Baş Prokurorluq SMDT-dəki yoxlama haqda məlumat yayıb

Anar Məmmədli

-
Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.
Mərkəzin rəhbəri Anar Məmmədli AzadlıqRadiosuna məlumatı təsdiqləyib.
O, yoxlamaları həyata keçirdikləri layihələrlə əlaqələndirir:
«Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır. Bizimlə bağlı bu məsələ bir-neçə gün əvvəl başlanıb. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. İstintaq sirri olduğu üçün detallı məlumat verə bilmirik. Hələ ki, gözləyirik».
BAŞ PROKURORLUQ MƏLUMAT YAYIB
Baş Prokurorluğun mətbuat xidməti noyabrın 1-də isə yaydığı rəsmi məlumatda bildirir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müvafiq araşdırmalara başlanılıb. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.