Alekseyevkada illərdir qəzalı evlərdə yaşayanlar...

Alekseyevkada qəzalı vəziyyətdə olan evlərdən biri

-

«Anam çox məmur qapıları döydü, dedilər narahat olma, evləriniz tikiləcək. O da öldü getdi, evimiz isə hələ də başımıza çökür».

Xaçmazın Alekseyevka kəndində 4 il əvvəl baş vermiş sel qəzasının acısını hələ də çəkənlər var. Kənd sakini Arzu Şıxməmmədova deyir ki, qoca anasının arzusu suya qərq olmuş evinin yerində yenisini tikdirmək, balalarını başına yığmaq idi. Ancaq olan-qalan ömrünü də məmurların boş vədləri ilə keçirib:

«DİVARLAR ÜSTÜMÜZƏ GƏLİR, EV ÇÖKÜR»

«Baxın vəziyyətimizə, divarlar üstümüzə gəlir, ev çökür. Görürsünüz, hamısı dağıntıdır. Evin içərisində oturmağa qorxuruq. Elə evlər vardı ki, heç zərər yanından yel olub ötməmişdi, ancaq istifadə elədilər, pul verdilər bələdiyyəyə, tikib düzəltdilər».

Qardaşı Bəhruz Şıxməmmədov da deyir ki, 8 nəfərlik ailə 4 ildir ki, Allaha sığınıb:

Bəhruz Şıxməmmədov

«Güclü yağış yağdı, bir də baxdıq ki, həyəti, tövləni su basıb. Girdik evə, qapını bağladıq, gözlədik ki, bəlkə yağış kəsə. Qapını açanda su bizi itələyib kənara atdı, evi basdı. Aləm bir-birinə qarışdı. Tövlədəki danamız boğulub öldü, arılarımız məhv oldu. Bir sözlə, su nəyimiz vardısa, qatdı qabağına. Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq, komissiya da gəldi, dedilər, köməklik edəcəyik. Anam rəhmətlik dəfələrlə Fövqəladəyə, İcra Hakimiyyətinə getdi, son günə qədər arvadı ordan-bura, burdan-ora göndərdilər. Qaldı Bakıyla Xaçmazın arasında. Axırda gördük aldadırlar, oturduq yerimizdə. İndi də hər səhər Allaha yalvarırıq ki, özü bizə zamin dursun, günümüzü qəzasız, itkisiz keçirək. Səksəkədə yaşayırıq ki, bu dəqiqə ev çökəcək».

Kənd sakini Südabə Eminova da eyni dərddədir:

«GƏLDİLƏR BAXDILAR, ÇƏKDİLƏR, GETDİLƏR, ANCAQ XEYRİ OLMADI»

«Gəldilər baxdılar, çəkdilər, getdilər, ancaq xeyri olmadı. Kənddə evlər tikildi, dilləndik, dedilər bu, hələ başlanğıcdır, yenə gəlib tikəcəklər. O gedən getdilər. Bir dəfə getdim İcra Hakimiyyətinə, başçının qəbuluna düşə bilmədim, qayıtdım gəldim. Bu bir otağı dişimizlə-dırnağımızla birtəhər özümüz tikib, yığışdıq içərisinə».

Kəndin başqa bir sakini Yazgül Nəsrullayeva:

«Xalça, divan, hamısı suyun üzündə idi. Divarları çəkin, yarıq-yarıqdır, döşəmə, tavan yoxdur. Ev demək mümkündürsə, bu evdə üç ailə qalır. Evdə şikəst uşaq var. Böyük oğlumun ailəsi belə şəraitsizlikdən dağıldı. Bələdiyyə sədrimizə yalvarırıq ki, daşdan, kəsəkdən kömək et, evimizi düzəldək, ölüm-itim olmasın, evdə xəstə uşaqlar var axı. İstədiyimiz bir az şifer, bir az taxtadır. Heç olmasa evin üstünü düzəldək ki, yağışlarda başımıza axmasın. Bax, bala, sən bu evdə otura bilərsən? Bu vəziyyətdəyik, uçub-dağılıb, hər şeyimizi sel aparıb. Dünən külək oldu, şiferlər gəldi aşağı, qaçıb küçədə oturduq. Divarları yaxşı çəkin bala, bəlkə görərlər».

Yazgül Nəsrullayeva deyir ki, başına yağış tökülməsin deyə, bağını-bağçasını bağışlamağa hazırdır:

«Neynirəm o bağı, meyvəni? Evim başıma uçur, qorxudan qapının kandarında yatıram. Götürsünlər bağımızı, meyvələrini də veririk. Əvəzində bizə taxta, şifer versinlər».

İCRA HAKİMİYYƏTİ «BİZLİK DEYİL», DEYİR

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə deyir ki, seldən qəzalı vəziyyətə düşmüş evlərin tikinti və təmir-bərpa işlərinin onlara aiddiyyəti yoxdur.

Qəzalı ev

Alekseyevka kəndinin bələdiyyə sədri Cahangir Eyyubov da 2009-cu ilin sentyabr ayının 20-də yağan güclü yağışdan və baş verən fəsadlardan sonra kənddə bir neçə evin tikildiyini deyir. Ancaq o da bu məsələlərdən uzaq olduqlarını deyir:

- «O işlə Fövqəladə Hallar Nazirliyi məşğul olub. 15 təşkilatın nümayəndəsindən ibarət komissiya yaradılıb, evlərə baxış keçirilib. Kənddə 5-6 ev tikilib. O tikilən evlər üçün nə taxta, nə daş verməmişik. Nazirlik özü tikib. Bizim ümumiyyətlə, o işlərə qarışacağımız yoxdur.

- «Sakinlər istəyirlər ki, bələdiyyə fondu hesabına onlara tikinti materialları verilsin, evlərini özləri təmir-bərpa etsinlər.

- Bələdiyyə öz işçilərinə 2 ilə yaxındır ki, maaş verə bilmir. Bizdə elə imkanlar haradandır kiməsə ev tikək, materialı verək? Rayonda Fövqəladə Hallar Komissiyası var, müraciət etsinlər».

BƏS FÖVQƏLADƏ HALLAR KOMİSSİYASI NƏ DEYİR?

Rayon Fövqəladə Hallar Komissiyasından isə bildirdilər ki, kənddə seldən zərərçəkmiş evlər vaxtında siyahıya alınıb və belə evlərin təmir-tikinti işləri aparılıb.

Alekseyevka kəndində ümumilikdə 200-ə yaxın şəxsi təsərrüfatın olduğu bildirilir. Onlardan təqribən 10-a yaxın ailə qəzalı evlərdə yaşadıqlarını deyirlər.

2009-cu ilin 20 sentyabrında axşam saatlarında Xaçmazın Ləcət, Nərəcan, Alekseyevka, Gödəkli, Çinarqala kəndlərinə güclü yağış yağması nəticəsində evləri su basıb. Həmin kəndlərdə yaşayanlar seldən zərər çəkmiş evlərinə görə hələ də kömək olunmadığını deyirlər.