Ən düzgün adamlar hansı şəhərdədir?

Ən düz adamlar harada yaşayır? "Reader's Digest" jurnalı bu iddialı suala cavab tapmaq üçün maraqlı bir eksperiment keçirib.

Dünyanın 16 şəhərində yerə pul kisələri atıblar. Hər şəhərdə 12 pul kisəsi, hərəsinin də içində yerli valyuta ilə 50 dollara bərabər pul, ailə şəkli və sahibiylə əlaqə saxlamaq üçün telefon nömrəsi və email adresi olan vizit kardı.

Jurnalın reportyorları özləri bir knarda dayanıb sakitcə baş verənləri izləyiblər.


HELSİNKİ - 12-dən 11

16 şəhər arasında ən düz, vicdanlı, səmimi adamlar Helsinkidə çıxıb. 12 pul kisəsindən 11-ni tapanlar dərhal sahibini arayıb qaytarıblar.

Finlandiya paytaxtı Helsinkidə pul kisəsini tapan 27 yaşlı Lasse Luomakoski deyir ki, “Finlər təbiətən düz adamlardırlar. Biz kiçik, sakit, dəyərlərə bağlı bir cəmiyyətik. Odur ki, korrupsiyada azdır, hətta qırmızı işıqda da keçmirik”.
Eksperimentə əsasən ən az düz adamın yaşadığı şəhər isə Portuqaliya paytaxtı Lissabon çıxıb. Burada yerə atılan 12 pul kisəsindən ancaq birini sahibinə qaytarmaq istəyiblər. Maraqlıdır ki, onlar da yerli adamlar yox, Hollandiyadan gələn turist ər-arvad olub.

PUL KİSƏLƏRİNİN 47 FAİZİ QAYTARILIB

Ümumilikdə 16 şəhərdə yerə atılan 192 pul kisəsinin 47 faizini qaytarıblar, 53 faizini tapanlar isə cibinə qoyub mənimsəyib.

Eksperimenti aparan Britaniyanın "Reader's Digest" jurnalının redaktoru Catherine Haughney deyir ki, 47 faizin özü onlar üçün daha önəmli rəqəmdir.

"Ölkələrin bir çoxunda iqtisadi vəziyyətin bugünkü kimi olduğu bir vaxtda bunun insanların mənəvi dəyərlərinə necə təsir elədiyini öyrənməyə çalışdıq. Odur ki, bu qədər adamın pul kisəsini qaytarmaqla düzgün iş görməyini biz doğrudan da böyük şey hesab edirik".


DÜZGÜNLÜK İMKANA BAĞLIDIRMI?

İlk baxışdan varlı Finlandiyada pul kisələrin əksəriyyətinin qaytarılması, və kasıb Portuqaliyada qaytarılmaması adamda yanlış təsəvvür oyada bilər ki, gözü tox olanlar 50 dolları daha həvəslə qaytarıblar. Çünki Helsinkidə işsizlik 7.3, Lissabonda 17.5 faizdir.

Ancaq ayrı-ayrı şəhərlər üzrə nəticələrə baxanda, varlı ya kasıb olmanın heç də mənəvi dəyərlərə təsir etmədiyini iddia etmək olar.

Məsələn, ən düzgün adamlar eksperimentində ikinci yeri kasıb Mumbainin sakinləri ikinci olub. 12 pul kisəsindən 9-nu qaytarıblar. Az gəlirli Macarıstan paytaxtı Budapeştin sakinləri də elə daha imkanlı Nyu-York sakinləri qədər pul kisəsini 12-dən 8-ni qaytarıblar.

Eyni şəkildə Moskvada və Amsterdamda 7, Berlin və Lyublyanada 6, London və Varşavada 5 pul kisəsini qaytarıblar.

ÖNƏMLİ OLAN TƏRBİYƏDİR

Qaytaranların özünün tərbiyəsi və dəyərlərə bağlılığı daha önə çıxıb. Məsələn Moskvada pul kisəsini Fövqəladə Hallar Nazirliyinin işçisi qaytarıb. Eduard Anitpin deyib ki, çünki ata-anası bunu anası onu belə tərbiyə ediblər, inanır ki, insanlar bir-birinə yardım etsələr daha xoşbəxt olarlar”.

Redaktor Catherine Haughney deyir ki, elə cəmi 5 pul kisəsinin qaytarıldığı Londonda düzgün addım atanlardan biri olan gəlmə polşalının əhvalatı da bu baxımdan maraqlıdır.

Polşadan bir qadın pul kisəsini tapmış və nə edəcəyinə qərar verməmişdi. Polşadan olan müdirinə pul kisəsi tapdığını deyəndə müdirin cavabı birmənalı olub. “O adamın telefonuna zəng elə və yiyəsinə qaytar. Çünki bu kisə kimindir, onun durumu necədir heç nə bilmirsən. Bildiyin tək şey odur ki, bu sənin deyil və yiyəsinə qaytarmalısan”.


ƏN AZ PUL KİSƏSİ QAYTARANLAR

Ən az pul kisəsini qaytaran şəhərlər 12-dən 4-lə ilə Buxarest, Rio de Janeyro və Sürix, 12-dən 3-lə Praqa, 12- kisədən ancaq 2-nin qaytarıldığı Madrid və 1-nin qaytarıldığı Lissabon olub.

Eksperimentə görə, düzgünlük maddi durumla bağlı olmadığı kimi, heç yaş, və ya qadın ya kişi olmaqla da bağlı deyilmiş. Məsələn, Polşada pul kisəsini qaytarmayan 7 nəfər də qadın idi. Amma Berlində Seyran Çoban adlı bir gənc müəllimə başqa bir gənclə eyni anda pul kisəsini görsə də, onu daha əvvəl götürüb. Özü deyir ki, çünki inanmırdı ki, həmin gənc pul kisəsini yiyəsinə qaytarar.

46 yaşlı Abel Ben Salem isə deyib ki, pul kisəsinin içində ana və uşaq şəkli vardı, odur ki, heç düşünməyib də. Eynilə Nyu-Yorkda da ana və uşaq şəklini gənclər pul kisəsinin sahibini arayıblar, ancaq məsələn, Praqada, şəkli çıxarıb baxsalar da, 9 nəfər pul kisəsini rahatca cibinə qoyub gedib.