Azadlıq və Azad Avropa Radioları Korporasiyasının sənədləşdirilmiş dəlillərinə əsasən radionun Azərbaycana peyk yayımlarına müdaxilələr baş verir. Belə bir müdaxilə beynəlxalq telekommunikasiya qaydalarına ziddir və radionun yaylmlarının pozulması tarixinin yeni mərhələsi hesab oluna bilər.
Son vaxtlar AzadlıqRadiosu-nun “Fəqrli xəbərlər” həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur. Türkiyənin populyar TürkSat peykindəki MedyaTV telekanalında yayımlanan “Fərqli xəbərlər” efirə gedəndən 4-5 dəqiqə sonra başlayan müdaxilələr veriliş başa çatandan dərhal sonra dayandırılır. Aprelin 28-dən başlayan bu hadisə, verilişin sonrakı 3 həftə ərzindəki yayımlarında da qeydə alınıb.
AzadlıqRadiosunun “Fərqli xəbərlər” TV proqramına olan müdaxilələrdən qaçmaq üçün verilişin yayımlandığı peyk dəyişdirildi, əvvəl DengeTV, sonra isə Sivas SRT kanallarında efirə verildi. Lakin hər dəfə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri veriliş yayımının pozulmasına yönələn elektron müdaxilələri qeydə alıb, sonuncu dəfə “Fərqli xəbərlər”in 16 iyun yayımına olan müdaxilə də sənədləşdirib.
“Son illər bizim yayımlar dayandırılıb, jurnalistlərimizə qarşı çoxlu təzyiqlər olub. Bizdə belə bir şübhə var ki, bu müdaxilə eyni siyasətin davamı və hətta daha da kəskinləşməsidir” – deyə Azadlıq və Azad Avropa Radioları Korporasiyasının prezidenti və icraçı direktoru Kevin Klose bildrib.
“Hadisələrin belə inkişafı, oturuşmuş beynəlxalq sazişlərə mümkün təhlükə kimi ciddi narahatlıq doğurur, mən hələ media azadlığı haqda beynəlxalq norma və standartları demirəm” – deyən Kevin Klose əlavə edir ki, Azərbaycan və beynəlxalq telekommunikasiya rəsmilərini AzadlıqRadiosu-nun televiziya efirinə müdaxilələrin araşdırılmasına çağırır. Onun sözlərinə görə, şirkətin rəhbərliyi AzadlıqRadiosu-nun yayımlarını bundan sonra da diqqətdə saxlayacaq.
Kevin Klose AzadlıqRadiosu-nun missiyasını bir daha xatırladaraq, onun Azərbaycan xalqının azad və tərəfsiz informasiya almaq, öz fikrini sərbəst şəkldə ifadə etmək imkanlarına köməklikdən ibarət olduğunu bildirib.
AzadlıqRadiosunun “Fərqli xəbərlər” həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü MedyaTV kanalında yayımlanırdı. Hazırda bu proqram TürkSat peykində Sivas SRT telekanalında yayımını davam etdirir:
Freq: 11.555 Ghz
Pol: V
SR: 27.500 MS/s
FEC: 3/4
Proqram AzadlıqRadiosu əməkdaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatı haqda reportajlarından ibarətdir.