IX Beynəlxalq müsəlman kino festivalında Azərbaycan filmləri də iştirak edəcək

Kazan kino festivalı, 2012

-
Sentyabrın 5-dən 11-dək Kazanda IX Beynəlxalq müsəlman kino festivalı keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin festivalın rəsmi saytına istinadla verdiyi xəbərə görə, «Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə» devizi ilə reallaşacaq festivalın proqramına 25 ölkədən 49 bədii, sənədli və animasiya filmi daxildir.

Festivalda azərbaycanlı rejissorlardan Şamil Əliyevin «Çölçü» və Fariz Əhmədovun «Əriyən ada» filmləri təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» Kinostudiyasında lentə alınmış «Çölçü» filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə «Azanfilm» studiyası tərəfindən istehsal olunan «Əriyən ada» sənədli filminin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı Rauf Əliyevdir.

Müxtəlif illərdə Rusiyadan Vladimir Xotinenkonun «Müsəlman», Azərbaycandan Oqtay Mirqasımovun «Cadugər», İrandan Əzizulla Həmidnezadənin «Soyuğun göz yaşları» və s. filmlər Kazan Beynəlxalq müsəlman kino festivalının qalibi olub.