Deputat «Mənim də yerimə səs ver!» deyərsə...

Deputat səs verir

-
Oktyabrın 29-da sosial şəbəkələrdə bəzi deputatların iclasa qatılmayan həmkarlarının əvəzinə səs verdiyini əks etdirən görüntülər yayılıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deputatların bu davranışının yolverilməz olduğunu söyləsə də, dərhal onu da əlavə edir ki, bir-iki hala görə məsələni bu qədər şişirtməyə dəyməz:

Deputatların gizli səsverməsi

DEPUTATLARIN GİZLİ SƏSVERMƏSİ


«Olmağına, əlbəttə, olmaz. Sadəcə, burda insani məsələlər var – deputat nədənsə 5-10 dəqiqə bayıra çıxanda və ya iclasa gecikəndə həmkarından xahiş edir ki, yubansam, məsələyə belə səs verərsən. Kütləvi hal deyil ki, müzakirəyə çıxarasan, bundan bir ajiotaj yaradasan. Deputat da insandır. Onun müzakirə olunan məsələyə münasibəti müsbətdirsə, həmkarına deyə bilər ki, mənim də əvəzimə səs ver».

«BU, MƏKTƏBƏ GƏLMƏYƏN ŞAGİRDƏ «QAİB» YAZILMAMASINA OXŞAYIR»

Hüquqşünas Eldar Qocayev fərqli fikir sərgiləyir. Onun fikrincə, deputatların bu addımı Milli Məclisin qeydiyyat qaydalarının da pozulmasıdır:

«Misal üçün, mən deputat olaraq üzrlü və ya üzrsüz səbəbdən iclasda iştirak etmirəm, amma mənim yerimə səs verilir. Bu, məktəbə gəlməyən şagirdə «qaib» yazılmamasına oxşayır. Təxminən ona oxşar bir biabırçı vəziyyətdir. Daxili nizamnamədə səsvermənin növləri göstərilib – gizli və açıq səsvermədən söhbət gedir. Orda göstərilməyib ki, bir deputat başqasının yerinə səs verə bilər. Bu, qanunvericilik baxımından parlamentarizm fəlsəfəsini sual altında qoyur. Onda parlamentə nə ehtiyac var? Elə bir-iki nəfər təyin olunardı, onlar da səs verər və məsələ də bununla bitərdi...».

Eldar Qocayev

​Eldar Qocayev düşünür ki, belə hadisələrin baş verməsi, əslində, parlamentin ciddiliyinə, şəffaflığına kölgə salır:

«Bu, ölkədəki siyasi rejim və hüquq ab-havası ilə də bağlı məsələdir. Bəziləri deyir ki, daxili nizamnamədə bunu qadağan edən bənd yoxdur və ya buna görə cəza nəzərdə tutulmur. Hüquq qadağan olunmayan məsələyə icazə verir, amma söhbət məhz bu haldan gedə bilməz və o prinsip bu hal üçün işlək deyil».

Hüquqşünas bənzər halların təkrarlanmaması üçün Milli Məclisin daxili nizamnaməsinə yenidən baxılmasını təklif edir.

İNTİZAM KOMİSSİYASININ ÜZVÜ: «MƏN DƏ ƏVƏZİMƏ SƏS VERİLMƏSİNİ İSTƏMİŞƏM»

Milli Məclisin intizam komissiyasının üzvü Məlahət İbrahimqızının sözlərinə görə, deputat qanun layihəsinə bələddirsə və münasibəti bəllidirsə, həmkarından onun əvəzinə səs verməsini xahiş edə bilər.

Komissiya üzvü deyir ki, deputat xarici ölkədə olarsa və ya müzakirəyə çıxarılan məsələdən xəbərsizdirsə, o zaman bu hal yolverilməzdir:

Məlahət İbrahimqızı


«Belə hallar yoxdursa, burda hər hansı problem yoxdur. Dünya praktikasında, inkişaf etmiş demokratik ölkələrdə də bu hala yol verilir. Hətta Avropa Şurasında, NATO Parlament Assambleyasında, Baltikboyu ölkələrdə deputatlar zala gəlmədən, öz otaqlarında səs verirlər. Mənim praktikamda da olub – iclasa çata bilməyəndə, sənədlə tanışlığımı, yazılanlarla razı olduğumu bildirib, əvəzimə səs verilməsini istəmişəm. Amma müzakirəyə çıxarılan sənədlə tanış olmayanda deyirəm ki, mənim əvəzimə səs verməyin».

«YETƏRSAY OLMAYANDA İŞİMİZ GERİ QALIR»

Məlahət İbrahimqızı oktyabrın 29-da baş verən və sosial şəbəkələrdə yayılan olayı müzakirəyə çıxarılan layihələrdə xırda dəyişikliklərin olması ilə izah edir:

«Bir-iki cümlədən ibarət dəyişikliklərdir. Yəqin, oxuyub tanış olublar və həmkarlarından xahiş ediblər ki, onların da yerinə səs versinlər. Xaricdə deputatlarımız çoxdur. Bu səbəbdən yetərsay olmur. Yetərsay olmayanda, işimiz geri qalır».

Fazil Mustafa

İntizam komissiyasının bir başqa üzvü – Fazil Mustafa qaydalara görə deputatın özünün səs verməli olduğunu deyir. Amma o, daxili nizamnamədə «başqası səs verə bilməz»– deyə qadağa qoyulmadığını da vurğulayır:

«Bu, kiminsə iradəsi əleyhinə səsvermə deyil, amma qanuna da uyğun deyil».

«ŞİKAYƏT OLARSA, MƏSƏLƏYƏ BAXILA BİLƏR»

Məsələyə Milli Məclisin intizam komissiyasında baxıla bilərmi? Fazil Mustafanın sözlərinə görə, komissiyaya şikayət daxil olarsa, mümkündür:

«Tutalım, hansısa deputat intizam komissiyasına müraciət edə bilər ki, o, sənədin əleyhinə səs verməli idi, amma kimsə onun adından lehinə səs verib. Bundan başqa, hansısa qurumun və ya elə jurnalistlərin Milli Məclisə müraciətindən sonra da məsələ araşdırıla bilər».

Fazil Mustafanın fikrincə, müzakirələrin nəticəsindən asılı olaraq, həmin deputatlar haqqında tədbir görülə, onlara xəbərdarlıq edilə və ya töhmət verilə bilər.