Həbsdəki NİDA-çı AzTV-ni və MTN-i məhkəməyə verib

Məhəmməd Əzizov

-

Mayın 22-də hazırda həbsdə olan “NİDA” Gənclər Hərəkatının üzvü Məmməd Əzizov Azərbaycan Televiziyasını və Milli Təhlükəsizlik Nazirliyini məhkəməyə verib. Bu barədə məlumatı AzadlıqRadiosun NİDA-çının vəkili Fariz Namazlı verib.

Vəkilin sözlərinə görə, Məmməd Əzizov məhkəmədən MTN-nin AzTV-yə istintaq materiallarının ötürməsinin qanunsuz hesab olunsunması, 9 mart 2013-cü ildə AzTV-də yayımlanan sujetdə iddiaçının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınması, AzTV-nin “Xəbərlər” buraxılışında iddiaçıdan üzr istənilməsi ilə bağlı iddialarının təmin olunmasını xahış edib.

Fariz Namazlı bildirib ki, Məmməd Əzizov ona vurulmuş mıənəvi zərərin əvəzi kimi MTN-dən 5 min, AzTV-dən 5 min olmaqla cəmi 10 min manat təzminat ödənilməsini, eləcə də məhkəmə iclaslarında iddiaçının iştirakının təmin edilməsini də istəyib.
İşə Səbael rayon Məhkəməsində baxılacaq.

Məmməd Əzizov martın 7-də həbs olunub. O, narkotik maddə saxlamaqda ittiham olunub. Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib və hakimiyyətdən onunla birgə digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

Bir sıra yerli və beynəlxalq təşkilatlar gənclərin həbsindən narahatlıqlarını dilə gətiriblər.

Hazırda NİDA-nın 7 üzvü həbsdədir. Onlar narkotik saxlama, qanunsuz silah saxlama və gəzdirmə maddələrində ittiham olunurlar.