Human Rights Watch: «Azərbaycanda saxta narkotik ittihamları ilə tənqidçilər susdurulur»

Human Rights Watch

-

Human Rights Watch təşkilatının mayın 27-də yaydığı bəyanatda bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama ittihamlarından istifadə etməklə onu tənqid edən siyasi fəalları susdurur.

Qurum son vaxtlar dörd fəalın həbsiylə bağlı araşdırma apardığını, onlardan üçünün polisdə pis rəftarla üzləşdiyini bəyan edir.

Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib: «Hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi əslində yeni hal deyil. Amma son vaxtlarda baş verən hallar, xüsusilə seçkilər yaxınlaşdıqca hökumətin tənqidçilərə qarşı apardığı kampaniyanın tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı verir».

Human Rights Watch bildirir ki, Azərbaycan hökuməti saxlanma yerlərində baş vermiş pis rəftar iddiaları ilə bağlı dərhal tərəfsiz və səmərəli araşdırmaya başlamalı, qaldırılan ittihamların həqiqiliyinin müstəqil şəkildə qiymətləndirilməsinə qədər fəallar azadlığa buraxılmalıdır:

«Həbs olunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha pis rəftarla üzləşmək riski var. Hökumət, həbs olunan şəxslərin pis rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz görüşlərinə imkan yaratmalıdır», deyə Gogia bildirib.

«ƏRƏB BAHARI»NDAN SONRA BAŞLAYAN HÜCUM...

Təşkilat hesab edir ki, dörd fəalın həbsi ölkədəki vətəndaş cəmiyyətinə qarşı «Ərəb Baharı»ndan sonra başlayan hücumun bir hissəsidir və prezident seçkiləri yaxınlaşdıqca daha da intensivləşir.

HRW yada salır ki, son iki ildə Azərbaycan hökuməti onlarla fəalı, jurnalisti və hüquq müdafiəçisini şübhəli ittihamlarla və ya heç bir dəlil olmadan həbs edib. Onlara qarşı narkotik, silah saxlama, xuliqanlıq və ya ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürüb. 2011-ci ilin avqustundan 2012-ci ilin mayı arasındakı dövrdə polis ən azı 5 jurnalist və hüquq müdafiəçisinə qarşı saxta narkotik saxlama ittihamları irəli sürərək həbs edib.

- 9 may tarixində həbs olunaraq və sonra pis rəftara məruz qalan 31 yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaəddin).

- Oxuduğu xütbədə Azərbaycan hökumətini və xüsusilə prezident İlham Əliyevi kəskin tənqid edəndən az sonra, martın 31-də həbs olunan və sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh Bağırov;

- 26 mart tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı fəalı Daşqın Məlikov Facebook və digər sosial şəbəkələrdə hökuməti tənqid edən yazılarından sonra həbs olunub.

- NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizov mart ayının 7-də həbs olunmuş və sonradan pis rəftara məruz qalıb.

NARKOTİK SAXLAMA İLƏ TƏQSİRLƏNDİRİLƏNLƏR

Human Rights Watch bildirir ki, fəallar saxlanıldıqdan sonra polis onların üzərində az miqdarda narkotik tapdığını iddia edərək narkotik saxlama ittiham irəli sürüb:

«Polisin bildirdiyinə görə, həbs olunanların üzərində polis idarəsində aparılan axtarışda narkotik vasitə onların ciblərində, pulqabında və ya həbs olunan Əzizovun işində isə onun evində aparılan axtarış zamanı aşkar edilib. Bu axtarışların heç birində həbs olunanların vəkilləri orada olmayıb və hətta həbsdən bir neçə gün sonra hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşə bilməyiblər».

Human Rights Watch yada salır ki, günahlandırılan şəxsin vəkillə əlaqə qurmasına imkan yaradılmaması Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın və İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının müvafiq maddələrinin birbaşa pozulmasıdır. Azərbaycan hər iki bu beynəlxalq müqavilələrin tərəfdaşıdır. Saxlanma yerlərində pis rəftara məruz qalma həm bu iki beynəlxalq sənədə və həm də beynəlxalq hüquqi qaydaya əsasən birmənalı şəkildə qadağan edilir.