«Yarımçıq əlyazma» Londonda təqdim olunub

-
«Tərcümə prosesində mən Azərbaycan tarixini, mədəniyyətini, dilini daha yaxşı öyrəndim».

Bu sözləri noyabrın 26-da Londondakı «Voterstones» kitab evində Kamal Abdullanın «Yarımçıq əlyazma» romanının ingilis dilinə tərcüməsinin təqdimat mərasimində tərcüməçi Anne Thompson səsləndirib.

Xanım Thompson çox dərin struktura malik əsəri tərcümə etməyin asan olmadığını deyib:

«Bu əsəri tərcümə etdiyim üçün qürur hissi keçirirəm. Təzəlikdə Kamal Abdullanın başqa bir əsərini—«Sehrbazlar dərəsi» romanını da tərcümə etmişəm və güman edirəm ki, britaniyalı və ümumiyyətlə, ingilisdilli oxucu yaxın zamanda bu maraqlı əsərlə də tanış ola biləcək».

Təqdimat mərasimini Avropa Azərbaycan Cəmiyyəti təşkil edib.

Mərasimə London sənət elitası, tənqidçilər, ədəbiyyatçılar, teatrşünaslar qatılıb.
Tədbir zamanı professor Kamal Abdulla və kitabın tərcüməçisi Anne Thompson-un təqdimatları olub.

Kamal Abdulla və Anne Thompson mərasim iştirakçılarının suallarını cavablandırıb.

Yazıçı əsərin tərcüməçisi Anne Thompson-a, kitabın ön söz yazarı amerikalı professor Max Statkiewicz-ə, Avropa Azərbaycan Cəmiyyətinə, mərasimə toplaşan hər kəsə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanova təşəkkür edib.

Kamal Abdulla «Yarımçıq əlyazma»nın xarici dillərə tərcümə prosesinin dayanmadığını, hazırda romanın italyan dilinə tərcümə prosesində olduğunu da bildirib.

ALOFF teatrının aktyorları əsərdən səhnələr ifa edib.

Sonda müəllif «Yarımçıq əlyazma» romanını oxucular üçün imzalayıb.

Ötən həftəsonu «Yarımçıq əlyazma»nın alman dilinə tərcüməsi Avstriyanın Qrats Universitetində təqdim olunmuşdu.