Firudin Həsənov. Simulyasiya

Firudin Həsənov

-

- Siz bardan Stefani ilə çıxarkən ona sataşan qırmızı köynəkli oğlanla savaşmamısınız, siz onu tikə-tikə doğrayaraq öldürmüsünüz.

- Nə? Siz nə danışırsız?

- Bəli, siz bu həqiqətləri bilməlisiniz, bəlkə reallığa qayıtdınız.
.


"Nürnberq və ya B/1" hekayəsi "Ədəbi Azadlıq-2013" müsabiqəsinin onluğuna keçmiş gənc yazardan yeni hekayə


Firudin Həsənov


SİMULYASİYA


Beyin kainatdan ayrı deyil...
Ağıl hissləri idarə etmək üçündür...


İki pəzəvəng

Hadisələr çiskinli, yağışlı bir oktyabr ayında cərəyan etməyə başladı....Marsel.. Artıq adət etdiyim günlərdən növbətisi idi. Axşam düşmək üzrə idi və mən Müqəddəs Pyer küçəsindən bir az aralıda yerləşən dalanların birində oturub yorğunluğumu almaq qərarına gəldim. Çox yorulmuşdum və yavaş-yavaş aclıq hiss etməyə başladım. Birdən yadıma düşdü ki, şirniyyat dükanındakı köhnə dostum Müsyo Moral mənə hər gün bişirdiyi məşhur kökəsindən verib. Paltomun cibindən kökəni çıxarıb ötürdüm mədəmə. Heç kim olmayan döngədə o qədər oturdum ki, heç durmağa da həvəsim qalmadı. Belə hallara nifrət edirəm. Həmişə öz-özümə deyirəm ki, hansısa işi bitirən kimi digər işə keçəcəm, alınmır ki alınmır. Hardansa uşaq vaxtlarımda düşündüklərim yadıma düşdü. Biixtiyar oturmaqda davam edirdim.

Uşaq vaxtı düşünürdüm ki, mənimlə nə baş verirsə, bu yalnız mənə aiddir. Yəni digərləri mənasız fiqurlardır ətrafımda. Eləcə də başqalarının həyatında nələrsə baş verir və mən də onların həyatında qərarsız iştirak edirəm. İndi həmin anları fikirləşib üzümdə qəribə təbəssüm qonşu binaya baxırdım. Bəzən tək-tük yanımdan keçən adamların yerinə qoyurdum özümü. Məncə, çoxlarının yerinə olsaydım, bu gic səfehə baxıb özümə şükr edərdim. Amma daha o vicdansız polyak kimi də yox. İki tin yuxarıda qalan gicbəsəri deyirəm. Mən buralarda çox gəzirəm, belə demək mümkünsə, bura mənim ərazimdir. Hamını tanıyıram burda, çoxlarından işim keçir. Zaman belə gətirdi, bir vaxtlar belə deyildi. Hə, onu deyirəm axı, həmin bu ağıldan kəm polyak (adını həmişə unuduram) hər dəfə burdan keçəndə məni söhbətə tutur. Başlayır öz poblemlərindən danışmağa, hərdən da guya mən bilmirəmmiş kimi məni ələ salır. Deyir sənin kimi lazımsız qoca deyiləm ki, hər şeyə tüpürüm, sən gecikmiş ölüsən, filan. Mən də görürəm ki, bu elə dərdini danışmağa adam axtarır ancaq, fərqi yoxdur mən olum, ya qeyrisi. Başlayıram başımla təsdiqləməyə. Demək olar iki gündən bir harda məni tutdu, bu duzsuz zarafatları ilə məni salır çənəsinin altına. Bu tip adamlardan zəhləm gedir, ondansa məni söysələr, yaxşıdır, düzünü deyirəm.

Bilirsiz, heç vaxt yadımdan çıxmaz, uşaq vaxtı məktəbdə oxuyanda hər zaman anamla aramız dəyəndə deyirdim ki, kaş ki, tez böyüyərdim, gedib tək yaşayardım qayğısız bir yerdə. Onların bu lazım oldu-olmadı nəvazişləri məni özümdən çıxarırdı. Sonra cavan yaşlarımda Frayburqda yenicə müəllimliyə başlayanda hər şeyin bu cür, yəni rahat, nəzarətsiz olduğuna sevinirdim. İşdən o qədər yorğun gəlirdim ki, evə girən kimi səssiz divanda oturub televizora baxırdım və elə orada da yuxuya gedirdim. Həftə içi bir istirahət günüm var idi və o gün gələndə ya dostlarımla yaxınlıqdakı mehmanxananın barında əylənib adama bir-iki viski içirdik, ya da qonşu məhəllədəki Stefani ilə görüşürdüm. O gözəlçənin arxasınca demək olar bütün yeniyetmələr düşmüşdü. Amma mənim elə də xoşuma gəlmirdi, doğru deyirəm, vallah. Pafosdan heç vaxt xoşum gəlməyib. Sadəcə, mənim yaşda qız ilə görüşməmək olmurdu, bu standart qəbul olunmuşdu deyə bunu edirdim. İndi fikirləşirəm ki, məsələ məhz bu cür idi. O zamanlar düşünürdüm ki, kaş hər gün bazar günü olardı. Bax, elə indi dəqiqliklə arzuladığım bir tərzdəyəm. Uzaqlarda, Marsel küçələrində bazar günləri ilə dolu bir həyat sürürəm. Bir nüans var ki, pul yoxdu, lakin onu deyim ki, bu məhəllələrin insanları o qədər də pis deyillər. Səhərləri bayaq dediyim Müsyö Moralın qənnadıxanasında keçirirəm. Günortalar ya qonşu ailələrin buyurduqlarını edib onlardan şirinlik bir şey alıram , ya da necə olursa qarnımı doldururam. Yay vaxtı Boreli parkı kimi olmasa da, həmin qənnadıxanadan sağ yolda uşaqlar üçün salınmış parkda yatıram, qışda isə şəhərin zibil atılan yerində əslində çox da natəmiz olmayan bir yer var, bax elə orada. Yanında qaz turbaları var deyə, oranın istisi soyuqdan donmağa qoymur. Bu sizə dəhşətli gələ bilər, amma dörd ilə yaxındır mən belə yaşayıram və onu deyim ki, öyrəşmək olur.

Burada, məktəblərin birində qəşəng, balaca bir qız oxuyur, hər səhər mənə alma və ya əlinə keçən şirniyyatlardan gətirir. Anası da çox alicənab və bu rayonda adlı-sanlı insanlardan biridir. Adı da Katarzinadır. Məncə, onlardan xoşbəxti çətin tapılar, həyat yoldaşı çoxdan müharibədə həlak olub. Özləri Polşadan on il əvvəl Marselə köçüblər. Hərdən ağlımdan olduqca gülməli fikirlər keçir ki, nə vaxtsa o qadının məndən xoşu gələr və biz elə o dediyim gözəl Boreli parkında toy edərik. Hər dəfə o balaca qızını məktəbə yola salarkən, ehtiramla üzümə baxıb gülümsəyir. O ağır, olqun, kübar və eyni zamanda içində uşaqlıq və mehribanlığı gizlədən gülüş məni dəli edir. Düzünü deyirəm, hər dəfə iyirmi saniyə çəkən söhbətimizdən sonra o polşalı qadına baxıb özümdən çıxıram və onlar gedəndən sonra bir müddət onlar barədə fikirləşirəm. Kaş ki bu mənasız universitet macəralarımı, müəllimlik vaxtlarımı, elmi müdafiələrimi bir qırağa atıb, gəlib bu qadını tapaydım yaşadığı şəhərdə. Amma bu cür bir-iki duyğulu andan sonra acmağa başlayanda tez unuduram bu fikirləri, qayıdıram materialist halıma. Bəlkə də belə olmağı yaxşıdır, fikirləşməyin nə mənası var ki? Tərslikdən özü də həmin qadın dediyim kimi Polşadandır. Lap o səfeh qonşum polyak kimi. Yenə yadıma düşdü o atlanıb düşən çəyirtkə.

Ola bilər bu danışdıqlarımdan nə isə sizə maraqlı gəlməsin, amma mən də əslində adam axtarıram ki, söhbət edim, bağrım çatlayır. Bura köçəndən Müsyö Moral və yatdığım qaz turbalarının üst tərəfində qalan qoca qadından başqa heç kimlə dərdləşməmişəm.

Keçək əsas məsələyə.. Harda qalmışdıq, həə, Müqəddəs Pyer küçəsində. Elə yerdə oturub düşündüyüm zaman uzaqdan gələn, üzləri sanki indicə qırxılmış iki qara kostymlu pəzəvəng o dəqiqə diqqətimi cəlb etdi. Oturduğum dalan tərəfə gəlirdilər. Mən də nədənsə onlara baxırdım, adətən heç insanlara baxmaram, başımı aşağı salıb həmişə əlimdə olan çubuqla oynayaram, ya da başım yuxarı nə isə fikirləşərəm. Həmin bu bir-birinə oxşayan kişilər üzlərində heç bir ifadə olmadan gəlib yanımdan keçəndə, onlardan biri digərinə dedi:

- Gözlə, bu kişidən soruşaq. Salam, müsyö. Bilmirsiz, bura ən yaxın olan mehmanxana harada yerləşir?

Mənim səbəbsiz dilim-ağzım qurudu. Belə baxsaq, sual elə də qeyri-adi deyildi, amma nədənsə nə cavab verəcəyimi bilmədim. Bir az fikirləşəndən sonra:

- Bilirəm, amma belə başa sala bilmərəm, bir az qəliz yerdədir.

- Onda mümkünsə bizimlə gedib göstərə bilərsiz? Biz provansallarıq. Buraları yaxşı tanımırıq. Əgər qəbul etsəniz sizə pul da verə bilərik. Gecə qalmağa yerimiz yoxdur.

Adam danışdıqca tində bizə baxan Martinə gözüm sataşdı. Martin kasıb, nə vaxt baxsan məhəllədə futbol oynayan bir oğlancığaz idi. Hamı onu çox istəyirdi, elə mən də. O da sanki söhbətimizdə nə isə qəribəlik hiss etmişdi, lakin nə danışdığımızı eşitmirdi, çünki aralıda dayanmışdı.

Fikirləşdim ki, gecəyə hələ çox var və bir neçə dollar mənim cibimə darlıq etməz və razılıq verdim :

- Olar əlbəttə, gedək sizə göstərim.


Oyun başladı



Frayburqda riyaziyyat müəllimi işlədiyim zamanlar hər şeyə rasional baxırdım və mənə elə gəlirdi ki, hətta hissləri belə rəqəmlə ifadə etmək olar. İnsana iliyinə qədər təsir edən qorxu və ya o vaxtkı dilimlə desək, enerjini hesablamağın mümkün olduğuna inanırdım. Lakin qıraqdan minlərlə gözlənilməz ehtimalların baş verdiyini də başa düşürdüm. Eynşteynin "Tanrı zər atmaz" ifadəsi isə beynimdə tamam xaosa səbəb olmuşdu. O vaxtlar, elə indinin özündə də irrasionallığın bir növ özünəməxsus rasionallıq olduğuna inanırdım.Yəni ulduzların, milyardlarla molekulun hərəkətində də mərkəzlilik var, lakin biz bilmirik. Hər şey şüurlu şəkildə baş verir, hər şey insanların ətrafında yaranan enerji sahələrinin münasibətindən asılıdır. Və burada əslində istəmək və ya istəməmək önəm daşımır. Əgər bomj olmaq haqda düşünürsənsə, mütləq olacaqsan, elə lap mənim kimi. Kainat sənin düşündüklərini, flüidlərini duyur və "duydum, yerinə yetirəcəm" deyir. Məhz bu cür işləyir sistem.

Bu dəqiqə ən çox istədiyim şey dünyanın əcaib yerlərinə səyahət edib, əsl təbiət ruhunu hiss etməkdi. Nədənsə yaşlandıqca material düşüncələr məndən yan keçirdi. Amma düzünü desəm, bu iki qara kostyumlu gənci mehmanxaya yola salarkən, yalnız onların mənə neçə dollar verəcəkləri barədə düşünürdüm, niyə gizlədim ki. Ən azından axşama bir isti, südlü kofe və ya tünd, nanəli çay içib qızınmaq yerinə düşərdi. Dodaqlarım soyuqdan cadar-cadar olmuşdu.

Mehmanxananın qarşısına çatdıq. Mən dayandım və bununla da çatdığımıza işarə verdim. Oğlanlardan bir az cüssəli olanı üzünü mənə çevirib, nəzakətlə soruşdu:

- Müsyo, təşəkkür edirik. Bizi beş dəqiqə gözləyə bilərsiz? Dostum qalxıb boş otaq olub-olmadığını öyrənsin. Çünki bəxtimiz gətirməsə, başqa bir yerə ehtiyacımız olacaq.

Mən etiraz etmədiyimi bildirdim. Yanındakı oğlan mehmanxaya daxil oldu və bir neçə dəqiqə sonra boş otaq tapdığı xəbərini verdi. Cüssəli oğlan yenə üzündə təbəssüm, lakin bu dəfə daha əmin baxışlarla məndən soruşdu:

- Mümkünsə, bizimlə qalxıb şam yeməyi yeyərdiz, həm də bir az söhbətləşərdik. Bu şəhərdə heç kimi tanımırıq. Adətən belə hallarda dərhal razılaşırdım, ancaq bu dəfə minnətdarlıq edib, dedim ki, rahatlasınlar, sonra nə vaxtsa qonaq gələrəm. Amma bu gənc nə isə fikrindən dönmədi:

- Biz turistlərik, dostum jurnalistdir. Sizdən şəhər haqda, bildikləriniz haqda məlumat da alarıq. Fikirləriniz maraqlı olar.

Xülasə, fikirləşdim ki, elə də pis adamlara oxşamırlar, həm də içəridə isinərəm. Bəxtim gətirsə, təklif etsələr bir gecə bu dəbdəbəli mehmanxanada gecələmək də əla olar.

Həmişə liftə minməkdən qorxmuşam. Elə bilmişəm ki, xeyirsiz və mənfi icaddır. Halbuki, çox rahat bir vasitədir və burada xoşlanmamalı bir şey yoxdur. Nə bilim, bu hisslər yuxu görmək kimi bir şeydir. Bilmirsən hardan gəlib girib beyninə. Çox əsəbiləşirəm belə olanda. Mən məntiqli və izah olunası şeyləri sevirəm, necə ki, çox güman bütün elm adamları belədir. Axı beyin kainatdan ayrı deyil. Amma nə edək ki, bəzən elə bir adamı yuxuda görürsən ki, məntiqi, filanı atırsan bir qırağa. Adamın lap dəli olmağı gəlir, buna mən necə nəzarət edim? Hətta bir dəfə yuxuda həmin o murdar polyak qonşumun sizə haqqında danışdığım gözəlçə Stefani ilə gəzişdiyini görmüşəm. Stefani ilə ee, sən bir işə bax.

Liftə minəndə bu dəfə qorxmadım, sanki həyatımın keçid nöqtəsi olduğunu ixtiyarsız qəbul etmişdim. 8-ci otağa çatanda oğlanlardan biri qapını açdı. Qapı açarla bağlı deyildi, başa düşdüm içəridə artıq kimsə var. Üzümü arxaya çevirmək istəyəndə pəzəvənglərdən biri əli ilə məni içəriyə itələdi. Bu yüngül itələmə mənim üçün əməlli - başlı kuvald zərbəsi kimi idi. Dizlərim üstə yerə yıxıldım, amma özümü toplayıb güclə ayağa qalxdım. Otağın küncündə yemək yeyən bir kişi düz mənə tərəf baxıb gülümsəyirdi. Məni itələyən oğlan əlimdən tutub məni həmin bu kişinin qarşısında oturtdu. Üz cizgilərindən meşşan, həris bir insana bənzəyən bu kişi çox vahiməli görsənirdi. Ona görə yox ki, bu dəqiqə belimdən gələn ağrını hiss edir və qorxurdum, yox. Düzünü deyirəm, bu əcaib adam lap Conatan Sviftin lillliputlarına oxşayırdı. Hələ ki, heç nə danışmır və ağzında nə isə marçıldadaraq arabir mənə baxıb gülürdü. Səssiz, lakin çox murdar gülüş...

Bilirsiz, bu sükut mənim üçün çox uzun çəkdi. Elə bil hər şeyi fraqmentlərlə, detallarla duyurdum. Kişinin bir adətini də duydum. Saçlarını düzəltmək üçün əlini tez-tez qulağının arxasına aparırdı. Bu lap əsəbimə toxunurdu. Elə bil qəsdən vaxt uzadıb, sözünü hardan başlayacağını fikirləşirdi. Nəhayət, ağzına növbəti tikəni alıb, dəsmal ilə əllərini sildi və asta səslə danışmağa başladı :

- Güman edirəm nə üçün burada olduğunuzu bilmirsiniz. Elədir? Cavabı gözləmədən sözünə davam etdi. Sizin keçmişiniz bizə bəllidir. Sizin haqda məlumatları biz iki ay əvvəl toplamışıq. Universitetdəki uğurlarınızdan da xəbərimiz var. Elə məhz bu uğur və ideyalar sizinlə maraqlanmağımıza səbəb oldu. Lakin əvvəl bilmək istərdik ki, nə üçün o vaxt fəaliyyətinizi dayandırdınız ? Buna səbəb nə oldu?

- Siz kimsiz?

- Burada hələ ki, sualları mən verirəm, əvvəla cavab verin. Sonra lazım bilsək özümüz haqda danışarıq.

- Sizin kim oluğunuzu bilmədən, heç bir suala cavab verən deyiləm. Sizə nə lazımdı? Mən küçələrin birində ömrünün sonunu gözləyən rəzil birisiyəm. Siz amma görünür varlı oliqarx və ya dövlətin gizli, qara işlərini görən birisiz. Mənim iş fəaliyyətimdən sizə nə?

Bunu deyib məni vuran oğlanın üzərinə şığıdım, sanki buradan qaçmağın mümkünsüz olduğunu bilmirdim. Qara kostyumlulardan biri məni qucaqlayıb saxladı, digəri isə elə bil məcbur qalırmış kimi qarnımdan bir yumruq ilişdirdi. Ağrıdan qıvrılıb yerdə can verən itlər kimi sızıldamağa başladım. Başım gicəlləndi. Uşaq vaxtı ilk davam yadıma düşdü. İnanmazsız, amma ilk əlbəyaxa çıxdığım adam Stefaniyə "Moonstreet" barının yaxınlığında sataşan oğlan idi. Hər zaman kimi Stefanini görüşə çağırmışdım, hava da soyuq idi. Qışın təzə-təzə qarlayan vaxtları idi. Bütün axşamı bir yerdə keçirdik. Bardan çıxarkən mən bir az yubanmalı oldum, çünki ofisiantın hər zaman kimi qaytarmağa pulu yox idi. Amma utanmayıb xırdanı qaytarmağını gözlədim və Stefanidən xahiş elədim ki, məni bayırda gözləsin. Yenicə dərs dediyim vaxtlar idi və ölkənin hər tərəfli inkişafına baxmayaraq pulum gündəlik xərclərimə və belə gəzintilərə güclə çatırdı. Həmin o davanın olması üçün mənim iki dəqiqə gecikməyim lazım idi. Və mən o əzik- üzük beş dollar xırdamı alıb bayıra çıxanda əynində qırmızı köynək olan bir cavan oğlanın Stefaniyə söz atdığını gördüm.Stefani üzünü çevirib mənə tərəf baxdı və heç nə demədən, sanki məni gözlədiyinə işarə etdi.

Bu zaman başa düşürdüm ki, əslində ikimiz əl-ələ verib oradan uzaqlaşsa idik, daha yaxşı olardı. Ancaq o zaman həm mənsubluq hissi, həm də Stefaninin mənim haqda nə düşündüyü, niyə gizlədim ki, mənim üçün önəmli idi. Həmin oğlana yaxınlaşıb onu itələdim. Davalardan məktəb vaxtlarından çəkinən birisiyəm və hər zaman döyüləcəyimdən qorxmuşam. Amma bilmirəm viskinin təsirindən idi ya nədən yaman hirslənmişdim. Oğlan da düzünü desəm elə də yekəpər deyildi və bir az çəkingənliyi var idi. Bizim aramızda dava başladı, bir az bir-birimizi ora-bura itələyib, boğuşandan sonra oğlan bir yumruq vurdu ki mənə, gəl, görəsən. Qulaqlarımdakı uğultunun təsirindən çömbəlib tərpənməz qaldım. Oğlan isə qaçdı. Bu zaman Stefani yaxınlaşıb məni qucaqladı və nədənsə həkim çağırmaqdansa, məni qaçmağa tələsdirdi. Yerimdə durub fikirləşirdim. Məncə, bu ağrı və qorxu hissi insanı sərhədləyən yeganə hisslərdir. Heç bilirsiz, qorxusuz insan nəyə nail ola bilər? İtirmək qorxusu, ağrı hiss etmək qorxusu, uduzmaq qorxusu, yeni nə isə sınaqdan keçirmək qorxusu. Buna qalib gəlməyi isə mən sadəcə bir dəfə yoxlamaqda görürəm. Baxın, mən qıvrılıb oturduğum zaman artıq davadan qorxmurdum, çünki bu hisslərlə tanış olmuşdum artıq.

Hakimiyyət, idarə edən qüvvələr də çox vaxt kütlənin qorxusundan istifadə edirlər, hər yağlı tikənin qabağında alov yandırarlar və "Əl vurma, yoxsa həlak olarsan" deyərlər. Bəzən isə heç yandırmazlar,səndə elə bir təəssürat yaradarlar, sadəcə qorxuzarlar. Stabilliyə yönləndirib, keyidərlər. Və ən əsası sən plan cızıb, özünü toplayıb oyundan çıxmaq istəyəndə, sənə məsləhət verən dostunu, idarə edən üzvlərin içində görərsən. Belə, dostlar. Bunu eynilə hərraca bənzətmək olar. Bir rəsmi hərraca çıxardanın mütləq zalda öz adamı olar. Həmin adam oyun sönüb kəsərini itirdikcə, qiymət qışqırar və ora gələn pullu madamların eqolarını yerindən tərpədər.


Kayros cihazı

Hələ çox əvvəl, Frayburqda yaşayan vaxtlar bir müddət ailəmlə münasibəti kəsmişdim. Bu onlara qarşı olan biganəlikdən irəli gəlmirdi. Sadəcə, bilirsiz, məncə sevgi elə bir qüvvə, elə bir həqiqətdir ki, onu daima daxilində eyni cür saxlamaq olmur. Məsələ doğrunu tapmaqda deyil, doğrunu saxlamaqdadır bəlkə də. Elə olurdu ki, valideynlərim üçün dəhşət darıxırdım, hərdən onlara baş çəkir, hərdən isə poçtla məktublaşırdım. Yeganə onlar idi ki, fasiləsiz, fikirləşmədən anında hiss etdiklərimi yazırdım onlara. Amma nə isə bu ərəfələr o sevgini saxlamadığım vaxtlar idi. Həmişəki kimi evdə oturub qəzet oxuyurdum. Dünyada, şəhərimizdə baş verən hadisələrdən xəbərsiz qalmağı xoşlamamışam. Elə kanalları çevirirdim ki, birdən yadıma düşdü ki, bu gün poçtu yoxlamamışam. Elə evdən çıxıb çöldəki qutunu yoxlamaq haqda fikirləşirdim ki, birdən qapı döyüldü. Çox təəccüblü idi, bazar günü bu kimdir qapını döyən? Evə Stefanidən başqa çoxdandır ki, heç kim baş çəkmirdi. Qapıya yaxınlaşıb, gözcükdən baxdım. Bu ki böyük qardaşım Nikolas idi. Tələsik qapını açdım, Nik özünə oxşamırdı, siması qap-qara qaralmışdı, gözləri o yan-bu yana qaçırdı.


- Nə olub sənə, Nik?- deyə narahatlıqla soruşdum.
- Salam, Lemur.
(Mənim əsl adım Lemur deyil. Sadəcə qardaşıma çox oxşadığımdan, tanışlar məni Lemur çağırırdılar. Axı lemurlar bir-birilərinə çox oxşayırlar.)
Nik bunu deyib məni bərk qucaqladı. Mən lap dəli olmuşdum, onu qucaqlayıb, dedim ki, keçsin otağa. Böyük qardaşım ilk dəfə idi yanımda belə göz yaşı tökürdü.
- Axı nə olub sənə, evdəkilərə nə isə olub ? Danış, görək.
- Hə, anamız ağır xəstələnib, biz əvvəl bilmirdik. Elə bilirdik, adi xəstəlikdir, keçib gedəcək. Amma bu gün həkim dedi ki, həyatına uzağı iki- üç ay qalıb. Nə edək, Lemur?

Hə, əzizlərim, bu xəbəri eşidəndən əvvəlki və sonrakı həyatım tamamilə fərqlidir. Əgər əvvəl hər şeyə rahat, vecsiz baxırdımsa, bu xəbəri eşitdikdə beynimdə SOS siqnalı çalındı. Kainat və kütləvi enerji üçün böyük və ya kiçik siqnallar fərq etmir, əslində. Hər şey xaotik dövr edir. Bacarırsan, məsələnin mənasını tut.
Qardaşımı da götürüb, elə həmin gün evə getdim. Az- çox tibbdən başım çıxdığı üçün üz tutdum anamın həkiminin yanına. Lakin uzun sürən söhbətimizdən sonra əmin oldum ki, bu dəfə əzabdan yaxa qurtara bilməyəcəm. Tibb bu xəstəliyin qarşısında aciz idi. Bəlkə də tibb yox, bütün həkimlər. Gizlədilən dərmanlara, manipulyasiyalara, böyük oyunlara çox inanırdım o vaxtlar, amma indi bunlara nə izah edəsən axı. Nə mənası var, anam bir aydan sonra öləcəksə əgər.

Eyni vaxtda atam da infarkt keçirdi və anamın ölümündən bir neçə gün sonra onu da torpağa tapşırdıq. Bu iki ay və sonrakı bir il həyatda ən acı günlərim idi. Rus şairi Puşkin deyirdi ki, xəstəyə baxmaqdan ağır əzab yoxdur. Bu həqiqətən belədir. Həm sən əziyyət çəkirsən, narahat olursan həm də xəstə xəcalət çəkir. Atamı yedizdirərkən, o mərd, həmişə məğrur görünən yaşlının indi necə gücsüz, naəlac olduğunu görmək dəhşət idi.

Valideynlərimin ölümündən sonra bir neçə il qardaşımla qaldım. Bu ağrı, keçmiş düşüncələr yavaş-yavaş səngiməyə başlayırdı, amma həyata qəzəbim, qisas almaq hissim daha da güclənməkdə idi. Başa düşürdüm ki, həyatın baryerlərinə qarşı çox dayanıqsızam. Amma özümə sübut etmək istəyirdim ki, mən başqalarının həyatını yüngülləşdirə bilərəm. Ona görə də əvvəl də maraqlandığım metafizika, kvant fizikası, fəlsəfə və zaman cihazları haqqında hər nə varsa hər şeyi oxudum. Bir zamanlar bu işdən əl çəkmişdim, amma bu dəfə qərarlı idim. Universitetdə məndən yaşca çox-çox böyük olan mister Smitlə bir neçə dəfə görüşəndən sonra anladım ki, o mənə lazım olan adamdır. Professorlar arasında ad qazanmış və öz laboratoriyası olan mister Smitin bilmədiyi bir şey çətin tapardın. Qıraqdan çox zəhmli görsənirdi və buna görə də onunla danışmağa heç kim curət etmirdi. Amma mənim məzələnməyə vaxtım yoxdu, fikirlərim ancaq bu cihazın ətrafında dolaşırdı.

Bəzən elə adamlar olur ki, hansısa vəzifəli şəxsə yaxınlaşa bilmirlər, utanırlar. Belə adamları heç vaxt başa düşməmişəm. Nədən çəkinirsən ki, uzaqbaşı mənfi cavab verəcək. Yaxınlaşmasan isə ömür boyu şansından istifadə etmədiyin üçün peşman olacaqsan. Elə bu fikirlər beynimdə dolaşa-dolaşa yaxınlaşdım professora. Bir semestr boyu onun razılığını ala bilmirdim. Lakin, uzun müddətdən sonra bezib ona yalandan dedim ki, bu cihazı çoxdan Nyu - Yorkda icad ediblər. Sadəcə, onun prototipini hazırlamaq lazımdır. Özüm də bilmirdim ki, bizdə alınacaq ya yox. Amma onu hazırlamaq istəyim o qədər böyük idi ki, yalandan belə bir məlumat çap etmişdim. Axır ki, bu "vəzir"lə gedişimdən sonra mister Smiti inandıra bildim. Dedi ki, yoxlayaq görək nə olur. İnsanlar həmişə belədir, bir şeyin nümunəsi yoxdursa, o işdən qorxurlar. Heç professorlar da istisna deyil. Bircə masonlardan başqa.

Siz inanmazsız, lakin iki il o professorun ətrafındakı möcüzəli elm adamlarının da köməyi ilə biz bu cihazı düzəldə bildik. Bu cihazın köməyi ilə insanlar beyinlərindəki neyronların köməyi ilə başqa bir yerə müvəqqəti yerləşə bilirdilər. Yəni, bədənləri həmin cihazda qalırdı, lakin fikrən başqa bir yerdə olurdular. Bu, həqiqətən mövcud olan şəhər və ya uydurma bir yer ola bilərdi. Yuxu kimi, lakin daha uzun və real. Bir əmması var idi ki, həmin yeri özləri seçmirdilər, bu yerlər şüuraltısında olan bir ərazi idi. Bu həm real, həm də qeyri-real bir yer ola bilərdi. Amma xüsusi , beyinləri inkişaf etmiş insanların şüurüstü, yəni belə deyək, bu an düşündüyü və istədiyi haradırsa, həmin yerə transplantasiya oluna bilirdi. Məsələn, professorlar və hərdən mənim kimi insanlar.

İndi qışqıra-qışqıra bu iki pəzəvəngə və əlini hər dəqiqə qulağının arxasına aparan kişiyə baxırdım. Çox güman onlar bu cihaz haqda məlumat almışdılar və ona görə məndən fəaliyyətim haqda soruşurdular. Mister Smit dünyasını çoxdan dəyişmişdi.Dəqiq bilirəm, yoxsa onun yanına da baş çəkərdilər.

Birdən liliput kişi sözümü sərt şəkildə kəsdi:

- Siz özünüzü ələ alın. Heç kimin sizə pislik etmək fikri yoxdur. Siz indi bu kasıblar şəhərində səfalət içində yaşayırsız. Sizə sərfəli bir təklifim var. Bizə lazım olan informasiyanı versəz, ən azı bu mehmanxanın müdiri ola bilərsiz.

- Mehmanxanın müdiri? Məni güldürməyin. Mən bu qədər lazımlı adam deyiləm. Siz məni kimləsə səhv salmısınız. Yaxşısı budur, dəqiq fikirləşəsiz. Bu çirkdən qaralmış sifətlə bəlkə də siz axtaran adama oxşayıram. Amma dəqiq mən siz deyən adam deyiləm. Məni buraxın, sizin o zəhrimara qalmış bir neçə dollarınız da mənə lazım deyil. Bunu deyib üzündə heç bir şey ifadə etməyən həmin iki pəzəvəngə baxdım.
Məni yaman gülmək tutmuşdu.

- Müsyö Lemur, atın bu işin daşını. Mənim adım mister Tanatdır.

Bu mənim adımı hardan bilirdi?Axı bu şəhərdə heç kim mənim adımı bimirdi. Aha..deyəsən əcəb yerdə gecələdik. Bu məndən cavab almayınca əl çəkən deyil. Amma bu dəqiqə özümü gicliyə qoymaqdan başqa bir şey gəlmirdi ağlıma. Adı məni lap dəli eləmişdi. Qədim mifologiyadakı Tanatos ölüm tanrısı idi.

- Adımı hardan bilirsiz ?

- Ha-ha. Qardaşın necədir? O , evlənəndən sonra nəsə ona baş çəkmirsən. Belə olmaz.

Onun bu kinayəli, ələ salan danışığı məni lap özümdən çıxardı.

- Kim danışıb sizə mənim haqda? Deyin, görüm. Məni özümdən çıxarmayın. Sizdən qorxmuram.

- Qardaşın dedi. Düzdür, sən ona baş çəkməsən də biz onunla görüşmüşük. Dedi ki, bizə qulaq asasan, yoxsa biz onun başına oyun gətirərik, elə yoldaşının da.


Böyük sirrin ifşası

Yəqin ki Stalini hamınız tanıyırsız. Stalinin həyatında mənim diqqətimi ən çox çəkən əslində onun oğlunun həyatıdır. Atasının ölümündən sonra Vasilini əməlli-başlı divara sıxışdırmışdılar. Gah Moskvadan çıxmağını, gah da soyadını dəyişdirməyini tələb edirdilər. O isə əmrə tabe olmadı və Kommunist Partiyasına qarşı verdiyi "şər" bəyanatlara görə 1953-cü ildə həbs olundu. Dediyim odur ki, eynilə özümü onun yerində hiss elədim. Doğrudur vəziyyət tamam fərqli idi, amma nədənsə, bu hadisələr yadıma düşdü. Ya məni həbs edib əziyyətlər verəcəkdilər, ya da bir az pul verib illər boyu əziyyət çəkib ixtira etdiyimizi əlimdən alacaqdılar. O cihazı uşağım kimi çox istəyirdim.

Professor Smitin ölümündən sonra təcrübələrə son qoymaq qərarına gəlmişdim. Çünki onu doğru istifadə etdiyimə əmin deyildim. Cihazın varlığını bilən insanlar bizim yanımıza üz tuturdu. İçərilərində alkoqoldan əziyyət çəkən xəstələr, ailəsində problem olanlar, mənim kimi yaxınlarını itirənlər, bir sözlə həyatından bezənlər var idi. Bu möcüzəli cihaza daxil olaraq onlar təsadüfi və ya istədikləri yerlərə gedə bilirdilər. Biz zamanın başqa cür olduğu mühiti yarada bilmişdik, transplantasiya vaxtı onlar sanki yuxuda olurdular. Oyanandan sonra bəziləri üç-dörd saat, bəzilər bir gün həmin məkanda olduqlarını deyirdilər. Oradan qayıdanlar özlərini bir müddət pis hiss edirdilər və keçmişdə olan bəzi fraqmentləri xatırlaya bilmirdilər. Biz hələ özümüz də tam olaraq nəyi kəşf etdiyimizi bilmirdik. Bu cihaz insanların səhhəti üçün çox təhlükəli idi. Onlar yaddaşlarını həmişəlik itirib, reallıqla xülyaları səhv sala bilərdilər. Lakin belə hallar baş verməmişdi. Əbəs yerə cihazın adı Kayros deyildi (xoşbəxt anların tanrısı). Amma bir neçə insana ziyan verdiyimizi görüb Kayrosa son qoymaq fikirləri keçirdi hər zaman beynimizdən. Onu da deyim ki, cihaz haqda çox adam məlumatlı deyildi.

Cavanlığım demək olar Yaradanı axtarmaqla keçib. Bilmirəm bu ağılsızlıqdır ya yox, ancaq bu fikirlər standart olaraq hamının ağlına gəlir. Demək ki, burada müəmma var, tapanı mükafat gözləyir. Müəmma həm açmasındadır, həm də axtaranın olduğu şəraitdə. Bəziləri sivilizasiyadan uzaqda Tanrını axtarır, bəziləri isə prezident aparatında. Düşüncələr insana ən sadiq olan dostlardır. Get desən də inciməzlər, yanındadırlar. Nə edim ki, bu dost məndən də əl çəkmirdi. Tanrı barədə ağlıma gələn fikirlər dostumun əsəblərini korlamışdı. Həmişə ona deyirdim ki, bəlkə biz Tanrının beynindəki neyronlarıq. Axı hər şey üst-üstə düşür. Biz müstəqil olaraq nə istəyiriksə edirik, amma sonda onun dediyi olur. Neyronlar bizdən "icazə" almadan ortaya çıxır, amma sonda biz xəyallarımızı istədiyimiz sonluqla bitirə bilirik. O isə bilmirdi necə söhbətin valın dəyişsin. İmkanı olsaydı, bir əncam çəkib başqa universitetə işləməyə gedərdi, təki bu söhbətləri eşitməsin. Mən onun bu mövzudan xoşlanmadığını bilirdim, amma özümü lap gic yerinə qoymuşdum. Çünki danışacağım başqa adam yox idi, mənə sərf edirdi. Düzünü desəm, heç vaxt məsuliyyətli və ya hansısa qanunlarla yaşayan birisi olmamışam. Amma prinsiplərim olub və düşünürəm ki, prinsipsiz yaşayanlar gec-tez peşmançılıq çəkəcəklər. Məsələn, siqaret və ziyanlı qidalardan həmişə imtina etmişəm. Yalnız bir dəfə siqareti damağıma alıb, bir fincan qəhvə süzdüm özümə. Əlimə Bukovskinin bir məqaləsini alıb başladım oxumağa. İndi hər dəfə yadıma düşəndə gülürəm. Ona görə yox ki, Bukovski gülməli yazır, yox. Ona görə ki, Tanrını o kitabda tapmaq istəyirdim. Bu, Tolstoyu oxuyub zarafat imkanlarını artırmağa çalışmaq kimi bir şeydir. Məncə zarafat o vaxtı yaxşı olur ki, onu doğru zamanda edirsən.

İndi biləndə ki, bu vicdansızlar qardaşıma pislik edə bilərlər, lap birtəhər oldum. Əsəbimdən tir-tir əsirdim. Deyirlər insan əsəbi, qəzəbli olarkən, daha səmimi olur. Öz-özümə düşünürdüm ki, elədirsə, mən lap alçağın biriyəm ki. Bu Tanat da elə iblisin özüdür.

- Mister, mən bilmirəm siz kimsiz. Nə istədiyinizi açıq deyin, bilim.

- Kayros... Bu ad sizə tanış gəlir?

Bir an yerimdə donub qaldım, deyəsən seçim etməliydim. Təsdiq etsəm cihazın yerini bildirməliydim. Yox əgər yalan danışsaydım, bilirdim ki, inanmayacaqlar. Axı bunlar səfeh deyillər ki, o boyda ciddi iş qursunlar ki, axırda bu cavab onları qane etsin.

- Bəli, tanış gəlir.

- Bizə onun yeri lazımdır. Sizin köməyinizlə biz onu yenidən bərpa etmək istəyirik.

- Axı cihaz elə bir vəziyyətdədir ki, onu yenidən işə salmaq mümkün deyil. Həm də onun yeri dəqiq yadımda deyil, zibilliyə atmışam.

- Biz kütbeyin deyilik, Mister Lemur. Professor Smitin ruhu heç şad olmaz. Siz ondan icazəsiz niyə işi dayandırdınız ki? Heç o işdə onun qədər əziyyət çəkməmişdiniz. Biz bu işi qloballaşdırmaq istəyirik. Kifayət qədər vəsait ayırıb Kayrosun imkanlarını genişləndirmək fikrimiz var.

- Professoru hardan tanıyırsız ? Siz heç nə danışdığınızı bilirsiz? Xəbəriniz var ki, Kayrosun insanlara nə qədər ziyanı var idi. O cihaz bir gün "özbaşınalıq" edə bilər.
Onda görüm nə edəcəksiniz?

- Siz yerini göstərin, qalanı sizlik deyil. Əgər bu işə kömək olmaq istəmirsizsə, sizi məcbur edən deyilik.

- Rədd olun burdan! Sizə heç nə deyən deyiləm. Siz murdarlar, hər zaman ağıllı kütləni ələ almaq istəmisiniz. İşiniz ancaq xeyirlini xeyirsizə çevirmək olub. Hər şeyi pulla, qarşılıqlı görən murdarlar.

- Yaxşı, yaxşı, Mister Lemur, kifayət edər. Özünüzü günahsız göstərmək yeri deyil. Cihazı siz kəşf etmisiniz. Burda özünüzdən çıxası bir şey yoxdur. Dünyada o qədər müharibələr, qırğınlar gedir ki , bizim elədiyimiz onun yanında nədir ki? Biz həm cibimizi , həm də insanları fikirləşirik. Yuxarıdan əmr belədir. Müharibəyə qarşı çıxa bilmirik, nə etməliyik?

- Müharibəyə qarşı çıxmağınızı istəmirəm, cənab. Sülhün tərəfində olun, kifayət edər. Boynunuzdakı xaç adamın gözlərinə girir. Qazandığınız o qanlı dollarlarla oğlunuzu necə böyüdəcəksiz. Deyirəm axı o cihaz heç də xeyirli bir şey deyil.

- Kəs səsini, başdan xarab.

Bunu deyib Tanat gözü ilə hazır durmuş pəzəvənglərə işarə etdi. Onlar da yumruq-təpik şousuna başladılar. Bu zərbələr əvvəlkilərdən daha ağır və dəqiq idi. Dəqiq deyə bilərəm ki, iyirmi dəqiqədən sonra bədən üzvlərimi hiss eləmirdim.

- Deyəsən, sən bizi avam yerinə qoymusan. Qardaşının kəsilmiş başı bura gəlməmiş danışan deyilsən.

Başımı qaldırıb gördüm ki, əlini cibinə atdı və sağımda duraraq asta səslə soruşdu:

- Elliotun daxili nömrəsi neçədir?

- Səkkiz

Hmm.., yenə səkkiz. Səkkizinci otaq, daxili nömrə səkkiz. Zəng edən kimi telefonu kimsə götürdü.

- Bu qanmazın qardaşına ver telefonu.

Həyəcanlı səs gəlməyə başladı, Tanat telefonu mənə uzatdı.

- Lemur, hardasan? Bunlar kimlərdir belə?

- Narahat olma, Nik. Səni tezlikə buraxacaqlar - özümü saxlaya bilməyib ağlamağa başladım.

- Bu nə cihazdır belə? Sən hardan zəng eləmisən?

- Onlar səhv salıblar, bu dəqiqə hər şeyi yoluna qoyacam.

Sözümü tamamlamamış Tanat telefonu qulağımdan çəkdi.

- Bəsdir, çox sentimentallığa ehtiyac yoxdur. Görürsən ki, mən səninlə zarafat eləmirəm. Cihazın yerini de, yoxsa...

- Yaxşı, deyərəm, amma söz verin ki, qardaşımı və ailəsini salamat buraxacaqsınız. Söz verin.

- Sənin qardaşın bizə lazım deyil. Hələ bunu başa düşməmisən.Narahat olma, Lemur. Amma bu lənətə gəlmişin yerini de.


Artıq uzatmağın və mübarizə aparmağın mənasız olduğunu başa düşmüşdüm. Ürəyimdə özümü söyürdüm ki, axı bildiklərimi bəlkə başqa yerə yönəldib xeyirli bir şey kəşf edə bilərdik. İndi bu Kayros Tanatın əlinə keçsə, millətin fatihəsi oxundu. Kim mənə deyirdi ki, yapış bu professor Smitin yaxasından? Axı rəhmətlik cihazın fəsadları barədə mənə əvvəlcədən xəbərdarlıq etmişdi. Dəqiq bilirdim ki, Kayrosun köməyilə narkotik kimi camaatın beynini dumanlandıracaqlar və bu işi biznesə çevirəcəklər. Aman allah, kaş ki, qardaşım kimi Frayburqda qalıb ailə qurardım. Yenə tərəddüd etdim ki, bəlkə təkzib edib, cihazın yerini bilmədiyimi deyim. Amma bu artıq batırdığın yeri sidiklə təmizləməyə oxşayırdı. Deyəcəyimə razılıq vermişdim, aldatmağım avamlıq olardı, çünki tərəzinin o biri gözündə qardaşım idi. Onunla risk edə bilməzdim, valideynlərimdən sonra bunu sadəcə edə bilməzdim.

- Cihaz Frayburq universitetindəki zirzəmidədir. Ordakı işçilərə demişik ki, xarab olmuş tör-töküntüdür.

- Bəs birdən onu işə salsalar necə?

- Onlar heç vaxt onu işə sala bilməzlər. Cihaz xüsusi kodla işə düşür.

- Kod neçədir?

- Məni ora aparın, sizə kodu deyəcəm, başqa cür mümkün deyil.

- Yox biz heç yerə gedən deyilik, mən adamlarıma deyəcəm Kayrosu bura gətirsinlər.
Burdan çıxmaq təhlükəlidir. Sizi başqa insanlar da axtarır.

Tanat üzünü pəzəvənglərə tutaraq dedi:

- Bunu qonaq otağına aparın, yemək də verin yesin. Bu bizə sağ lazımdır.

Mənim qolumdan tutub otağa apardılar. Yemək və bir stəkan şirə qoydular qabağıma, qapını da bağlayıb, getdilər. Burdan çıxmağı düzü heç fikirləşmirdim. Yəqin etmişdim ki, hər tərəf mühafizə olunur. Maraqlısı bu idi ki, otaqda bir dənə də olsun pəncərə yox idi. Yeməyi yalandan qaşıqlayıb, ağzımı marçıldada-marçıldada çarpayıya uzandım. Özümü sakitləşdirməyə çalışırdım. Cihazın Frayburqdan Marselə gəlməyi ən azı iki gün çəkərdi. Demək ki, iki gün rahat oturub fikirləşə bilərdim.

Ehh... bu iki gün ərzində nələr keçmədi fikrimdən. Qardaşım, valideynlərim, o lənətə gəlmiş Kayros... Kaş ki, gedib görərdilər ki, cihaz xarab olub. Əl çəkərdilər məndən. Məni yalnız bu xilas edə bilərdi, amma bütün bunların sirlərini bildiyim üçün çətin ki, məni elə-belə buraxardılar. Ölümünü əvvəlcədən bilən xərçəng xəstəsi kimi idim. Uzana-uzana gözümün qabağından üzərində təcrübə keçirdiym o insanlar gəldi. Onlar bizə bir növ möhtac idilər. Çarəsiz gəlirdilər yanımıza ki, təki bir neçə anlıq reallıqdan uzaq olsunlar. Artıq içki də onlara kömək etmirdi demək.

Ancaq indi başa düşürəm ki, onlar, elə mən özüm də məğlub olanda sevinməyi bacarmamışıq. Bəli, bəli, sevinmək lazımdır bəzən məğlubiyyətə, təslimiyyətə. Çünki həyat qorxduğun, ən çox qoruduğun yerdən vurur. Təslim olanda isə daha təzyiq etmir sənə Tanrı. Burada möcüzəli bir şey yoxdur, beyin kainatdan ayrı deyil.


Əlillər ölkəsi

Frayburq doğrudan da universitet şəhərciyidir. Çox gözəl və təmiz havası var, adam gəzdikcə gəzmək istəyir. Kayrosu artıq bir neçə ay idi ki, işə salmışdıq. Amma hələ özümü yoxlamamışdım. Təsəvvür edirsiniz, hərdən yadıma salıb dəhşətə gəlirəm. Necə özümü saxlamışdım, məəttələm. Qərara aldım ki, professor Smitlə birgə bu gün özümü sınayacam. Amma əvvəl Stefani ilə kinoya getmək üçün axşama bilet almalı idim. Bu gün Beynəlxalq heyvanların qorunma günü idi. Belə xüsusi günlərdən zəhləm gedir. Valentin günü, Müstəqillik günü... Hamısı göstəri üçündür elə bil. Mənim kefimdən asılı idi bayramım. Yaxşı kefim olan günləri hamı ilə xoş davranırdım. Bu da mənim üçün bayram idi. Bu nə adətdir, bayram günü yaxınlara hədiyyə almaq? Heç vaxt anlamamışam. Hətta o qədər millətin canına hopub ki, normal günlərdə Stefaniyə gül alanda mənə gicbəsər kimi baxırdı. Soruşurdu ki, nə günüdür belə? Ona görə heç görüşmək halında deyildim .Ancaq nə edək ki, bu qadınlara məntiqli heç nə izah etmək olmur. Onlar üçün hər günün əvvəlcədən yazılmış planı var.

Saat günorta iki olardı, yaxınlaşdım bilet satılan kassaya. Kassada oturan qadın heç bu yerlərin adamına oxşamırdı, sifətindən zəhrimar yağırdı. Müştərilərlə çox kobud danışırdı. Fikirləşdim ki, bu gün hər adam bir heyvanı qorumaq üçün götürür, Avropada adət belədir. Bəlkə elə mən də bu kassiri götürüm saxlamağa. Bunu fikirləşirdim ki, kassada oturan qadın mənə birtəhər baxdı. Sonra anladım ki, sən demə fikirləşdiyimi səslə demişəm. Qadın eynəyini barmağı ilə qaldırıb ağzını açdı, nə açdı... Özümü sıradan kənara atıb götürüldüm ordan. Bu insanlarda heç yumor hissi qalmayıb. Öz hirsini başqasının üstünə tökməkdən daha ədəbsiz şey olar? Elə yaxşı edib demişdim onu. Eybi yox, kinoya getmərik, başqa bir şey fikirləşərəm.

Tələsik universitetə tərəf yollandım. Səhər evdən çıxanda öz-özümə demişdim ki, kefimi korlamayacam. Çünki hansı fikirlərlə Kayrosa daxil olsaydın, çox güman orada baş verən hadisələr o ab-havada cərəyan edəcək idi. Amma nə etmək olar, bu gün orada özümü sınayacağımda qərarlı idim. Dua edirdim ki,təki kassir gəlib orada məni tapmasın.

Təcrübə keçirdiyimiz otağa girəndə gördüm ki, professor Kayrosdan qayıdan insanlarla söhbət edir. Onlardan biri Vyetnamdan qayıtdığını deyirdi. Deyirdi ki, hələ də orada müharibə davam edir. ABŞ ordularını ora göndərib, o yazıqlardan nə istəyir, heç özü də bilmir. Biri deyirdi ki, Hitleri mələk paltarında görmüşəm, amma bığları yerində idi. Onun bu sözünə qəhqəhə çəkib xeyli gülmüşdük. Amma bəlkə də yetim düz deyirdi. Henri Miller demişkən, əgər Hitleri terrorist kimi qəbul ediriksə, onda uşaqların beynini yuyan, televizorda zorla informasiyanı xalqa dürtənlərə nə ad qoyaq ?
Bəziləri hətta dünyasını dəyişən yaxınları ilə də ünsiyyət qura bilirdilər. Lakin sonradan depressiyaya düşürdülər.

Elə həmin gün mən də Kayrosa daxil oldum. Doğru deyirəm, mənim gördüyüm fantastik və çox qorxulu, lakin eyni zamanda füsunkar idi. Heç vaxt buna görə peşman olmadım.

Özümü Antarktidada yerləşən Erebus dağının ətrafında gördüm bir anda. Bəli, əsrarəngiz bir mənzərə idi. Bu dağ barədə oxumuşdum .Son yüz ildə səkkiz dəfə püskürmüşdü bu möhtəşəm vulkan. Yenə səkkiz, bezdim bu rəqəmdən.
Vulkan həqiqətən çox vahiməli idi. Təsəvvür edin, içindən püskürən lava , amma yuxarı hissədə mənfi dərəcələrdə soyuq. Bir sözlə valeh olmuşdum buralara. Dağın bir az ətəyinə doğru gedəndə isə uzaqdan insanları gördüm. Yaxınlaşanda gördüm ki, qarşıma bir qrup kor insan çıxır. Heyf, bu cür gözəlliyi görə bilmirdilər. Kayrosun vaxtı ilə yarım saat gəzəndən sonra isə qarşıma növbə ilə karlar, ayaqları, əlləri olmayanlar çıxırdı .Burada salamat adam çətin tapardın. Hərdənbir real həyatda olmadığımın fərqində olurdum. Hərdən isə o qədər dəhşət bürüyürdü ki məni inanırdım olduğum yerin reallığına. Ayaqlarının hər ikisi olmayan birisi sürünərək nəhayət mənə yaxınlaşıb soruşdu:

- Sən buralara hardan gəlmisən?

- Uzaqlardan, Frayburqdan. Almaniyanı tanıyırsız?

- Yox. Orada hamısı belə qüsurludur?

- Nə qüsur? Zarafat edirsən?

- Yox zarafat eləmir - bunu deyən qıraqda kürkə bürünmüş birisi idi.

Ayaqları olmayan:

- O dəlidir. Fikir vermə ona. Səni isə Allah yəqin imtahan edir. Bu artıq bədən üzvləri nəyə lazımdır? Çətin deyil sənə? Dözümlü ol, Allah özü bilən məsləhətdir - deyib əlləri ilə güc verərək məndən uzaqlaşdı.

Üzümü həmin o dəliyə çevirib soruşdum:

- Bunlara nolub belə?

- Bilmirəm. Burada doğulanların hamısının qüsuru var. Mən bura təsadüfən qəza nəticəsində düşmüşəm. Burada hamı mənə havalanmış, dəli kimi baxır. Sənə də elə deyəcəklər. Bilirsən necədir? Öyrəşməkdən asılıdır. Biz də dünyaya başqa cür gəlsə idik, onlar kimi düşünərdik. Uçan adam doğulsa, təəccüblənməzsən?
Başa düşdüm ki, bu oğlan hardasa düz deyir. Əlimi cibimə salıb ordan uzaqlaşdım. Amma o həqiqətən dəliyə oxşayırdı. Burada qalmaqdan kim dəli olmaz ki? Erebus həmişəlik zülmətin tanrısı, Xaosun oğlu idi. Yox e, nə xaos, bura lap dəlixana idi. Bir neçə dəqiqədən sonra Kayrosdan çıxa bildim. Prosfessora bunları danışanda ağzı açıq qalmışdı. O boyda professorun ee...


Stefani və böyük günah

Artıq cihazın yerini dediyimdən bəri bir gün keçmişdi. Axşama yaxın otağımın qapısı açıldı. Tanat və iki pəzəvəng otağa daxil oldular. Əllərində paketə keçirilmiş yekə bir həngamə var idi. Ola bilməz, bu iki Kayrosdur. Onu görəndə gözümün yaşını saxlaya bilmədim. Bilmirdim onun üçün darıxırdım, yoxsa axırıma az qalırdı deyə ağlayırdım. Tanat ayağını yerə döyəcləyərək dedi:

- Həəə, əziz dostum, təntənəli an çatdı. O şifrəni de, işə salaq maşını.

Bilmirdim məni bundan sonra nə gözləyir, gözümü yumub qışqırmağa başladım:

- Yox, etməyin, mister Tanat .Axı bu sizin nəyinizə lazımdır ?

- Qışqırmayın.

- Nə olar, söz verin ki, heç olmasa məni buraxacaqsız .

- Narahat olmayın, söz verirəm. Burada qorxası bir şey yoxdur.

- Şifrə səkkizdir.

- Nə şifrə? Özünüzə gəlin, Mister Lemur.

- Dedim şifrəni, əl çəkin məndən. Məni rahat buraxın.

- Sakit olun, buna sakitləşdirici iynə vurun, Mrs. Katarzina.

- Nə? Nə iynə? Siz məni zəhərləmək istəyirsiz ?

- Bəsdir artıq, sayıqlamayın. İynəni vurun, sonra məni çağırın.

Bunu deyib həkim otaqdan çıxdı. Mrs.Katarzina - polşalı həkim iynəni vurdu. Bir neçə saatdan sonra xəstə özünə gəldi. İndi artıq baş həkimi çağırmaq olardı. Amma Lemur sakitcə, yanaqlarında qurumuş göz damcıları Katarzinaya müraciət edərək deyir:

- Nə olub axı? Kimsə mənə izah edəcək, ya yox ? O əzazili çağırmayın. Danışın görək nə istəyirsiz, mehriban xanım.

- Doktor, neçə dəfədir təkrarlayır axı. Sizin hərdən ağır tutmalarınız olur. bu da onlardan biridir. Qorxmayın sizə pislik etmək istəmirik.

- Danışın, xanım. İndi özümə gəlmişəm. Nə olub mənə?

- Siz axı qışqırıb özünüzdən çıxırsız. Baş həkim deyib, sizə əsəbləşmək olmaz.

- Söz verirəm, sakit sizə qulaq asacam. Xahiş edirəm, danışın.

Mrs. Katarzina qapını bərk bağlayıb danışığa başlayır :

- Bunu demək ağırdır, amma sizdə nadir bir xəstəlik var. Sizin beyninizdə belə demək doğrudursa, şəxsiyyət parçalanması var. Yəni neyronlar beyində ayrı-ayrı mərkəzlər yaradırlar. Bunu demək artıqdır, çünki özünüz də neçə illər Frayburqda dərs demisiniz. Amma necə olursa, siz reallıqda olan personajlara don geyindirib onlara qeyri-real əhvalatlar qoşursunuz. Siz hal-hazırda Marseldə yerləşən həbsxanada dustaqsınız. Sizi bura gətirən dustaq nəzarətçiləri bəzən sizin uydurduqlarınız obrazların məcbur roluna girirlər ki, halınız pis olanda sizi bu xəstəxanaya gətirə bilsinlər. Yoxsa başqa cür sizinlə bacarmaq olmur.

- Dustaq?

-Sözümü kəsməyin, xahiş edirəm. Vaxtımız azdır. Bunları sizə tez danışmalıyam.

- Necə düşmüşəm mən həbsxanaya ?

- Bayaqdan bizə danışdığınız Stefani real olan sevgilinizdir və siz onu dəlicəsinə sevirsiniz, iki pəzəvəng sizi oğurlayarkən qıraqdan sizə baxan oğlan da sizin oğlunuzdur. Valideynləriniz barədə danışdıqlarınız yeganə doğru olan məlumatdır. Siz bardan Stefani ilə çıxarkən ona sataşan qırmızı köynəkli oğlanla savaşmamısınız, siz onu tikə-tikə doğrayaraq öldürmüsünüz.

- Nə? Siz nə danışırsız?

- Bəli, siz bu həqiqətləri bilməlisiniz, bəlkə reallığa qayıtdınız. Mister Moral əslində Stefaninin atasıdır. Qənnadıxananın sahibi...Qaz turbasının yuxarısında yaşayan qoca qadın sizin uşaqlıqdakı müəlliminiz olub. O səfeh polyak qonşunuz sizinlə eyni həbsxanada olan dustaqdır. Professor Smit isə doğrudan da sizinlə eyni universitetdə dərs deyib. Kassir qadın çox güman sizin şəxsi həkiminizdir. İki pəzəvəng sizə zülm edən dustaq nəzarətçiləridir. Tanat isə, bu doktordur. Sizi sorğu-suala tutduğu üçün zəhləniz gedir ondan. Siz heç zaman bomj olmamısınız, cənab. Cihaz haqqında dedikləriniz isə başdan-ayağa cəfəngiyyat idi. Çox zaman beş dəqiqəlik görüşdüyünüz Katarzina isə məlumdur ki mənəm, mister Lemur.

- Bəs səkkiz rəqəmi?

- Sizi həbsxanada halınız pisləşən zaman dərhal hospitala göndərirlər. O yol Marselin dar küçələrindən keçib mehmanxanaya deyil, məhz bu hospitala gəlir. O iki pəzəvəng sizi bura gətirən dustaq nəzarətçiləridir. Səkkiz isə yatdığınız palatanın nömrəsidir.

Doktor deyir ki, səkkiz rəqəmi beyninizdəki mərkəzlərin sayı və ya evlilik müddəti də ola bilər.

- Necə ola bilər ki mən o oğlanı elə vəhşicəsinə öldürüm?

- Siz cinayətkar deyilsiz, məncə. Çox mülayim adamsınız. Ekspertiza göstərdi ki, siz həmin gecə çox içmişdiniz və adekvat deyildiniz. Bəlkə dustaq çox qalmazdız, amma bu xəstəlik... Stefanini o qədər çox sevirdiniz ki, hesab edirəm ki, biz danışdığınız bu şəxsiyyət parçalanmaları əslində onun xasiyyətləri idi. Sizi neçə dəfə yuxuda onun adını qışqırıb oyandığınız yerdə görmüşəm.

Qardaşınız və oğlunuz sizdən çox narahatdır. Stefani isə tez-tez görüşünüzə gəlir. Bu ki yadınızda olmalıdır.

Prosedurlardan sonra özümə gəlməyə başlayırdım, artıq yaxşılaşmışdım. Həkim də deyirdi ki, yaxşılığa doğru gedirsən. Nə etmək olar axı, doğrudan xəyalən danışdığımın, parçalandığımın fərqində olmurdum o vaxtlar. Uzağı beş- on il həbsxanada qalıb çıxacaqdım. Görüş təyin olunan günləri Stefani, oğlum və qardaşımla görüşüb günlərimi keçirirdim. Hiss edirdim ki, lap az qalıb...

Azadlığa çıxanda isə hər şeyi unutmuşdum.Özümü gümrah, yeni doğulmuş uşaq kimi hiss edirdim. İşdən evə qayıdarkən, parkda ayaq saxladım və skamyalardan birində oturub hündür çinar ağacına tamaşa etməyə başladım. Görəsən bu çinarın neçə yaşı var? Nələr görüb bu çinar? Elə bunu fikirləşirdim ki, kimsə məni arxadan səslədi. Ola bilməz, bu ki iki pəzəvəng idi. Yəqin məndən məlumat almaq üçün yenə yanıma gəliblər. Qolumdan tutub məni harasa aparmağa başladılar.

- Buraxın məni, sizə hər şeyi dedim axı. Görüm Tanatı səhərə sağ çıxmasın!