Almaniyada yeni kitablar necə təbliğ edilir?

Zaur Səttarlı (solda) və digər tərcüməçilər, Almaniya

-

Nəşriyyatların reklam işi ilə tanış olarkən bir şeyi anladım. Biz kitabı allahın umuduna bazara çıxarırıq.

Almaniyada isə kitab müəyyən ardıcıllıqla əvvəl kişi jurnallarında, sonra qadın jurnallarında. sonra qəzetlərdə, sonra televiziyada, sonra partilərdə, institutlarda təqdim olunur...



Zaur Səttarlı


VƏTƏNƏ SANCAQ BATIRMAQ...


Almaniyaya səfərim avqustun son günlərində başlandı.

Bu ölkənin nəşriyyatlarının nə kitablar çap etdiyini və onları necə oxucuya tanıtdığını bilmək mənim üçün çox maraqlı idi.

Sentyabrın 1-dək Berlində “Tərcüməçilərin Beynəlxalq Yay Akademiyası“ adlı tədbir düzənlənəcəkdi.

Dünyaca məşhur LCB qurumunun - Alman Ədəbi Kollokviumunun keçirdiyi bu tədbirə Almaniya Xarici İşlər Nazirliyi dəstək verirdi.

Jüri dünyanın hər yerindən almandilli tərcüməçilərin etdiyi müraciətlərə baxmış və cəmi 12 nəfəri seçmişdi.

ABŞ, İngiltərə, İtaliya, Argentina. Ispaniya, Misir, İsveç, Norveç, Çexiya və s. Onların içində Azərbaycanı təmsil etmək çox qürurverici idi.

Tədbir həm də ona görə xüsusilə əlamətdar idi ki, bu il LCB-nin 50 illiyi qeyd olunur və bu münasibətlə bütün yayı ən müxtəlif tədbirlər, festivallar, kitab müzakirələri və bədii qiraətlər təşkil edilirdi.

Düz əlli ildir ki bu təşkilat yorulmadan alman ədəbiyyatının dünyaya yayılması və dünya ədəbiyyatının alman oxucusuna çatdırılması işində uğurla fəaliyyət göstərir.

Əsasən özəl şirkətlər, müxtəlif dövlət qurumlarından maliyyə dəstəyi almaqla sırf ədəbiyyatın inkişafı üçün işlər görür.

Gənc müəlliflər üçün ən müxtəlif proqramlar, xarici səfərlər təşkil edilir, kitablarının çapına, yayılmasına və təqdimatına hər cür şərait yaradılır. Alman ədəbiyyatının daha geniş oxucu kütləsinə çatdırılması üçün prioritet sahələr və kitablar hər il müəyyən olunur və maddi dəstək verilir.

Artıq üçüncü dəfə idi ki, LCB-nin tədbirlərində iştirak edirdim. Amma bu dəfəki tədbir daha mötəbər idi, bu səbəbdən vaxt darlığı xüsusilə hiss olunurdu.

Berlinə çatdığımız ilk gün qonaqların və tərcüməçilərin ziyafət masası arxasında təqdimat mərasimi keçirildi.

Bunun üçün LCB-nin Van gölü sahilindəki möhtəşəm tarixi binası seçilmişdi.

LSB-nin binası


Hər bir nümayəndə ölkəsinin ədəbi durumundan, yeniliklərdən və problemlərdən söz açmalı idi.

Narahatedici hal o idi ki, Azərbaycan artıq tanınsa da, bu ad ədəbiyyatdan başqa hər şey ilə assosiasiya olunur. Neftlə, pulla, kürü ilə, “Land of Fire“ ilə, ən hündür bayraq dirəyi ilə, “Eurovision“ ilə və s.

Almaniyada hələ tələbə ikən bir neçə dəfə olmuşam.

O vaxtlar Azərbaycan sözünü tələffüz edə bilmirdilər. İndi əksəriyyət bizi tanıyır. Bu, müsbət haldır.

Necə tanınmağımız isə məsələnin başqa tərəfidir.

Erməni və gürcü ədəbiyyatı az qala hər yerdə rastımıza çıxırdı. Bəzi alman yazıçılar Gürcüstana və Ermənistana səfər etmişlər.

Nəşriyyatlarda gürcü yazıçıların əsərlərini görmək isə son damla oldu. Buna paxıllıq deməyək. Bizim yazarlar nə vaxt bu yerlərə gəlib çıxacaqlar - sualı bizi üzməyə başladı.

Gürcü nəşriyyatları çox sistemli şəkildə alman tərəfdaşları ilə işləyir, gürcü yazarların kitabları almanlar tərəfindən tərcümə olunur. Bizdə isə hələ ki, pərakəndə şəkildə ana dilimizə edilən tərcümələrin səviyyəsi belə qənaətbxş deyil.

Ikinci gün “Zeit“ qəzetinin köşə yazarı və tənqidçi, Alman Kitab Mükafatının jüri üzvü Ursula Mers alman ədəbiyyatında bu günkü axınlar haqqında məruzə ilə çıxış etdi.

Elmi fantastika, paralel dünyalar, gələcəyin xəyali təsviri müəlliflərin sevimli mövzularına çevrilib.

Alman yazarlar xəstə və əlil insanlar haqqında da çox yazırlar.

Burda müəyyən bir xəstəliyin insan həyatına, onun mənəvi dünyasına təsiri, insanın xəstəliklə mübarizəsi əks olunur.

Belə romanların xitab elədiyi bəlli oxucu təbəqələri var.

O əsərləri yazanların özü çox vaxt elə həmin xəstəliklərin daşıyıcı olan yazarlardır.

Alman ədəbiyyatının əhəmiyyətli bir hissəsi miqrasiya məsələlərinə işıq tutur.

Burda həm ölkəyə gəlmiş miqrantların cəmiyyətə adaptasiyası problemləri, həm də onların öz ölkələri və Almaniyadakı icmaları ilə münasibətləri analiz edilir.

Bizimlə eyni vaxtda LCB-də dörd tanınmış alman yazıçısı da qalırdı.

Onlar təşkilat tərəfindən dəvət olunur. Həm öz oxucuları ilə geniş auditoriyalarda bədii qiraətlərə qatılırlar, həm də tərçüməçilərlə dar çərçivədə görüşərək sualları müzakirə edirlər.

LCB-nin icraçı direktoru Jurgen Jakob Becker və yazıçı Clemens Mayer


Azərbaycan oxucusuna “Aqnes“ sevgi romanı ilə tanış olan Peter Ştamm da orda idi. Nəhayət ki, onunla görüşmək imkanımız oldu. 2011-ci ildə onun hekayələr kitabı Alman Kitab Mükafatının ilk beşliyinə düşdü.

Xeyli vaxt idi onunla görüşmək istəyirdim, amma vaxtının azlığı buna imkan vermirdi.

Keçən il Sürixdə də belə oldu.

Amma bu arada biz davamli olaraq yazışırdıq və mən onu Azərbaycana dəvət etmək istəyirdim.

Yazıçı Gürcüstanda olduğunu, Azərbaycana da dəvət olunacağı təqdirdə məmnuniyyətlə gələcəyini söyləyirdi.

Bu dəfə görüş baş tutdu.

Bir yerdə nahar elədik. Söhbətimiz çox maraqlı alındı. Onun ən son kitabından başqa bütün əsərlərini oxuduğumu biləndə sevindi.

Növbəti kitabının yayımı və tərcümə haqqı üçün Bakıda nəşriyyatla danışa biləcəyimizi dedi.

Hər bir əsəri geniş populyarlıq qazanan, beş dəfə Alman Kitab Mükafatının 10-luğuna düşən, bir neçə ədəbi mükafatın sahibi olan Peter Ştamm yeni mövzu, yeni material axtarışı üçün dünyanın dörd tərəfini gəzir.

Səsi gah Braziliyadan, gah Kanadadan, gah da Çindən gəlir.

Bütün bu səfərlərə İsveçrə Xarici İşlər Nazirliyi və “Pro helvetia“ fondu fəal dəstək göstərir.

Yazıçının romanları 45-ə qədər dilə tərcümə olunub.

“Aqnes“ romanı təkcə Almaniyada bir neçə milyon satılıb və bir neçə dəfə təkrar nəşr edilib.

LCB-nin ən mühüm qollarından biri nəşriyyatlarla işdir. Nəşriyyatlar, onların agentləri ilə iş, müəllif hüquqları, tərcümə hüquqları və s.

Yeddi nəşriyyatda olduq.

Hər yerdə ən azı icraçı direktor və ya direktor bizi qarşıladı. İşlərindən danışdılar. Hər birinin otağında dünya xəritələri və ya qlobuslar vardı.

Və əlaqədə olduqları ölkələrin üzərinə sancaqlar batırmışdılar. Heç yerdə Azərbaycan seçilmirdi. Sancaqları mən batırırdım.

Vətənə sancaq batırmaq...

Bəlkə bir hərəkətə gələk deyə.

Nəşriyyatların reklam işi ilə tanış olarkən bir şeyi anladım. Biz kitabı allahın umuduna bazara çıxarırıq. Qabaqcadan məlumat yayılmadan, təqdimatsız-filansız, yazıçı kitab yazır. Naşir onu çap edir və iş bitdi. Sonra da yazıçı kitabı zənbilə doldurub dükan-dükan gəzir. Biabırçı və çıxılmaz vəziyyət.

Almaniyada isə kitab müəyyən ardıcıllıqla əvvəl kişi jurnallarında, sonra qadın jurnallarında. sonra qəzetlərdə, sonra televiziyada, sonra partilərdə, institutlarda təqdim olunur və oxucularla görüşlər təşkil olunur, müəllif kitabdan parçalar oxuyur və tədbirdəkilərin suallarını dinləyir. Bu, zərgər dəqiqliyi ilə görülən azman bir iş imiş. Yoxsa ki kitabı yaz, payla qonum-qonşuya...

Gənc yazar David Vaqner bizi Berlində gəzdirdi. Şəhəri göstərdi, tarixini danışdı. “Berlinə sonradan gəldim, berlinli olmağa can atdım“ - dedi. - “Ümid edirəm ki, 20 il sonra buna az da olsa nail olmuşam“.

Biz isə sabah geri dönməliydik. İçimdən berlinli olmaq keçmirdi, bəlkə də bu bizim cəsarətsizliyimizdir.

Amma biz heç olmasa əvvəlcə Bakını sevə bilək. Onun ədəbi mühitini maraqlı edə bilək. Kənardan ədəbiyyatımıza maraq oyada bilək.

Bu arzu ilə Berlini tərk edirik, Almaniya dərhal yaddaşımdan silinmir amma. İstanbul hava limanında “Azal“ uçuşa bir saat qalmış sərnişinlərin təyyarəyə qəbulunu dayandırır və Vətənin iyini hiss edirsən. Öz cibindən yenidən bilet alıb iki gün sonra Gəncəyə uçursan. Çünki ölməyə Vətən yaxşı...