Ləyaqətli kişinin sevgilisi olmaq...

Elnaz Eyvazlı

-

- Çünki sən QIZ deyilsən, çünki sənin yengən olmayacaq, onu bir gecəlik axmaq şərəfindən məhrum edəcəksən, çünki sən boşandığın gün elə məhkəmə binasındaca “Dul qadın” adı ilə möhürlənib bu xaraba cəmiyyətin içinə atılacaq və həyatın boyu əzaba məhkum ediləcəksən.


Elnaz Eyvazlı


LƏYAQƏTLİ KİŞİNİN SEVGİLİSİ OLMAQ...


Bu yazı təxəyyül məhsulu deyil. Yaşda məndən kiçik, çox ağıllı, intellektli, ali təhsilli gənc bir qadınla aramızda olan söhbətdir.

***

- Ölsəm də, o evə qayıtmaram...Dözə bilmirəm, adam nə qədər özünü alçaldar?!

- Ərin “öküz”dür?

- Başa düşmədim?

- Bağışla, ancaq fikrimi başqa cür ifadə edə bilmədim, - gülürəm.

- Hə, başa düşdüm (gülür). Yox, ərim yaxşı adamdır, tərbiyəli, təhsilli. Söymür, döymür. Ancaq ailəsi çox müdaxilə edir, hər işimə bir mız qoyurlar. Nə qədər olar? O da dinmir, deyir, döz...daha dözmürəm.

- Nə istəyirsən indi?

- Boşanacam...

- Sonra?

- Sonra? Əlimdə işim, sənətim, oğlum da bir az böyüsün, həyan olacaq mənə. Baş-başa verib dolanacağıq...

- Ya sonra? – gülürəm.

- Sizcə, düz etmirəm? Axı siz də keçmisiniz bu mərhələləri. Mənim nələr çəkdiyimi anlamalısınız, bunları sizdən başqası ilə danışa bilmirəm, elə bilriəm ki, bütün yaşadıqlarımı hiss edirsiniz.

- Səhv etmirsən, mən sənin yaşadıqlarının həm də sən yaşamadığın formasını yaşamışam. Bir şey anladınmı?

- Yoox...xahiş edirəm, bir az qəddar və real olun.

- Boşanmaq elə də çətin iş deyil, bir parça kağızla həll olunacaq. Əgər ayrıldığına peşman deyilsənsə və düzgün addım atmısansa, boşandığın günün səhəri yuxudan ayılanda elə biləcəksən yenicə doğulmusan, həyata təzədən başlayırsanmış kimi xoşbəxt bir hiss keçirəcəksən. Psixoloqlar deyir ki, belə olan halda, deməli, düz addım atmısan. Məsələn, məndə belə olmuşdu və hələ də o hissi keçirməkdə davam edirəm. Təkrar edirəm, əgər ərin normal adamdırsa və problem onda deyilsə, boşanma. Onun xatirinə hər şeyə dözmək olar, yox, əksinə olsaydı, gündüzləri səni, üzr istəyirəm, eşşək kimi döyüb-söyüb, gecələr öküz olduğunu nümayiş etdirirsə, bir an öncə, vaxt itirmədən ayrıl. Səni sevən, sənə dəyər verən bir kişini başqalarına görə buraxıb getmək nə qədər sənlikdir? Həyatının sonuna qədər tək yaşamağı gözə alacaq qədərmi?

- Tək niyə? Oğlum...

- Oğlun da öz həyatını yaşayacaq, sənin həyatını yox. Heç kəs sənin iztirablarını bölüşməyəcək. Bəlkə, nə vaxtsa ailə qurmaq...Bir müddət bu, heç ağılına da gəlməyəcək, bacardığın qədər təkliyə alışmağa cəhd edəcəksən. Sənə diqqət edən, hətta səninlə maraqlanan olanda belə, qaçacaqsan. Qardaşını, atanı, oğlunu, nəsil-şəcərəndə olan bütün kişiləri düşünəcəksən. Bizlərdə buna namus-qeyrət, yəqin ki, Avropada özünə zülm etmək və ya axmaqlıq-filan deyirlər...

Zamanla tək qalmaqdan qorxub, “bəlkə, bəxtimi bir də sınayım,” deyə, cəhd edəcəksən. Bu illər ərzində hamı sənə hörmət edəcək, namus, qeyrət simvolu kimi baxacaq. Bilirsənmi nə qədər yaxınlaşmaq, səninlə bir kəlmə kəsməyi özünə şərəf bilənlər olacaq?! Axı sən adi qadın deyilsən, ali təhsilli, öz hüquqlarını bilən, öz ayaqları üstündə durmağı bacaran, kimdənsə asılı olmağı sevməyib, özü öz yükünü çəkməyə çalışan, anlayışlı birisən. Bizim kişilər belə qadınları sevər, pərəstiş edər, onunla fəxr edərlər, bir sözlə, xoşbəxt etməkdən başqa, hər şey edərlər. Sevgi etiraflarının, komplimentlərin sayı durmadan artacaq, hamısı da sənin kimi qadınla qürur duyduğunu, sənin mükəmməl bir qadın olduğunu etiraf edəcək, adamın Allahı var, demirəm ki, səni sevməyəcəklər, sevənlər də olacaq, ancaq o yerə qədər ki, orda bizim möhtərəm mentalitetimiz dayanır. O yerə qədər ki, o yerdə sənin “dul qadın” statusun başına qaxılır.

- Axı ətrafımızda müasir düşüncəli nə qədər kişi var...

- Nə qədərmi? Kifayət qədər deyə, lovğalana bilərəm. Bilirsənmi nə qədər Qərb düşüncəsində olan, hətta ölkədən kənarda təhsil alıb geridüşüncəliliyimizi tənqid edənlər var? Sənin illərlə “namus” deyə, əzablar içində, sağlamlığın bahasına qorunmana güləcək, hətta “bu, normal deyil,” deyib inanmayacaq, ittiham edəcək kişilər. Bu vaxta qədər sevgilinin olmamasını, illərlə qadın həyatı yaşamadığını anormallıq sayıb, əslində buna görə səni tənqid edəcək kişilər...Axı necə ola bilər ki, normal düşüncəli, sağlam bir qadın illərlə özünü QADIN olmaqdan məhrum etsin? Bu, onlara dəhşətli gələcək. Əslində, bəlkə də, haqlıdırlar... Cəsarət göstərib səni daha yaxından tanımağa jest edənlər olacaq. Sən də uşaq deyilsən, ləyaqətli hesab etdiyin, şərəfinə, dürüstlüyünə, vicdanına inandığın birini özünə yaxın buraxmağı düşünməyə nə deyirsən, hə?

- Niyə də yox?!

- Aha...niyə də yox, normaldır. Hər bir ləyaqətli kişi həyatında sənin kimi bir qadının olmasından xoşbəxt olar. Həm də ətrafında kifayət qədər qadın olmağı yalnız dadlı xörək bişirib, təmiz paltar yumaqda, ev-eşik yığışdırmaqda, uşaq doğmaq naminə ərilə yatağa girməkdə görən, doğmağı tərgidən kimi ərilə bacı-qardaş münasibətində olub və bunu özünə şərəf bilən, kişinin ömrünü-gününü dığ-dığla zəhərə çevirən, bu müasir düşünücəli, intellektli kişini anlamaqdan başqa hər şey edən qadınlarla əhatə olunan kişilər...Lakin onlar sənin kimi bir sevgilisinin olmasına, sənin yanında dünyanın dərdi-sərini unudub xoşbəxt olmasına rəğmən, bir ömür çərləməyi üstün tutar, əzizim. Əlbəttə, o, sıradan bir kişi deyil ki, fahişə xidmətindən istifadə edib, küçə qadınları ilə münasibət qura. Ona sənin kimi QADINla – mükəmməl, özünə layiq bildiyi bir qadınla münasibət qurmaq lazımdır.

- Bu, necə olur axı?

- Olur, övladım (gülürəm). Ən pisi bilirsən nədir? Səni qohum-qardaşının qeyrətini çəkib namus keşikçisi olmaqda qınayan, hətta buna gülən adam, nəinki nəslindəki kişiləri, hətta qapılarındakı iti belə düşünərək sənin kimi qadından vaz keçir.

- Niyə axı, niyə?

- Çünki sən QIZ deyilsən, çünki sənin yengən olmayacaq, onu bir gecəlik axmaq şərəfindən məhrum edəcəksən, çünki sən boşandığın gün elə məhkəmə binasındaca “Dul qadın” adı ilə möhürlənib bu xaraba cəmiyyətin içinə atılacaq və həyatın boyu əzaba məhkum ediləcəksən.

- Aləmi qarışdırdım bir-birinə...oğlumu da götürüb gedəcəm burdan.

- Məsləhət görmürəm.

- Niyə?

- Heç kim sənin qərib yerdə tək qadın olaraq bir yetimlə çəkəcəyin zülmləri ağlına da gətirməyəcək, hamı sənin kefə getdiyini düşünəcək və sən bunu boş verə bilməyəcəksən. Bax, bu günlərdə səfərdən qayıtdım. Çox yaxın – 20 illik rəfiqəmin evində qonaq qaldım. Bu günə qədər yaşadıqlarım, çəkdiklərim əzizlərimdən, doğmalarımdan belə yormuşdu məni. Hamıdan uzaqlaşıb stres atmaq, hamı üçün darıxmaq istədim. Təzələnib sevgi dolu qayıtmaq istədim hüsnünə divanə olduğum Vətənə. İlk gündən darıxmağa başladım, ürəyim tələsirdi evimə, dostlarıma, doğmalarıma qayıtmağa. Ancaq bilirsən nə oldu? Getdiyimə də, qayıtdığıma da peşman oldum.

- Niyə?

- Çünki əksəriyyətin hal-əhval tutduqdan sonra ilk sualı bu oldu ki, təklif-filan edən oldumu? Mən də özümü gic yerinə qoyub, “oldu” dedim, kitabımın Türkiyədə nəşr edilməsi təklifini aldım. Təklifin əsl mahiyyətini anladığım üçün, nə gizləyim, günlərcə intihar etmək haqqında ciddi-ciddi düşündüm. Ancaq onu da edə bilməzsən, öz xoşunla ölə də bilməzsən, onda da nəsə görəkəcəklər, intihardır axı bu... Bu xəstə düşüncəli cəmiyyət hələ də elə bilir ki, tək qadınsansa, getdiyin yerdə mütləq sənə yataq təklifi gəlməlidir və guya düşüncələri inkişaf edib, guya bunlar Qərblilər kimi düşünə bilirlər deyə, verdikləri sualın dalınca da səni geridüşncəlilikdə, Fatmanisəlikdə qınayırmış misalı “Niyə də yox? Sərbəst, gənc, müasir qadınsan, normaldır, olmaması anormaldır,” – demələri adamı lap dəli edir. Hətta bilirsənmi nə eşitdim bu “müasirlərdən”? “Burdan ora getdin, o cür gözəl yerlərdə oldun, getdiyin kimi də qayıtdınsa, daha nə oldu?!”. Bax, əzizim, durum budur. Həqiqət bu qədər acı və bezdiricidir. Bu cəmiyyətdə, bu ölkədə sənin kimi qadınların iki yolu var, ya boşanmayıb bəxbəxt olmaq, ya da boşanıb. Əlbəttə, istisna hallar ola bilər, lakin tutar qatıq, tutmaz ayran kimi.

- Mən demirəm ki, xoşbəxt olmaq...

- Bilirəm, mən də heç vaxt da deməmişəm. Qarşımdakı adamı xoşbəxt edəndə xoşbəxt oluram. Ancaq bil və agah ol, sənin xoşbəxt etmək gücündə olduğun handa bir şərəfli kişi sənə yalnız maddi material kimi baxacaq. Və sən bunu anlayınca, məhv olacaq, müqəvva kimi, ruh kimi yaşayacaqsan, insanlara olan inamını son damlasına qədər itirəcəksən, artıq bütün baxışlardan iyrənc yalanlar irişəcək üzünə. Hər şey gözündən düşəcək, aldığın təhsilə, fərqli düşüncənə, dünyagörüşünə, oxuduğun kitablara ki səni belə yapdı, ictimai fəaliyyətinə - hər şeyə tüpürüb səmimi qəlbdən Fatmanisə olmaq istəyəcəksən. Xoşbəxtliyi yeməyə çörəyi, yatmağa əri, geyməyə paltarının olmasında görən, Azərbaycan kişisinin bəyənmədiyi, tənqid etdiyi, yıxıb-sürüdüyü, lakin səndən, məndən üstün tutduğu, altdan-altdan bəyəndiyi Fatmanisə...

- Mən neynəyim indi?

- Get başını sal aşağı qaynananın dığ-dığlarına, aşağılamalarına döz, çürümək çürüməkdir, belə çürü. Sonra taleyindən şikayət edəndə belə səni anlamayacaqlar, “yəqin ər istəyir” deyəcəklər. Bilirsənmi, bir var ürəyin “öküz”dən qırıla, bir də var dünyanı dərk edən, özünə layiq bildiyin, ağıllı-başlı adamdan. İkincisi daha dözülməz, ağır, bağışlanmazdır...Sən mənə baxma, sənin tutmağa saman çöpün var, boğulmayacaqsan, məndə o da yox idi...

qaynar.info