-
"İslam ölkələri elə bil bir-birinin ağzına tüpürüb, Qərbdən mütəşəkkil şəkildə geridədirlər. "
“Hamlet İsaxanlı kimi hörmətli, amma ədəbiyyatdan tamamilə uzaq münsiflər heyəti ağıllarının əsdiyi şəkildə, kənar mülahizələrə əsaslanaraq, qərar çıxarırlar”
"Kitab təqdimatı mərasimlərində həmişə eyni simalardır – yazarlar toplaşır, bir-birilərini tərifləyib".
Yazıçı Etimad Başkeçidlə Qaynar.info-nun əməkdaşı, gənc yazar Mövlud Mövludun söhbəti
- Etimad bəy, siz ədəbi ənənələri min illərlə ölçülən bir torpaqda doğulub böyümüsünüz. Borçalının ədəbi dünyagörüşünüzün formalaşmasında rolu nə qədər olub? Ümumiyyətlə, yazıçının böyüdüyü coğrafiyanın onun yaradıcı dünyasına nə qədər təsiri olur?
- İnsan yediyi yeməklərə və yaşadığı coğrafiyaya oxşayır, bu, bəlli həqiqətdir. Təbii ki, mənim də xəmirim o yerlərin suyu ilə yoğrulub. Doğulub-böyüdüyüm yerlərdə az adam tapılar ki, Aşıq Alıdan, Ələsgərdən, nə bilim, Abbas Tufarqanlıdan beş-üç şeir bilməsin. Başkeçid camaatının çoxusu yayda yaylağa, qışda qışlağa güzar edən, sadə tərəkəmə həyatı sürən insanlardır. Dünya malı üçün əldən-ayaqdan gedən adamlar deyillər. Varsa var, yoxdusa, yenə şükür Allaha!
O vaxtlar biz tərəflərdə bir Aşıq Qərib vardı. İndi mən Qərib deyirəm, biz onu yerli ləhcədə Qarıf çağırırdıq. (gülür) Bax o Qarıf bütün məclislərini aşağıdakı sətirlərlə tamamlayardı:
Süleymanın mülkünü sorma, aman, hardadır,
Mülkü öz yerindədi, bəs Süleyman hardadır?
Onda kiçik idim, Süleymanın kim olduğunu bilmirdim, amma artıq təxmin edirdim ki, insanın öz var-halından sonacan yarıması mümkün deyil. Bir də onu demək istəyirəm ki, o tərəflərdə güclü folklor ənənələri mövcuddur. Düzdür, folklor kolletiv sənət növüdür, amma bu o demək deyil ki, onun yaradılması prosesində ayrı-ayrı şəxslər heç bir rol oynamırlar. Yazılı ədəbiyyat folklordan xeyli sonra yaranıb və ədəbiyyat həmişə folklor təcrübəsindən, onun mövzularından, janrlarından priyomlarından istifadə etməyə çalışıb. Ona görə də, mifololji və folklor zəmini olmadan normal ədəbiyyatın yaranması hardasa imkansızdır.
Mən müəllim ailəsindənəm, evimizdə Dantenin «İlahi komediyası»ndan, Füzulinin rəngli illüstrasiyalı «Leyli və Məcnun»undan tutmuş müasir yazıçı və şairlərin əsərlərinəcən çoxlu kitablar vardı. Onları da oxumaqdan qalmırdım.
- Açığı, şəxsən məni həmişə təəccübləndirən bir şey olub: Rusiyada oxuyan, orada çalışan qələm adamlarımızın Azəbaycana qayıtmağı. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirən, Rusiya qəzetlərində işləyən Etimad Başkeçidi hələ gənckən Azərbaycana qayıtmağa nə vadar etdi? Vətənə qayıtmağa peşman deyilsiniz?
- Mənim qayıdışım ailə məsələləri ilə bağlı oldu. Peşman olduğum vaxtlar olur, amma ümumilikdə, yox, peşman deyiləm. Aşağı-yuxarı iyirmi il Rusiyada yaşadım, dünyanın bir çox ölkələrini gəzdim, bəsimdir. İyirmi il kritik həddir, bir az da keçsə, yəqin ki, qayıtmaq barədə heç düşünməyəcəkdim də.
Necə ki qardaşlarımdan biri Moskvada, o birisi Kiyevdə yaşayır və gəlib buralarda məskunlaşmağı artıq ağıllarının ucundan da keçirmirlər. Amma bir şey də var ki, onlar kimi on minlərlə, yüz minlərlə ağıllı-kamallı insanın gedib, başqa millətlərin genofondunu zənginləşdirməsi bizim üçün yaxşı hal sayılmaz. İstənilən halda, insanın böyük məsafələrə yer dəyişməsi həmişə böyük enerji itkisi, emosional-hissi çalxantılar hesabına başa gəlir.
Getmək bir qəhrəmanlıqdır, qayıtmaq bir başqa. Odisseyin hekayətlərindən bu yana ədəbiyyatın əbədi mövzularından biri də budur.
- Siz bu çağacan üç ayrı-ayrı toplumun içində yaşayıb fəaliyyət göstərmisiniz: gürcü, rus və azərbaycanlılar. Bu üç tolumun hansı ədəbiyyat adamın yaşayıb-yaratması üçün daha əlverişlidir?
- Ən əlverişsiz bizim toplumdur. Birincisi, ona görə ki, gürcü və rus ədəbi mühitində inəyini satıb özünə kitab çıxaran, sonra arvad-uşağın boğazından kəsib təqdimat keçirən, mənasız pozalarda şəkillər çəkdirib sosial şəbəkələrdə, heç kəsin oxumadığı qəzet və saytlarda öz aləmində PR eləyən savadsız subyektlərə rast gəlməzsiniz. Bunların yiyəsi yoxdumu? İkincisi də, bizdə kitab oxumaq mədəniyyəti yerlərdə sürünür. Kitab təqdimatı mərasimlərində həmişə eyni simalardır – yazarlar toplaşır, bir-birilərini tərifləyib, dağılışırlar. Oxucuların izinə isə rastlanmır, halbuki hər şey əksinə olmalıydı.
- Bəzən bizim yazıçılar, publisisitlər cəmiyyətimizdə baş verən qanunsuzluqların, insan hüquqlarına hörmətsizliyin, demokratiyaya keçidin ləngiməsinin səbəblərini milli mentalitetimizdə və İslam dininin cəmiyyətimizə təsirində görür...
- Bu məsələyə bir az əhatəli yanaşmaq lazımdır, çünki bu təkcə Azərbaycanla bağlı haqq-hesab deyil. Dediyin məsələlərdə və ümumiyyətlə, Şərqin Qərbdən geri qalmasını müxtəlif fikir adamları müxtəlif cür yozurlar. Hegel və onun Veber kimi ardıcılları deyirlər ki, şərqlilər öz təbiəti etibarilə passivdirlər, tarix yaratmağa qadir deyillər, qərbli ruhu şərqli naturasından daha dinamikdir, protestant xristianlığı buddizmdən də, konfusianlıqdan da, islamdan da üstün dindir və s.
Digərləri deyirlər ki, əlverişli iqlim şəraiti və təbii resursların bolluğu şərqliləri tənbəlləşdirib. Bu deyilənlərdə həqiqət payı nə qədərdir, bilmirəm, ancaq fakt ortadadır – islam ölkələri elə bil bir-birinin ağzına tüpürüb, Qərbdən mütəşəkkil şəkildə geridədirlər. İndi mən nə filosofam, nə də sosioloq, bu barədə yekə-yekə danışmağım, bəlkə də, yersiz olardı.
Amma elə şeylər var ki, onları görməmək mümkün deyil. Məsələn, xristian etikası nəyə əsaslanır? Sevgiyə. Kofutsilik – ritualların gözlənilməsinə, buddizm – daxili özünütəkmilləşdirməyə və s.
İslam etikası cəmiyyətdə ədalət prinsiplərinin gözlənilməsi məsələlərinə isnad edir. Amma «ədalət» qədər yayğın, min yerə təfsir olunan ikinci bir anlayış da tapmaq çətindir. Hərənin öz ədalət anlayışı var: Şərq ölkələrində hamı qanunpərəst yox, ədalətli ölkə başçısı arzulayır. İkinci bir nüans da adət-ənənələrin gözlənilməsi məsələsinə bağlıdır. Hələ fransız maarifçiliyinə qədər Qərbdə ənənələrin gözlənilməsi xristian teologiyasının mərkəzi kateqoriyası idi. Dini ənənələri pozduğuna görə inkvizisiyada nə qədər adam məhv edilmişdi. Sonra avropalılar hər şeyi ənənənin avtoritetinə tabe etdirməyin nə qədər yanlış yol olduğunu kəsdirdilər və «rasional cəmiyyət» deyilən bir cəmiyyət qurmağa girişdilər. Nəticə də göz qabağındadır. Protestant etikası doğrudan da individualizmi əsas götürür, biz isə hələ də «palaza bürün, elnən sürün», «el yığılsa zərbi kərən sındırar» kimi mahnılarla özümüzə təskinlik veririk.
- Ədəbiyyat və ideologiya problemləri həmişə dartışılıb. Sizcə, yazıçı hər hansı bir ideologiyaya məsələn, dinə yaxud sosializmə meyil göstərərsə, bu onun yaradıcılığına necə təsir göstərər?
- Yaxşı təsir göstərməz. Dini ideologiyaya əsaslanan ədəbiyyat artıq aktual deyil və yalnız müəyyən kütlə və bəlli dünyagörüşünə bağlı insanlar arasında müəyyən rezonans doğura bilər. Bu şəbeh çıxarmaq kimi bir şeydir yəni. Liberalizm - azadlıqlar, sosializm – bərabərlik, və konservatizm – ənənələrə sadiqlik kimi aparıcı siyasi ideologiyalara söykənən yazılar da həmçinin. Mən şəxsən belə traktat və ya bəyannamə xarakterli mətnləri oxuya bilmirəm. Sözsüz, son dərəcə istedadla yazılmış mətnlər xaric.
Emil Çoran adlı bir fransız mütəfəkkiri deyir ki, yazıçı üçün ideya – arxasında heç nə olmayan şirmadır. Yazıçı özünü filosof kimi qələmə verməyə başladısa, əmin olun ki, o bununla özünün çoxlu çatışmazlıqlarını ört-basdır eləməyə çalışır. Mən də o sənətkarın fikirlərini bölüşürəm.
- Bir az da gündəm məsələlərindən danışaq. Bir neçə il öncə “Milli Kitab mükafatı”nın qalibləri sırasında olmayanda nəticələrdən narazı qaldınız. Ötən aylarda isə AYB-nin roman mükafatından imtina etməyiniz səs-küyə səbəb oldu. Nədir bu mükatlarla dərdiniz? Siz də qədri bilinməyən yazıçı olduğunuzu düşünürsünüz?
- “MKM”-in qalibləri sırasında olmamağımdan narazı qalardım təbii. Necə olur ki, müasir ədəbiyyatımızın ciddi imzalarından təşkil olunmuş ekspertlər qrupu ən yüksək balları mənə verirlər, amma sonradan Hamlet İsaxanlı kimi hörmətli, amma ədəbiyyatdan tamamilə uzaq münsiflər heyəti ağıllarının əsdiyi şəkildə, kənar mülahizələrə əsaslanaraq, qərar çıxarırlar? Nəticə belə olacaqdısa, ekspertlər qrupuna nə ehtiyac vardı? Bu, onların əməyinə və nüfuzuna tüpürmək deyildimi? MKM-də aparılan seçim prosesi Tehran Əlişanoğlunun «Tənqid.net» jurnalında ətraflı işıqlandırılıb, buyurub oxuya bilərsiniz.
AYB-nin mükafatından imtina etməyimə gəlincə, bu barədə çox danışıldı, hər şey ortadadır. Heç kəsi qınamaq fikrim yoxdur, sadəcə bu şəkildə verilən mükafatı almağı özümə sığışdırmadım, vəssalam. AYB MKM-dən fərqli davranmalıydı düşünürəm. Özümü qədri bilinməyən yazıçı saymıram. İnsanların mənə olan münasibətini də yaxşı bilirəm. Məni sevməyənlər də sağ olsunlar. Ağlın zəkatı cəhalətə dözməkdir.
- Uzun illər Rusiya mətbuatında çalışan, özünü bir imza kimi təsdiq etdirən Etimad Başkeçid niyə də rus dilində yazmasın, Rusiya ədəbi mühitinə çıxıb özünü və çağdaş Azərbaycan Ədəbiyyatını təmsil etməsin?
- «Min yol mənə söylər» romanının ruscası hazırdır. Hekayələrimin tərcüməsi də yekunlaşandan sonra hamısını kitab şəklində Moskvada çap etdirəcəyəm. Kitabın orada nə dərəcədə uğur qazanacağını indidən demək çətindir. Amma, ruslar demiş, “cəhd əcr deyil ki?” bəlkə, nəsə alındı.
- Keçən il çap olunan və ciddi ədəbiyyat adamları tərəfindən təqdir edilən “Min yol mənə söylər” romanınız barədə yazılara az rast gəldik. Sizcə tənqidçilər əsəri başa düşməyib, yoxsa ədəbiyyatda dəstəbazlıq var. Yoxsa, siz bu dəstələrin heç birində təmsil olunmursunuz deyə belədir?
- Hansı tənqidçi nə yazır, nə pozur, özü bilər. Mən romanın taleyindən narahat deyiləm. Hazırda ikinci romanın üzərində işləyirəm. Əsas narahatlığım onu istədiyim kimi yazıb, başa çatdırmaqdır.
- Mən sizə bu işinizdə uğurlar arzu edirəm.
-Çox sağ ol, təşəkkür edirəm.
Mövlud Mövlud
Qaynar.info