«ABŞ-dan öncə qadınlara seçki hüququ vermiş Azərbaycan...»

ABŞ və Azərbaycan əsgərləri (Arxiv foto)

.
«Azərbaycan və Birləşmiş Ştatlar dünyanın ən çətin problemləri ilə mübarizədə tərəfdaşdırlar. Onlar beynəlxalq terrorçuluqla mübarizə aparır, Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər». Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov oktyabrın 21-də Washington Times qəzetində dərc olunmuş «Azərbaycan demokratiyanın nəhəng daşlarını üst-üstə yığır» məqaləsində yazır.
«SİYASİ SÜRPRİZ OLMADI»
O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan, eləcə də bir müsəlman ölkəsi olaraq İsraillə yaxşı dostluq əlaqələrindən bəhs edir. Bu tərəfdaşlığın 9 oktyabr prezident seçkisində Azərbaycan vətəndaşlarının səs verdiyi konsepsiyanın bir hissəsi adlandırır.
«Seçkidə siyasi sürpriz olmadı, hazırkı prezident İlham Əliyev yekdil qələbə qazandı. Cənab Əliyevin qələbəsini ekspertlərin böyük əksəriyyəti, eləcə də saysız seçkiöncəsi sorğular proqnozlaşdırırdı», Elin Süleymanov belə yazır. O, müxalifətdəki çaşqınlıq nəticəsində İlham Əliyevin rəqiblərinin şanslarının daha da azaldığını iddia edir. Səfir 5.1 milyonluq seçicisi olan bir ölkədə səsvermənin prosesinin heç vaxt bitkin bir proses olmadığını, pozuntuların, problemlərin qaçılmaz olduğunu da vurğulayır. Ancaq Avropa Birliyi, Avropa Şurası və ATƏT-dən olan əksər müşahidəçilərin seçkini irəliyə addım adlandırdığını bildirir:
Biz bu gün ABŞ-Azərbaycan tərəfdaşlığını gücləndirməli, yeni stereotiplər yaratmaqla deyil, mövcud olanları qırmaqla xəbərə çevrilməliyik
«Bunun tam ziddinə olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan olan missiya xeyli mənfi hesabat yaydı, təəssüf ki, ABŞ Dövlət Departamenti də onu dəstəklədi. Maraqlıdır ki, cənab Əliyevə yüksək və aydın səsinin vermiş Azərbaycan vətəndaşları bu ziddiyyətli dəyərləndirməni bölüşmür».
STEREOTİPLƏRİ QIRMAQ
«Demokratiya pluralizm, müxtəliflik, tolerantlıq, gender bərabərliyi və iqtisadi imkanlardan ibarət fundamental tikinti daşlarından təşkil olunub. 1918-ci ildə əsasən müsəlman əhalisi ilə ilk demokratik respublika qurmuş, Birləşmiş Ştatlardan öncə qadınlara bərabər səsvermə hüququ vermiş Azərbaycan xalqı bu fundamental hissələri qurub... Biz bu gün ABŞ-Azərbaycan tərəfdaşlığını gücləndirməli, yeni stereotiplər yaratmaqla deyil, mövcud olanları qırmaqla xəbərə çevrilməliyik».
ATƏT/DTİHB-dən olan Beynəlxalq Müşahidə Missiyası 9 oktyabr prezident seçkisində çoxsaylı pozuntuların olduğunu, seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirib. Əksər beynəlxalq qurumlar, eləcə də ABŞ Dövlət Departamenti bu hesabatı dəstəklədiyini bildirib.
Oktyabrın 20-də isə Bakıdakı ABŞ səfiri Richard Morningstar bəyanat yayaraq İlham Əliyev və Azərbaycan hökuməti ilə sız əməkdaşlıq etməyi səbirsizliklə gözlədiklərini deyib.