«Xaricdən müğənnilər dəvət edirdilər. Bu, qudurğanlıqdır»

İlham Əliyev

-
“Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır”.
Bu sözləri prezident İlham Əliyev sentyabrın 10-da Bərdə rayonunda sakinlərlə görüşündə deyib.
«Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır».
Prezident deyib ki, vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar.

İLHAM ƏLİYEV OĞLUNDAN DANIŞIR...

«Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da məktəbi Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaq».
Prezident İlham Əliyev sentyabrın 10-da Ağdam rayonundan olan məcburi köçkün Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət zamanı deyib.
«Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır. Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın».

«ARZU EDİRƏM Kİ, HEYDƏR ƏLİYEV BABASININ VƏ DAVAMÇINIZ OLSUN»
Prezident xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəflərinin olduğunu da bildirb.
«Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar» deyə prezindent vurğulayıb.

Məcburi köçkün Səfurə Hüseynova da prezidentə öz arzu, istəklərini bildirib:

«Fürsətdən istifadə edib balanızın, - o, bizim də balamızdır, - Heydərin ali məktəbə daxil olması münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, o, babasının və Sizin davamçınız olsun. Biz Sizi çox sevirik. Siz öz balanızın məhz Azərbaycanda təhsil almasını istədiniz. Sizə bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq».