Futbol tarixində ən qanlı davalar və faciələr (10-luq)

Port Said faciəsi, 2012

-

1. Peru, Lima, Milli Arena

1964-cü ildə Peru və Argentina milliləri arasındakı qarşılaşma 318 nəfərin həyatını itirməsi ilə bitmişdi.

Argentina 1-0 öndə ikən hakim Peru komandasının oyunun sonunda vurduğu qolu saymamışdı.

Bu da yerli fanatların etirazına səbəb olmuş və onlar metal maneələri aşırıb meydana axışmağa cəhd etmişdilər.

Polis bunun qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etmiş, bu da azarkeşlərin kütləvi şəkildə tribunalardan çıxışa doğru axışması ilə nəticələnmiş, basabas yaranmışdı.

Ölənlərdən əlavə 500-dən çox adam da xəsarət almışdı.

(videonun sonuna bax, yazının ardı aşağıda)



2. Qana, Akkra, Akkra İdman Arenası

2001-ci ildə Qananın iki güclü komandası - “Hearts of Oak” və “Asante Kotoko” qarşılaşırdı.

Yerli komanda - “Hearts of Oak” oyunun sonunda iki qol vuraraq irəli çıxmış və bu, rəqib komandanın azarkeşlərini qəzəbləndirmişdi.

Onlar plastik oturacaqları sındırıb meydana atmağa başlamışdılar.

Polis onlara gözyaşardıcı qaz və rezin güllə atdığı üçün basabas yaranmış və 127 nəfər ölmüşdü.

Yüzlərlə insan xəsarət almışdı.

Polisi həmin insidentə aşırı reaksiya verdiyi üçün ittiham edənlər də olmuşdu.

3. İngiltərə, Sheffield, Hillsborough

1989-cu ildə İngiltərə kuboku uğrunda qarşılaşma zamanı baş vermiş faciədə 96 “Liverpool” azarkeşi ölmüşdü. (“Nottingham Forest”lə qarşılaşma)

“Liverpool” azarkeşlərinin sayı çox olsa da, onlara ayrılan tribuna hamısını tutmaq üçün yetərli deyildi. Nəticədə tribunada basabas yaranmış, bəzi azrkeşlər basabasdan qurtulmaq üçün dəmir maneələri aşırıb meydana çıxmağa cəhd etmiş, polis isə hadisənin mahiyyətini başa düşmədiyi üçün bunu xuliqanlıq saymış, önləməyə çalışmışdı. (ardı aşağıda)



Faciədən sonra Britaniyada oyunu ayaq üstə izləmək üçün biletlərin satışı qadağan edilmiş və bütün oyunlara biletlər stadiondakı oturacaqların sayına uyğun satılmağa başlanmışdı.

4. Nepal, Katmandu, Milli Arena

1998-ci ildə Banqladeş və Nepal milliləri arasında qarşılaşma zamanı başlayan dolu 93 nəfərin həyatına son qoymuşdu. Dolu elə güclü idi ki, 30 min azarkeşin hamısı qaçıb hardasa daldalanmağa çalışırdı. Yaranan basabasda azarkeşlərlə yanaşı polislər də olmuşdu.

5. Qvatemala, Qvatemala şəhəri, Mateo Flores Milli Arenası

1996-cı ildə Qvatemala və Kosta Rika komandaları arasında oyun zamanı yaranan basabasda 80 nəfər ölmüşdü. Faciəyə görə saxta bilet satanlar suçlanmışdı. Basabas stadiona tutumundan xeyli artıq insan buraxıldığı üçün yaranmışdı.

6. Misir, Port Səid

2012-ci il fevralın 1-də Misirin Port Səid şəhərində yerli “Al-Masry” və paytaxt Qahirədən gələn “Al Ahly” komandaları arasında qarşılaşma faciə ilə nəticələnmişdi.

79 nəfər ölmüş, 1000-dən çox adam yaralanmışdı. (ardı aşağıda)



Yerli azarkeşlər qonaq komandanın fanatlarına bıçaq, armatur, butılka, dəyənəklərlə hücum çəkmişdilər.

Bir çox müşahidəçilər bu hadisənin əvvəlcədən planlaşdırıldığını, yerli azarkeşlər arasına təxribatçıların salındığını və polisin qəsdən, “qisas məqsədilə” hadisəyə müdaxilə etmədiyini iddia etmişdi.

Həmin oyun keçmiş prezident Hüsnü Mübarəkin tərəfdarları və mülki geyimli polis əməkdaşlarının dəvə üstündə Qahirədəki Təhrir meydanındakı inqilabçılara hücum çəkməsinin ildonümünə təsadüf etmişdi. Paytaxt komandasının azarkeşlərinin çoxu məhz həmin vaxt meydanda Mübarək tərəfdarlarına müqavimət göstərmiş gənclər idi…

7. Argentina, Buenos Aires, Estadio Monumental

“River Plate” və “Boca Juniors” arasındakı qarşılaşmada yaşanan insident 71 nəfərin həyatına son qoymuşdu.

1968-ci ildəki həmin faciənin əsl səbəbi açıqlanmasa da, bir çoxları inanır ki, insident “Boca” azarkeşlərinin yuxarı tribunada rəqib komandanın bayraqlarını yandırması və aşağı atması, beləliklə də aşağı tribunadakı “Boca” fanatları arasında basabasın yaranmasından törəmişdi.

8. İngiltərə, Bradford, “Valley Parade” Stadionu

Bu hadisə daha çox “Bradford yanğını” kimi tanınır. 1985-ci ildə baş vermiş həmin hadisədə 56 nəfər ölmüşdü.

Güman edilir ki, yanğına azarkeşlərdən birinin tribunada siqareti söndürmədən yerə atması və tribunanın altına yığışmış zir-zibilin alovlanması səbəb olub. Yanğından qaçıb canını qurtarmağa çalışan azarkeşlər basabas yaratmışdı. Polis insanların tribunanı tərk edib yaşıl meydana çıxmasına şərait yaratsa da, faciədən qaçmaq mümkün olmamışdı. (ardı aşağıda)



9. Rusiya, Moskva, Lenin Stadionu

1982-ci ildə Moskvada UEFA kuboku çərçivəsində yerli “Spartak”la Hollandiyanın “HFC Haarlem” komandası qarşılaşırdı.

Stadionu tərk edən azarkeşlər oyunun sonunda gələn qoldan sonra geri qayıtdıqları üçün basabas düşmüş və 66 nəfər ölmüşdü. Sovet hökuməti yekun ölü sayını açıqlamaqdan imtina etmişdi.

10. Şotlandiya, Qlazqo, İbrox Stadionu

1971-ci ildə “Rangers” və “Celtic” arasında oyun başa çatana yaxın yerli azarkeşlər meydanı kütləvi şəkildə tərk etməyə başlayır.
“Rangers” pis oyun sərgilədiyi üçün onlar oyuna axıra qədər baxmaq istəmirlər.

Çıxışların birinin ağzında basabas düşür və 66 nəfər həyatını itirir.

Basabasın nədən yarandığı mübahisəlidir. Amma bir çoxlarının bildirdiyinə görə, atasının çiynində əyləşən uşaq yerə yıxıldığı və ətrafdakılar onun ayaq altında qalmasını önləmək üçün ətrafında “halqa” yaratdıqları üçün basabas böyümüş və faciəylə bitmişdi.

“The Huffington Post”un məqaləsi əsasında