn dumanda ətraf güclə seçilirdi. Ətrafa boylanır, onu tapmağa çalışırdım. Yavaşca bir-iki dəfə səslədim.Deyəsən ağlayırdım, gözlərimdən süzülən yaşlar yanaqlarımı isladır,ağzıma dolurdu.Dayanıb yerə çökdüm, səslərini yaxşı eşitməsəm də , güllələrin yan-yörəmdə uçüşduğunu hiss edirdim. Duman təmiz çəkilən kimi Rüstəmi gördüm. Məndən alt-yeddi metr öndə üzüüstə uzanmışdı. Sürünə-sürünə yaxınlaşdım. Çatan kim itələyib çevirməyə çalışdım, gücüm çatmadı. Birdən yana açılmış əlini tərpətdi və zəif səslə xırıldadı, elə bil boğulurdu. Əlini yerə dayayıb onu çevirməyimə kömək elədi. Güc-bəla, nəhayət ki, çevirdim. Üzünü görəndə qorxdum, onsuz da titrəyirdim. Qıpqırmızı qana bulaşmış üzündə azacıq aralı gözləri işarırdı. Başını ehmalca qaldırıb dizimin üstünə qoydum. Sol çiynindəki yaradan qan axırdı. Ciblərimi eşələyib Leylinin verdiyi dısmalı çıxardım. Üzünü sildim, xırıldadı. Gözləri gah yumulur,gah da açılırdı. Sağ əlini azca qaldırdı, elə bil dodaqları da tərpəndi, nəsə demək istəyirdi, bacarmadı, qolunu yanına salıb xırıldadı. Güclə açılmış gözlərini dikib, yazıq-yazıq baxırdı. Sağ əlini sürüyüb yanındakı avtomata toxundurdu. Nə demək istədiyini anlamışdım, silahı götürməyimi istəyirdi. Pıçıltı ilə - yaxşı – dedim. Əlimin arxası ilə gözlərimi sildim. Əslinin qana bulanmış balaca rəsmi bizdən azca aralıda, papağın yanında gülümsəyirdi. Əlimi uzadıb götürdüm. Şəkli görən kimi gülümsədi, dodaqlarını uzadıb xırıldadı və gözlərini yumdu. Silkələdim. Amma... Ölmüşdü.
Avtomatı götürüb çiynimə keçirdim. Sol əlimdə isə Leylinin bağışladığı qanlı dəsmal vardı. Rüstəmin cəsədinə sonuncu dəfə bir də baxıb kəndə tərəf qaçdım.Güclə qaçırdım, silah onsuz da ağırdı, bir tərəfdən də hıçqırıq məni boğurdu.Qışqırmaq istəyirdim, amma bacarmırdım. Elə hiss edirdim ki, ürəyim indicə partlayacaq. Daha bacarmırdım, təzə məhəlləyə çatanda uçuq bir hasarın dibinə çöküb hönkürdüm.
Evə çatanda anamla nənəm darvazanın önündə, ağlaya-ağlaya məni soraqlayırdılar. Babam isə bir kənarda dayanıb, kədərli-kədərli susurdu. Məni görəndə qorxdular. Babam çiynimdəki silahı alıb dəstə-dəstə kənddən çıxan əsgərlərdən birinə verdi. Yanımızdan keçən traktorlardan birinin lafetinə minib, çıxdıq.
Xeyli vaxt kənddən uzaqda, boş bir ərazidə yaşadıq. Bütün kənd burdaydı. Heç kəs çıxıb getmək istəmirdi. Tezliklə qayıdacağımıza bütün səmimiyyətimizlə inanırdıq. Bu düzəngahda nə qədər yaşadığımızı xatırlamıram. Xatırlayıram ki, bir gün, bir əsgərin gətirdiyi xəbər bütün düşərgəni silkələdi. Kənd geri alınmışdı. Amma xəbəri gətirən əsgərin babama dediyi başqa bir xəbəri də eşitmişdim. “Bu silah-sursatla, bu qədər əsgərlə bu kəndi saxlamaq olmaz müəllim!”- əsgər təəssüf hissi ilə deyirdi. Elə həmin gün babamla kəndə getdik. Ot basmış həyətin hər yanına kitablar səpələnmişdi. Bu mənzərəni görən babamın siması heç vaxt gözlərimin önündən getmədi. Onu heç vaxt bu qədər məyus, əlacsız və kiçilmiş görməmişdim. Babam əyilib kitabları yığmağa çalışırdı, amma bacarmadı, yerə çöküb hönkürdü. Yəqin ki, acından ölmüş quzunun da, başından güllə ilə vurulub öldürülmüş Toplanın da qurumuş cəsədini gilənar ağacının altında güllələri basdırdığım çuxurda basdırdım. Təndirdən küt getmiş, daşlaşmış balaca bir kündə tapdım. Amma ondan anamın təndir çörəklərinin heyrətamiz qoxusu hələ də gəlirdi. Boşaltdığımız un çuvallarını, əlimizə keçən kitablarla doldurub, bizi tələsdirən əsgərin müşaiəti ilə kənddən çıxdıq. Bu dəfə həmişəlik, bəlkə də əbədi olaraq. Kim bilir....
SON