-
Dəfələrlə olub ki, xarici müəlliflərdən birinin kitabını alanda üstündə hansısa gic-gic şeirlər, roman adına təhqir olan cızmaqaraları da pulsuz vermək istəyiblər götürməmişəm, fikirləşmişəm ki, o makulatura yaxşıdırsa qoy elə kitab dükanında qalsın...
Xanlar Xoca bu yazısı ilə kitabçı Nigar Köçərlinin Azərbaycan yazıçılarını tənqid edən fikirlərindən sonra açılmış polemikaya qoşulur.
Xanlar Xoca
NİGAR KÖÇƏRLİNİN GÜNAHI NƏ?
Ölkədə yeni yazıçılar peyda olub. Elə hey yazırlar, çap etdirirlər, palaz-palaz müsahibələr verib hər şeyə münasibət bildirirlər, oxucu qazanmaq üçün hər yola əl atırlar, hətta ciddi adlandırdıqları “roman”ların arasına yataq səhnələri də salırlar və bunu oxucunu yormamaq üçün yazıçı priyomu kimi qələmə verirlər. Kitab satılmayanda isə günahı başqasında axtarırlar.
Kitab piştaxtaya qoyulub üstünə qiymət yapışdırılırsa deməli o, əmtəədir və bazar üçün istehsal edilib. Kitabı istehsal edən ilk növbədə yazıçıdır sonra isə naşir. Kitab yazıçı və naşirin birgə məhsuludur. Alıcını ilk növbədə kitabın üz qabığı cəlb etməlidir və insafla desək, son illərdə çap olunan kitablar keyfiyyətinə görə qonşu Rusiya və Türkiyədə çap olunan kitablardan heç də geri qalmır. Bu uğurdur. Ancaq kitabların məzmunu təəssüf ki, üz qabığı ilə uyğun gəlmir.
Dəfələrlə olub ki, özünü dahi hesab edən hansısa “yazıçı”nın “əsəri”ni götürüb vərəqləyib heç olmasa bir səhifə oxumağa çalışmışam, alınmayıb. Ona görə yox ki, onlar guya özlərinin iddia etdiyi kimi ciddi mövzularda yazırlar, onlar yaza bilmirlər, ya da yaxşı yazmaq istəmirlər.
Bu gün özünü dahi adlandıranlar sanki kiminləsə mərcə giriblər ki, roman adına nəsə çap etdirəcəklər və bu mərci udmağa çalışırlar. Nəticədə kitab dükanlarında böyük makulatura kütləsi yaranıb. Bazar üçün istehsal olunan mal keyfiyyətli olmalıdır ki, istehlakçı, yəni oxucu onu alsın. Sən əgər özün üçün yazırsansa onda onu bazara niyə çıxarırsan, elə kompüterdə yaz, printerdə çap elə, cildlətdir, qoy servanta, kimisə günahlandırma.
Azərbaycanda kitab demək olar ki, unudulmuşdu, kitab dükanları yox səviyyəsində idi, bu sahəni Nigar Köçərli öz yaradıcı təfəkkürü ilə ayağa qaldırdı, göstərdi ki, kitabdan da pul qazanmaq, kitabı oxucuya sevdirmək olar. Təbii ki, Nigar xanım pul da qazandı, ancaq kitabı da oxucuya sevdirdi, tanınmış insanlar “Əli və Nino”da kitab satmaqla həm kitab dükanını, həm də kitab oxumağı reklam edirdilər. Bu ilk dəfə Nigar Köçərlinin ağlına gəlmişdi və uğurlu oldu. Sonra da Milli Kitab Mükafatı layihəsi. Bu layihə ilə Azərbaycanda kitab dirildi, uğur qazana bilməyənlər isə yenə Nigarı günahkar elan elədilər, sanki bunların əvəzinə kitab da yazmalı imiş.
Bu gün də həmin cığallıq davam edir. Həmişə olduğu kimi “mənimlə deyilsənsə mənə qarşısan” prinsipi ilə indi yenidən bu gənc xanımı gözümçıxdıya salıblar. Demokratiyadan dəm vuranlar ancaq tərif eşitmək istəyirlər, bunları tənqid etmək olmaz. İraq olsun təsəvvür edin ki, bu “yazıçı”lardan birinin oxucularla görüşü ola, orda hansısa oxucu deyə ki, filan obraz zəifdir, Nigar Köçərliyə bu cür münasibət nümayiş etdirənlərin həmin oxucunu görüşdən salamat buraxacağı çox şübhəlidir. Adamlar özlərinə, yazdıqlarına o qədər valeh olublar ki, başqa söz eşitmək istəmirlər. Bu isə artıq başqa məqamlardan xəbər verir.
Özünü “dahi”, “Dostoyevski”, “Tolstoy”, ən çox oxuyub əsərlərindən sitat gətirdikləri “Kafka”, “Koelyo” və s. Hesab edənlər düşünmürlər ki, əgər biri oxuyub əsəri bəyənəcəksə başqasına da məsləhət görəcək, bəyənməyəcəksə oxumaq istəyənə də “oxuma, gözlərinə heyfin gəlsin, zövqünü də korlama” deyəcək. Kim yetişmiş meyvə qala-qala kal meyvəyə pul verər, kim firma ayaqqabısı geyinməyə imkanı çatdığı halda gedib “kitayski” ayaqqabı alar? Kitab da belə bir əmtəədir, əgər satılmağını, sənə gəlir gətirməsini istəyirsənsə yaxşı yazacaqsan, indi oxucu qazdan ayıqdır, geydirmə yazıçını əsl yazıçıdan tez fərqləndirir, ona görə də kitabını da almır. Yaxşı məhsul tez satılar, zay məhsulu isə ön cərgəyə yox e, dükanın qabağında adam qoyub havayı da paylatsan götürməzlər.
Dəfələrlə olub ki, xarici müəlliflərdən birinin kitabını alanda üstündə hansısa gic-gic şeirlər, roman adına təhqir olan cızmaqaraları da pulsuz vermək istəyiblər götürməmişəm, bilmişəm ki, o cızmaqaranın da pulunu bu biri kitabın üstündə artıq məndən alıblar. Ancaq yenə götürməmişəm, fikirləşmişəm ki, o makulatura yaxşıdırsa qoy elə kitab dükanında qalsın.
İndi bu vəziyyətin yaranmasında da nə Nigar Köçərli, nə də başqası günahkar deyil, yaza bilməyib, özünü dahi hesab edənlər günahkardır ki, istedadları yoxdur. Bəlkə də nə vaxtsa onlarda da alınacaq, uğur qazanacaqlar, amma bu gün alınmır da, zorla deyil ki. Zorla məhəbbət olmaz, zorla oxucuya özünü sevdirə bilməzsən, oxucuya özünü sevdirmək üçün əvvəl özün oxucunu sev, ona gözəl əsər yarat, özünü tənqid et, səhvlərini heç olmasa özünə etiraf et, sonra oxucu da səni sevəcək. Bu qədər sadə və aydın.