Nobel mükafatlı yazarın əsəri Azərbaycan dilində [Video]

«İvan Denisoviçin bir günü» kitabı

Bu kitab təhsilsiz məhbusun birbaşa və rəngarəng dili ilə rəvayət olunur və nəinki İosif Stalinin düşərgələrinin, həmçinin Sovet cəmiyyətinin özünün tam portretini təqdim edir
-
Sovet dövrünün məşhur dissident yazarı Aleksandr Soljenitsının Nobel mükafatı almasında mühüm rol oynamış əsəri- «İvan Denisoviçin bir günü» azərbaycancaya tərcümə edilib.
Soljenitsının yaradıcılığı uzun illər sovet cəza düşərgələrində məhkumluq ömrü yaşaması ilə diqqəti çəkir. Şəxsi təcrübəsini ustalıqla bədii yaradıcılığa çevirən dissident yazarın əsəri də bu qəbildən olan ədəbiyyat nümunəsidir.
Əsərin qəhrəmanı İvan Denisoviç Şuxov Böyük Vətən müharibəsində alman əsriliyinə düşür. Sonra ilk fürsətdə «özününkülər» tərəfə keçməyi bacarır. Amma alman əsirliyində olmuş hər bir vətəndaşını casus kimi qəbul edən rejim onu həbsə atır.
Əsərdə təsvir olunan gün, İvan Denisoviçin illərdir yaşadığı zona həyatından sıradan bir gündür.
Bu, ən xırda detallarına, normal, azad həyatda diqqət yetimədiyimiz təfərrüatlarına qədər ustalıqla işlənmiş, təsvir olunmuş gündür. Belə günü o dövrdə milyonlarla insan yaşayıb. Onların həyatında minlərlə belə gün olub.

Qısası, kitabı oxuyarkən siz həbs, qəddarlıq, ağır əl əməyindən ibarət olan və şaxtası iliyə işləyən bir dünyaya daxil olursunuz və sərt təbiət, insafsız sistemlə üz-üzə qalan insanların yaşamaq üçün apardığı mübarizədə iştirak edirsiniz.
Tərcüməçisi Günel Mövlud olan əsərin redaktoru Xalid Kazımlıdır.
Kitab Fikir Sexi Yayımlarının sayca ikinci kitabıdır.
Kitab 1000 tirajla çap olunub: