İsa Qəmbər: «Rüstəm İbrahimbəyov Bakıya gələndən sonra...»

İsa Qəmbər

-
Müxalifət sanki Şekspirsayağı dilemma ilə üz-üzə qalıb: Milli Şuranın ikinci namizədi olsun-olmasın? Boykot təhlükəsini gözə alaraq seçkilərə vahid namizədlə getmək, yoxsa əlavə manevr imkanı qazanmaq daha doğru yoldur?

Belə görünür ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdanadək belə suallar hələ çox səslənəcək. Hərçənd, Rüstəm İbrahimbəyov iyulun 9-dakı müraciətində qəti bildirib ki: «Gerçək demokratik düşərgənin ikinci namizədi olmamalıdır». Bir gün sonra Şuranın sessiyasında Müsavat da bir daha bəyan edib ki, İsa Qəmbərin prezidentliyə namizədliyi qalmalıdır.

Eldar Namazov da məsələni qəti qoyur:

«Milli Şuranın əsas namizədi də, ehtiyat namizədi də İbrahimbəyovdur».

Bu durum qurumda parçalanmaya aparmaz ki? Elektoratın inamı sarsılmaz ki?

«SÖHBƏT RÜSTƏM İBRAHİMBƏYOV-İSA QƏMBƏR MÜSTƏVİSİNDƏ GETMƏMƏLİDİR»

Müsavat başqanı İsa Qəmbər etiraf edir ki, Milli Şura seçim qarşısında qalıb:

«Aydın məsələdir ki, bir neçə namizədin mümkünlüyü vahid namizədin qeydə alınma məsələsində hakimiyyətə əlavə manevr imkanları yaradır. Mən bunu Milli Şuranın toplantısında da bəyan etdim. Belə təhlükə var. Amma başqa təhlükə də var: Milli Şuranın namizədi qeydə alınmayacağı təqdirdə Şura seçkidən kənarda qalır. Məncə, bu, daha ciddi təhlükədir. Milli Şura seçkilərdən kənarda qalacaqsa, bunun məsuliyyətini kim boynuna götürəcək? Bu baxımdan ciddi müzakirələrə ehtiyac var. Müzakirələrdə iştirak edənlər bu məsələni fərdiləşdirməməlidir. Söhbət Rüstəm İbrahimbəyov-İsa Qəmbər müstəvisində getməməlidir. Söhbət ondan gedir ki, Milli Şura seçkilərdə iştirak yolunu tutur, yoxsa boykot?».

İsa Qəmbər deyir ki, Milli Şuranın boykota sürüklənməsinin qəti əleyhinədir. Amma əlavə edir ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələndən sonra bu yöndə hərtərəfli, çox ciddi və məsuliyyətli müzakirə aparılacaq. Bunun nəticəsində də xalqın marağına uyğun ən düzgün qərarlar qəbul ediləcək.

Zərdüşt Əlizadə


ZƏRDÜŞT ƏLİZADƏ: «BAŞQA NÜFUZLU NAMİZƏD OLMASA...»

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, seçib-seçilmək hər kəsin haqqıdır. Buna görə kimisə qınamaq düzgün deyil. Amma onun fikrincə, məsələnin başqa tərəfi də var – siyasətçinin hər hansı qurum qarşısında götürdüyü öhdəliyə sadiq qalması onun ciddiliyinin əlamətidir. Zərdüşt Əlizadəyə görə, hakimiyyət Milli Şuranın namizədindən çəkinir və bu səbəbdən onu vurmaq istəyir:

«Belə şəraitdə özünü müxalifət adlandıran şəxsin namizədliyini verməsi dolayısı ilə hakimiyyətin dəyirmanına su tökməkdir».

Zərdüşt Əlizadə razılaşır ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması düşərgəni boykota apara bilər, amma:

«Əgər 1998-ci ildə Etibar Məmmədov kimi ştreykbrexer rolunu oynayan olmasa, başqa nüfuzlu namizəd olmasa, bu, hakimiyyətin qələbəsinin legitimliyinə ciddi şübhə yarada bilər. Yox əgər İsa Qəmbər hakimiyyətin legitimliyinə zərər dəyməsin və bu iqtidarın Azərbaycanı daha 5 il qarət etmək hüququ şübhə doğurmasın deyə, namizədliyini verəcəksə, öz işidir. Ondan başqa şey gözləmirəm. İşi avand olsun».

İSA QƏMBƏR: «EYNİ MƏNTİQLƏ DEMƏK OLAR Kİ...»

İsa Qəmbər bu cür ittihamlara belə cavab verir:

«Zərdüşt Əlizadə bir neçə gün əvvəl bildirib ki, Müsavatda ağıllı və vicdanlı adam yoxdur. On minlərlə müsavatçını təhqir edən, ölçü və məsuliyyət hissini bu dərəcədə itirən birisinin ciddi mövzulara ekspert kimi cəlb edilməsi özü absurddur. Ondan obyektiv şərh gözləmək mümkün deyil».

Eldar Namazov və Rüstəm İbrahimbəyov

Mövzuya gəlincə:

«Kimsə bu cür məntiqsiz, əsassız şəkildə Müsavatın qərarını hakimiyyətə yarınmaq kimi təqdim edəcəksə, eyni məntiqlə və daha ciddi arqumentlərlə demək olar ki, müəyyən qüvvələr Milli Şuranı, real müxalifəti seçkidən kənarda saxlamaqla Əliyev ailəsinin növbəti dəfə hakimiyyətə yiyələnməsinə şərait yaradır. İstəmirəm ki, müzakirələr bu səviyyədə getsin. Millətə, demokratik düşərgəyə faydalı qərarlar nədirsə, o da qəbul edilməlidir. Rüstəm müəllim gələndən sonra ciddi müzakirələr getməlidir və məncə, bu zaman ortaq qərarlara gələ bilərik».

ELDAR NAMAZOV: «İBRAHİMBƏYOVUN BAKIYA GƏLMƏSİNƏ MƏHDUDİYYƏT...»

Yeri gəlmişkən, Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməyəcəyindən, hakimiyyətin bu yöndə əngəllər yaradacağından şübhələnənlər, narahat olanlar da var. Amma Milli Şuranın yaradılmasında yaxından iştirak edən Eldar Namazov belə ehtimallara əsas görmür:

«İbrahimbəyovun Bakıya gəlməsinə məhdudiyyət yaradılmasına heç bir hüquqi əsas və heç bir maneə yoxdur. Rüstəm müəllim avqustun 2-də – Kino günündə Azərbaycana qayıtmaq fikrindədir. Ümid edirəm ki, ona maneə də olmayacaq».

Zərdüşt Əlizadə Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyi halda hakimiyyətin onu həbsə atacağını istisna etmir. Bütün hallarda Rüstəm İbrahimbəyovun gəlməyinə 20 gündən çox var və onun gəlişi bəzi qaranlıq məsələlərə işıq sala bilər.